İki il
sonra bir ilk – Bakıda beynəlxalq
festival
Bakı Caz Festivalına
Hollandiya, Macarıstan,
Türkiyə, Rusiya, İsrail, Almaniya, Lüksemburq və Gürcüstandan musiqiçilər
qatılacaq
2020-ci ilin əvvəlində
başlanan və hələ də davam edən COVİD-19 pandemiyasının məhdudiyyətləri
səbəbindən ölkəmizdə
beynəlxalq miqyaslı
mədəni tədbir
keçirilməyib. Sonuncu dəfə Azərbaycan paytaxtının ev
sahibliyi ilə belə tədbir 2019-cu ilin payızında təşkil edilən Bakı Caz Festivalı
olmuşdu... Bu ilin avqustunda Qəbələ Musiqi Festivalı bərpa edilsə də, yalnız yerli sənətçilərin iştirakı
ilə məhdudlaşmışdı.
Nəhayət, mədəniyyət və incəsənət adına son iki
ildə bir ilk – 10-18 sentyabr tarixində Mədəniyyət Nazirliyinin
dəstəyi ilə
XVI Beynəlxalq Bakı
Caz Festivalı keçiriləcək.
İkiillik fasilədən sonra keçirilən builki Bakı Caz Festivalı
Azərbaycanın qəhrəman
şəhidlərinin əziz
xatirəsinə, eləcə
də çətin zamanların ağırlığı
altında əyilməyən
caz musiqisinin ruhuna həsr olunur.
Bu il Bakı Caz Festivalının həmçinin mövcud epidemioloji vəziyyət nəzərə alınaraq karantin qaydalarına uyğun şəkildə keçirilməsi ilə fərqlənəcək. Bütün çətinliklərə baxmayaraq, Bakı Caz Festivalı beynəlxalq səviyyədə qalır və dünyanın hər yerindən ən yaxşı musiqiçiləri öz ətrafına toplayaraq yüksək standartlara uyğun təşkil olunacaq.
Festivalın konsertləri “Beer Hall and Music Club” və “Art Tower Gallery”də,
18 sentyabrda qala-konsert isə “Shahdag Night Club”da keçiriləcək.
Bu il festivala
Hollandiya, Macarıstan,
Türkiyə, Rusiya, İsrail, Almaniya, Lüksemburq və Gürcüstandan qruplar qatılacaq. Festivalda xarici həmkarları ilə birlikdə azərbaycanlı cazmenlər
– Əməkdar artistlər
Rain Sultanov, İsfar Sarabski, musiqiçilər
Elbəy Məmmədzadə,
Elvin Bəşirov, Diana Hacıyeva,
Əfqan Rəsul, Nicat Aslanov və
başqaları çıxış
edəcəklər.
Bakı Caz Festivalı ənənəvi olaraq uzun illərdir keçirilən və artıq istedadlı musiqiçilər nəslini
yetişdirən caz ifaçıları yarışmasına
xüsusi diqqət yetirir. Builki festival çərçivəsində
də gənc istedadlar üçün müsabiqə təşkil
olunacaq.
Sentyabrın 10-da festival çərçivəsində
azərbaycanlı rəssamlar
Hüseyn Haqverdiyev, Bəhram Xəlilov, Rüstəm Hüseynov, Arif Quluzadə “İmprovised by İndustry”
layihəsini təqdim
edəcəklər. Sentyabrın 17-də isə dizayner Leyla Əhmədovanın moda nümayişi – caz mövzusunda tamamilə yeni bir kolleksiyası təqdim olunacaq.
11 və 12 sentyabr
tarixlərində “İncəsənət
qülləsi” (“Art Tower”) qalereyasında
caz-kino proqramı – keçən əsrin əfsanəvi filmlərinin
nümayişi olacaq.
Bu il də
Bakı Caz Festivalının ayrılmaz
hissəsi olaraq ustad dərsləri və cem-seyşnlər
(jam-session) təşkil ediləcək.
Qeyd edək
ki, Bakı Caz Festivalı axırıncı dəfə
2019-cu ilin 18–27 oktyabr tarixində “Daha çox caz, daha çox intellekt” şüarı altında keçirilmişdi.
Mədəniyyət.- 2021.- 10
sentyabr.- S.1.