Yaddaşlarda yaşayanlar
Mobil Əhmədov-90
Azərbaycan mədəniyyəti tarixində elə şəxsiyyətlər var ki, həm öz dövrünün, həm də mənsub olduqları xalqın milli sərvətinə, milli mədəniyyət tarixinin bir parçasına çevriliblər. Belə sənətkarlardan biri də məhrum Xalq artisti, cəmiyyətin Mobil kimi tanıdığı Müğbil Əhmədovdur. Sentyabrın 10-da görkəmli sənətkarın anadan olmasının 90 illiyidir.
Müğbil Salman oğlu Əhmədov (Mobil Əhmədov) 1931-ci ildə Gəncədə məşhur zərgər Məşədi Ağamirzənin (ana babası) ailəsində dünyaya gəlib. 1955-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilərək SSRİ Xalq artisti Bülbülün sinfində təhsil alıb.
Sənətkarın təhsil illəri ilə bağlı qızı Nigar Əhmədova xatirələrini bizimlə bölüşür: “Atam orta təhsil illərindən rəssamlığa meyilli olub. Bu da səbəbsiz deyildi. Həmin illərdə Gəncə Dövlət Dram Teatrının rəssamı kimi çalışan Böyükbəy Əliyarbəyli şəhərdə rəssamlıq məktəbi açmışdı. Yeniyetmə və gənclərin çoxunun ən böyük arzusu bu məktəbdə oxumaq idi. Atam iki il burada rəssamlığın sirlərini öyrənməklə yanaşı, Mirzə Ələkbər Sabir adına 5 saylı şəhər tam orta məktəbində təhsilini davam etdirib. 1955-ci ildə orta məktəbi bitirib. Ancaq o, iki sənət seçimi qarşısında qalıb: müğənnilik, yoxsa rəssamlıq? Təbii ki, uşaqlıq arzusu və ürəyinin səsi onu Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinə gətirib. Nədənsə burada da atamın əl işləri “qeyri-adi” hesab olunub. Onun rəsmləri kompozisiya baxımından bitkin, rəng koloriti əlvan və cazibəli, obrazları isə canlı olduğundan komissiyada şübhə doğurub. Buna görə də qərara gəliblər ki, atamı əyani şəkildə yoxlasınlar. Müəllimlərin kiçik sınağından uğurla çıxan atam şübhələri alt-üst etməyi bacarıb. Çəkdiyi natürmort onların çox xoşuna gəlib və komissiya üzvlərinin yekdil qərarı ilə o, birbaşa ikinci kursa qəbul olunub. Elə həmin gün qalması üçün ona yataqxanada yer də veriblər. Çox keçməyib məktəbin ən istedadlı və çalışqan tələbəsi olaraq Repin adına təqaüdə də layiq görülüb”.
50-ci illərin sonlarında Azərbaycanın bir qrup incəsənət xadimi vokal qabiliyyəti olan məktəbliləri seçmək məqsədilə vaxtaşırı ölkənin müxtəlif bölgələrinə ezam ediliblər. Növbəti səfər Gəncəyə olub. “İstedadlar axtarırıq” devizi altında şəhərin özfəaliyyət dərnəklərində olan növbəti seçim-baxış Mahud fabrikinin klubunda təşkil edilib. Bu zaman Müğbil Əhmədovun uşaqlıq dostu olan Xəlilin məsləhəti ilə o özünü bu baxışda sınamaq istəyib. Nigar Əhmədova bu barədə deyir: “Atam bu müsabiqədə “Evləri var xanə-xanə” xalq mahnısını və Tofiq Quliyevin “Neftçilər” mahnısını ifa edib. Onun şaqraq səsini dinləyib məmnun olan Fikrət Əmirov 21 yaşlı atama mütləq Bakıya gedib musiqi təhsili almasını tövsiyə edib”.
