Peşəkarlıq nümunəsi
Mübariz sənət meydanında fədakarlar, ustadlar qalib olur, milyonların qəlbinə yol tapır, yaddaşlarda yaşayırlar. Respublikanın Xalq artisti, Azərbaycan teatrının və kinosunun inkişafında mühüm xidmətləri olan Siyavuş Aslan (1935–2013) da ömrünü sənətə bağlayan, yaradıcılığı, cəfakeşliyi fonunda seçdiyi məsləyini yüksək səviyyədə tamaşaçıya sevdirən sənətkarlarımızdandır. Anadan olmasının 86-cı ildönümündə sənətkarın xatirəsini kino fəaliyyəti fonunda yad edəcəyik.
Komik, faciə və dramatik rolların mahir ifaçısı olan Siyavuş Aslanın sənətə vurğunluğu hələ 12 yaşında getdiyi dram dərnəyində görkəmli aktyor Ağadadaş Qurbanovdan sənət dərsi aldığı illərdən başlayıb. Yaradıcılıq prinsiplərini əsasən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında reallaşdıran ustad sənətkar kinorejissorların da diqqətini cəlb edib. “Azərbaycanfilm”in istehsal etdiyi 30-a yaxın bədii filmdə, “Mozalan” süjetlərində müxtəlif xarakterli maraqlı obrazlar yaradıb.
Aktyor kinoda ilk dəfə “Romeo mənim qonşumdur” (1963) musiqili kinokomediyasında Səməd obrazını yaradır. Film kinokamera qarşısında sərbəst yaradıcılıq nümayiş etdirmə bacarığını təsdiqləyən aktyorun taleyinə uğur qatır. Həmin ildə ekranlara çıxan “Əhməd haradadır?” kinokomediyasında çəkilən (Ramiz) gənc aktyor kiçikplanlı rolun baməzə, tənbəl, bəzi məqamlarda isə mərd, xoşagələn xüsusiyyətlərini səciyyəvi planlarla xarakterizə edir. O, dəqiq və improvizə xüsusiyyətli plastika, replika və dialoqlar sayəsində rolun daxili mənini açır, komik situasiyaların məna və məzmununu aydın, rəvan, vəziyyət komediyasına uyğun şəkildə şərh edir. Beləliklə, böyük istedada malik aktyorun fərqli yanaşma və təqdimatı peşəkar kino heyətinin, tamaşaçıların diqqətindən yayınmır, Siyavuş Aslan imzası kino titrlərinin sevinclə oxunan peşəkarlıq nümunəsi kimi qəbul edilir.
Siyavuş Aslanın “Ulduz” kinokomediyasında yaratdığı Şubay obrazı isə bilavasitə filmin ideya-məzmununun açılmasına, hadisələrin məzmununun cilalanmasına xidmət edir. Həmin illərdə Musiqili Komediya Teatrında anşlaqla qarşılanan eyniadlı tamaşanın ekran variantına uğur qatan aktyorun tərəf-müqabili, Əməkdar artist Suğra Bağırzadə yaxın keçmişi sevgi hissi ilə xatırlayır: “Mən valideynlərimlə teatra çox gedirdim. Siyavuş Aslanı da Musiqili Komediya Teatrının səhnəsində görmüşdüm. Onunla ilk dəfə “Ulduz” filminin sınaq çəkilişində təmasda oldum. Bu mənim üçün böyük xoşbəxtlik idi. Sevinirdim ki, belə məşhur aktyorla birgə çəkiləcəyəm. Həmin vaxtlar mən 9-cu sinifdə oxuyurdum. O, çox gözəl bir tərəf-müqabil idi. Çəkilişlər gedən vaxtı biz Astarada mehmanxanada qalırdıq. Siyavuşun necə böyük nüfuza malik olduğunu Astara camaatının ona olan münasibətindən başa düşdüm. İnsanlar hər gün ona görə çəkilişlərə baxmağa gəlir, onunla görüşüb söhbət edirdilər. Xalq onu çox sevirdi, hörmət edirdi.
