Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib

 

 

Azərbaycan mədəniyyətinə itki üz verib. Mədəniyyət Nazirliyi Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova sentyabrın 4-də, 57 yaşında dünyasını dəyişib.

 

Nairə Hafiz qızı Sadıxova 1964-cü il iyulun 21-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirib. 1989-2001-ci illərdə Mədəniyyət Nazirliyinin Muzey İşi üzrə Respublika Elmi-Metodiki Mərkəzində redaktor, böyük elmi işçi, aparıcı elmi işçidirektor müavini vəzifələrində işləyib. 2002-ci ildən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində kiçik elmi işçi, böyük elmi işçi, baş mühafiz, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb.

 

Fəaliyyəti dövründə Azərbaycanda muzey işinin inkişafı, xüsusən də Azərbaycanın mədəni sərvətlərinin bərpa və konservasiyası sahəsində xidmətlər göstərib. Sərgi və treninq-seminarların təşkilində, bərpaçı-rəssamların kadr hazırlığında, peşəkar bərpaçı kurslarının təşkilində, habelə son illərdə yeni muzey binalarının tikilməsi, yenidən qurulması ilə əlaqədar həyata keçirilən bir sıra bərpa layihələrində fəal iştirak edib.

 

N.Sadıxova Rusiya, Gürcüstan, Belarus, Ukrayna kimi ölkələrdə, habelə Azərbaycanda təşkil olunan beynəlxalq tədbirlərdə iştirak edib. Tbilisi şəhərində “Konservasiya məsələlərində təlim və təhsil” mövzusunda təşkil olunmuş Cənubi Qafqaz regionu muzeyləri üçün seminarda və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunmuşUnudulmaqda olan tikmələrin dirçəlməsi və bərpası” üzrə ustad dərslərində fəal iştirakına görə sertifikatla təltif olunub.

 

2017-ci ildə ölkə başçısının müvafiq sərəncamı ilə Azərbaycanda muzey eksponatlarının qorunması, bərpası və konservasiyasında səmərəli fəaliyyətinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

 

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin kollektivi N.Sadıxovanın vəfatı ilə əlaqədar ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir. N.Sadıxovanın əziz xatirəsi uzun illər çalışdığı kollektivin üzvlərinin, onu tanıyanların qəlbində yaşayacaq.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2021.- 8 sentyabr.- S.6.