M.Əhmədovun konservatoriyaya qəbul olunmasının da maraqlı tarixçəsi var. 1956-cı ildə hərbi qeydiyyata düşmək məqsədilə qış tətili günlərində Gəncəyə qayıtmağa hazırlaşıb. Bakının Dəmiryolu Vağzalında vaxtın çox olmasından istifadə edərək ətrafda bir qədər gəzişmək qərarına gəlib. Konservatoriya binasının yanından keçəndə musiqi sədaları gələn tərəfə boylanıb. Bu haqda atam belə danışırdı: “Mən alnımı pəncərənin soyuq şüşəsinə dirəyib xeyli qulaq asdım. Mahnı bitmişdi, ancaq mən gözlərimi içəridən çəkə bilmirdim. İçəridən mənə işarə etdilər ki, nə istəyirəm. Əlimi qulağımın dibinə qoyub işarə etdim ki, mən də oxumaq istəyirəm. Məni içəri dəvət etdilər. Vokal müəllimi olan Pəri xanım məndən soruşdu ki, nə oxuya bilirsən? Dedim ki, “Evləri var xanə-xanə”. Burada pianonun müşayiəti ilə ən çox sevdiyim həmin mahnını oxudum. Pəri xanım çox sevindi və tələsik yır-yığış edərək “arxamca gəl” dedi. O, məni həmin binanın ikinci mərtəbəsinə çıxarıb iri bir otağa apardı. Bura, bildiyim qədər, rektorun otağı idi. Burada ilk dəfə idi ki, Bülbülü görürdüm. Onun bütün hərəkətlərinə, geyiminə, danışığına heyranlıqla tamaşa edirdim. O, məsələnin nə yerdə olduğunu öyrənəndən sonra üzünü mənə tutub dedi:
– Gəncəli balası, nə oxuya bilirsən?
Mən özüm də bilmədən “Koroğlunun
ariyası”nı, dedim.
Ustad gülümsündü.
– Bala konservatoriyanı bitirənlər “Koroğlunun
ariyası”nı oxuya bilmirlər, sənə ariya oxumaq hələ çox tezdir. Bəlkə bir xalq mahnısı
oxuyasan?
– “Evləri var xanə-xanə”ni oxuyummu?
– Oxu, gülüm, dedi (“gülüm” ifadəsi Bülbülün
müraciət forması
idi).
Mən böyük
həvəs və həyəcanla oxudum, hamı susub durdu və professorun
nə deyəcəyinə
qulaq kəsildi. Əlbəttə, ən çox həyəcan keçirən
mən idim.
Professor üzünü rektor Əşrəf Abbasova tutaraq:
– Onda talant var,
ancaq musiqi təhsili yoxdur. Mütləq
oxumalıdır. Mən
məmnuniyyətlə onu
öz sinfimə qəbul edərəm, – dedi.
Əşrəf müəllim:
– Heyf ki, nə
az, nə
də çox düz altı ay gecikib.
Professor dedi:
– Bu, asan məsələdir. Gəlin, biz onu hazırlıq kursuna götürək, oxusun. Sentyabrda qəbul edək
konservatoriyanın birinci
kursuna. Çünki bunu indi əldən buraxsaq, bir də Allah bilir, neçə ildən sonra gəlib çıxacaq.
Belə də razılığa gəldilər. Həmin gecə qatara
aldığım bilet
cibimdə qaldı.
Rəssamlıq Məktəbi ilə
vidalaşıb səhəri
günü müğənni
Firudin Mehdiyevlə məşğul olmağa
başladım. Yeni
tədris ilində isə dünya şöhrətli müğənnimiz,
görkəmli vokal ustası Bülbülün
sinfində təhsil alan altı
tələbədən biri
də mən oldum”.