Siyavuş çox savadlı aktyor idi. Tərəf-müqabili kimi mənə çox kömək edirdi. Baxmayaraq ki, bu, kinoda ikinci filmim (ondan öncə “Yollar və küçələrlə” filmində məktəbli roluna çəkilmişdim) idi, o mənə kamera qarşısında tərəf-müqabili ilə özümü aparmağı, düzgün danışmağı öyrədirdi. Bir gün əvvəldən məşqləri edirdik, ertəsi günü çəkilirdik. Çəkilişlər gec bitəndə isə gecəni mütləq məşq edir, ertəsi günü çəkilişə hazır gəlirdik. Filmin rejissoru Ağarza Quliyev onunla çox məşq etmirdi. Buna heç gərək də yox idi. Çünki Siyavuş həmin illərdə artıq tanınmış aktyor idi. Mən həmişə onu minnətdarlıq hissi ilə xatırlayıram. Çünki mənə çox gözəl tərəf-müqabil olub.”
Həyat hadisələrini ümumiləşdirmək kinonun, personajları tipikləşdirmək isə onun cəfakeşlərinin vəzifəsidir. Sənətkarın parlaq yaradıcılığında müxtəlif dövrlərin real şəraitini təhlil edən ekran obrazlarından Qurban “Yol əhvalatı”, Hacı Kamyab “Evlənmək istəyirəm”, Əflatun “Cin mikrorayonda”, Hacı Həsənağa “O dünyadan salam”, Fərəcov “Yuxu”, Hacı Qara “Hacı Qara” və digər rolları aktyorun məharətlə canlandırdığı tipik insan surətləridir.
Əməkdar mədəniyyət işçisi, bir çox filmlərin direktoru, ikinci rejissoru işləmiş Nadir Əliyev aktyorun “Bəyin oğurlanması” filmindəki obrazından bəhs edərkən maraqlı məqamları diqqətə çatdırdı: “Kinokomediyadakı film direktoru obrazının prototipi mənəm. Siyavuşun əlində gəzdirdiyi çanta da mənim çantamdır. Çəkiliş vaxtı həmişə çantamı ona verəndə bərk-bərk tapşırırdım ki, Siyavuş, sən Allah, muğayat ol, içində sənədlər var.
Film direktorlarının kinoda əməyi az olmasa da, bu obraz kinoda az oynanılıb, bu peşəyə az diqqət yetirilib. Filmin rejissorlarına minnətdaram ki, bu filmdə operator, işıqçı, qrim ustası və digər obrazlarla yanaşı, film direktoru rolunu da canlandırdılar. Çəkilişləri kənardan izləyirdim. Siyavuş Aslan rolun gizli ştrixlərini olduqca məharətlə yaratdı. Çox adam onu komik aktyor kimi qəbul edir. Ancaq o, ciddi adam idi. Kinostudiyaya gələndə, çəkiliş meydançasında olanda hamı özünü yığışdırırdı, ciddi vəziyyət yaranırdı. Biz heç vaxt fikirləşməmişik ki, komik aktyordur, onunla zarafat etmək olar. Xeyr, heç vaxt belə olmayıb. O, ekranda, tamaşada komik rollar ifa etsə də, kamera qarşısında bütünlüklə dəyişirdi. Bu da onun istedadından, bacarığından xəbər verirdi”.
Bəli, peşəkarlıq nümunəsi olduğu üçün də Siyavuş Aslanı bədii kinoda, “Mozalan” satirik kinosüjetində və televiziya tamaşalarında görəndə ciddi sənətdən söhbət getdiyini anlayır, kadrlara diqqət kəsilir, hadisələrin mahiyyətinin, ciddiliyinin fərqinə varırdıq. Aktyorun bir çox televiziya tamaşasında (“Adı sənin, dadı mənim”, “Sabiqlər”, “Yaşıl eynəkli adam”, “Evləri köndələn yar” və s.) yaratdığı xarakterik obrazlar müəyyən həyat hadisələrinin reallığını, məntiqini şərh edən personajlardır.