Bu illərdə Rauf
Hacıyev “Biz Bakıdanıq”
adlı caz-orkestr yaratmışdı. Kollektivdə Oqtay Ağayev, Natəvan Şeyxova, Elmira
Rəhimova ilə birlikdə artıq Müğbil Əhmədov
da oxuyurdu. Xatırlatmaq
istərdim ki, o illərdə Müğbil
Əhmədov və onun sənət dostları “Biz Bakıdanıq”
orkestri ilə keçmiş ittifaq üzrə yüzə qədər şəhərdə
qastrol səfərlərində
olmuşlar. O, konservatoriyada
oxuduğu zaman Ramiz Mustafayevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Teleradio Komitəsinin orkestrində solo-ifaçı
kimi də çıxışlar edirdi.
Onu da qeyd edək
ki, həmin vaxt bəstəkar Süleyman Ələsgərov
M.Əhmədovu Musiqili
Komediya Teatrına dəvət edir. Çünki Lütfiyar İmanov
Opera və Balet Teatrına keçdiyindən
Musiqili Komediya Teatrında baş rolları oynayacaq vokalçı-tenor yox idi. Bu səbəbdən
də o, konservatoriyanı
bitirməsə də,
teatrda işlə təmin edilmişdi.
M.Əhmədov ömrünün 45 ilini Musiqili Komediya Teatrına həsr edib. Onun bu səhnədə
yaratdığı ilk obraz
bəstəkar Hacı
Xanməmmədovla dramaturq
Məhərrəm Əlizadənin
birgə qələmə
aldıqları “Bir dəqiqə” operettasında
Tuqay surəti olub. Sənətkar bu teatrda
70-dən artıq müxtəlif
səpkili, bitkin obrazda çıxışlar
edib. Onun klassik musiqili
səhnə əsərlərində
yaratdığı obrazlar
xüsusilə gənc
aktyor məktəbinin
yetişməsində mühüm
rol oynayıb. Ü.Hacıbəylinin “Məşədi
İbad” və “Arşın mal alan”ında
Sərvər, Rüstəm
bəy və Əsgər, M.F.Axundzadənin
eyniadlı pyesi əsasında libretto müəllifi
Şəmsi Bədəlbəyli,
bəstəkarları Ramiz
Mustafayev və Vasif Adıgözəlov olan “Hacı Qara”da Heydər bəy, C.Məmmədquluzadənin pyesi əsasında libretto müəllifi
Cənnət Səlimova,
bəstəkarı Oqtay
Kazımov olan “Danabaş kəndinin əhvalatları”nda Məhəmmədhəsən
əmi, həmçinin
H.Seyidbəyli və T.Quliyevin “Qızıl axtaranlar”ında Nadir, M.Şamxalov
və Z.Bağırovun
“Qayınana”sında Ayaz,
M.Əlizadə və
F.Əmirovun “Gözün
aydın”ında Alay, S.Rəhman
və S.Ələsgərovun
“Ulduz”unda Bəxtiyar və s. obrazlar tamaşaçılar tərəfindən
maraqla qarşılanıb.
Onun xarici müəlliflərin
əsərlərində (L.Cubabiriya
və Ş.Miloravanın
“Tiflis nəğməsi”ndə Zurab, V.Dolidzenin “Keto və Kote”də
Kote və s.) ifa etdiyi partiyalar
da öz sənətkarlığı ilə
seçilib.
Yaradıcılıq meyarlarına xüsusi önəm verən M.Əhmədov aktyor və obraz haqqında söhbət düşərkən
deyirdi: “Hamı tərəfindən qəbul
olunan belə bir standart fikir
mövcuddur ki, artist yaratdığı obrazın
bütün xarakterik çalarlarını tamaşaçıya
çatdırmalıdır. Bu, əlbəttə, belədir. Amma mənim fikrimcə,
aktyor istənilən rolu ifa edərkən
yaratdığı obrazdan
daha çox öz şəxsiyyətini,
tutumunu, ruhi aləmini tamaşaçı
üçün aydınlaşdırır.
Və bunun nəticəsində,
tamaşaçı ya
aktyoru sevir, ya da səhnədə
ona uzun illər, sadəcə olaraq, dözür. Üçüncü variant yoxdur”.
Görkəmli bəstəkar, Xalq
artisti Vasif Adıgözəlov M.Əhmədovun
sənətkarlığı haqqında deyib: “Onun Musiqili Komediya
Teatrına gəlişindən
sonra bizim bəstəkarlarımız mürəkkəb
vokal partiyalara malik operettalar yazmaqdan daha çəkinmirdilər. Çünki bilirdilər ki, burada artıq belə çətinliklərlə
bacaran sənətkar
var. Odur ki, musiqi səhnəmizin inkişafının müəyyən
mərhələsini M.Əhmədovun
adı ilə bağlamaq olar”.
M.Əhmədovun səhnə fəaliyyətindən
söz düşərkən,
mübaliğəsiz demək
olar ki, onun yaradıcılığında
musiqili komediya tamaşaları üçün
yazılan librettolarda komik qəhrəman, yəni əsas personaj ancaq mənfi tip olaraq göstərilmirdi. Məhz bu obrazlar səhnədən tamaşaçını
güldürdüyü, əyləndirdiyi
kimi, həm də düşündürürdü.
Sözsüz ki, səhnə
yaradıcılığında onun tipajlarının hər birində səs, vokal xüsusiyyətləri də
nəzərə alınırdı.
Aktyor hər zaman bu kimi xüsusiyyətlərlə
hər bir obrazı tükənməz
yumor hissinə malik xüsusiyyətləri
ilə tamaşaçıya
təqdim etməyə
müvəffəq olurdu.
Buna görə də aktyorun səhnədə yaratdığı
obrazları böyük
və kiçikliyindən
asılı olmayaraq, köməkçi rollar statusunda olmurdu.
Sənətkarın yaradıcılıq xüsusiyyətləri barədə qızı Nigar Əhmədova deyir: “Zamanında teatrın aparıcı aktyoru, yeganə tenor olan bir vokalçıya 47 yaşında Əməkdar artist adı verildi. Xalq artisti adına isə 69 yaşında layiq görüldü. Bunun bir səbəbi onun yaradıcılığına göstərilən laqeydlik idisə, digər səbəbi də özü idi. O, heç zaman heç nə üçün heç kimə ağız açmazdı. İrad tutan zaman isə hər vaxt deyərdi ki, mənim adım Müğbildir. Ərəbcə “müğbil” “xoşbəxt” deməkdir. Bəli, mən xoşbəxtəm. Xoşbəxtəm ki, nəslim-nəcabətim var. Lakin sosial mənşəyimə görə başım çox bəlalar çəkib. Mənimlə həmişə gizli müharibə aparıblar, mənə zərbələr vurublar. Amma əsas odur ki, mən bunların heç birinə fikir verməmişəm”.
M.Əhmədov uzun illər müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərib. Hətta o, sənət dostlarının yüzlərlə şarjını çəkib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Beş manatlıq gəlin” və “Danabaş kəndinin əhvalatı” tamaşalarının səhnə tərtibatı, geyim eskizlərinin müəllifi olub. Xoşbəxt taleli sənətkarın Azərbaycan Radiosunun fondunda 600-dən çox lent yazısı var. O, “Qara daşlar”, “Yeni il gecəsində”, “Aktrisanın təbəssümü”, “Üzeyir ömrü” və “Məkanın melodiyası” filmlərində də maraqlı ifa tərzi ilə yaddaşlarda yaşayır.
Xalq artisti Müğbil Əhmədov 2006-cı il iyun ayının 3-də, 75 yaşında vəfat edib və vəsiyyətinə uyğun olaraq Gəncə şəhərində yerləşən Səbizkar qəbiristanlığında dəfn olunub.
Anar BURCƏLİYEV
teatrşünas-tənqidçi
Mədəniyyət.- 2021.- 8
sentyabr.- S.6.