Xalq artisti, tanınmış televiziya rejissoru Ramiz Həsənoğlu aktyorla iş birliyini böyük məmnunluq hissi ilə xatırladı: “Şadam ki, Siyavuş Aslanla işləmək xoşbəxtliyi mənə nəsib olub. Onunla bir neçə televiziya tamaşasında bir yerdə çalışdım və necə böyük istedada malik olduğunu gördüm. Aktyor var ki, gərək ona hər şeyi izah edəsən. Amma Siyavuş müəllim elə deyildi. Ona rolun xarakterini deyən kimi fantaziyası başlayırdı çalışmağa. Müxtəlif priyomlara (yaxşı mənada), tapıntılara üz tuturdu. Bu mənada onun tayı-bərabəri yox idi. Həmişə onu böyük məhəbbət və məmnunluq hissi ilə yada salıram. Çünki rejissor üçün belə bir aktyorla işləmək böyük xoşbəxtlikdir”.
Müxtəlif zamanların inikası olan ekran əsərləri içərisində Siyavuş Aslana daha çox komik situasiyaları yaradan və yaxud davranış, düşüncə tərzi baxımından gülüşdoğuran obrazlar həvalə olunub. Bu kimi ekran personajlarının aktyorun ifasında ironik, baməzə replikalarla, maraqlı üslublarla təhlil olunduğunu görürük. Bu isə sənət bilicisinin fərdi intuisiyasının, təfəkkürünün məhsulu kimi hadisələrə, janrın təbiətinə uyğun yanaşmasının, gülməli vəziyyətləri, gülüş doğuracaq cəhətləri dəqiq yanaşma və ştrixlərlə göstərməsinin nəticəsidir. Dramaturgiyadan irəli gələn xarakterlər və “vəziyyətlər komediyası”nın ustasını tamaşaçı bu mənada komik hadisələrin mənbəyi, həmçinin şərhçisi və tənqidçisi kimi qəbul edir, sevir.
Rol müxtəlifliyi fonunda yaradıcılıq imkanını daha geniş səpkidə bəyan etmək imkanı əldə edən aktyor ekran obrazlarının təfsirində mühüm nailiyyətlər qazanır. Onunla iki filmdə tərəf-müqabil olan Əməkdar artist Ötkəm İsgəndərovun dediklərindən: “Siyavuş Aslanla tərəf-müqabil olmaq mənə nəsib olduğu üçün özümü xoşbəxt aktyorlardan hesab edirəm. Uşaqlıqdan onun komik kino rollarını izləmişdim. Amma ağlıma gəlməzdi ki, nə vaxtsa onunla tərəf-müqabil olacağam. “Əzablı yollar” və “Cin mikrorayonda” filmlərində birlikdə çəkildik. Həmişə çəkilişdə onu görəndə böyük fəxarət hissi keçirirdim. O, heç vaxt özünü çəkiliş meydançasında böyük aparmırdı, kimsəyə də yuxarıdan aşağı baxmırdı. Görəndə ki gənc aktyorlardan kimsə sıxılır, deyirdi ki, “darıxma, sıxılma, kinodur də, yaxşı olacaq”. Təmkini ilə, böyüklüyü ilə rahat ortam yaradırdı. Yadıma gəlir, “Əzablı yollar” filmində div rollarını ifa edən Xalq artistləri Eldəniz Zeynalovu, Siyavuş Aslanı və Yaşar Nurini qrimləmək uzun vaxt aparırdı. Qrim rəssamı Volodya Şikini Ukraynadan dəvət etmişdilər. Onlar həmişə gileylənirdilər ki, əsasən qulağı yapışdıranda çox bezirik. Sonra da əlavə edirdilər ki, işimizdir də, neyləmək olar, dözməliyik.
“Cin mikrorayonda”
filminə çəkiləndə də tərəf-müqabil
kimi Siyavuş müəllimdən böyük stimul alırdım. Onun
qapını açmağı, cavab almadan özünü
içəri salmağı, “bəyəm sizdə su gəlir?” deməyi istər-istəməz məndə
bir aktyor, bir tamaşaçı kimi
gülüş doğururdu.
Ancaq tərəf-müqabil kimi mənə çox enerji ötürürdü.
Vadar edirdi ki, onun səviyyəsində
oynayım. İstedadlı və improvizator
aktyor, arayıb-axtaran,
yaradıcı bir adam idi. Filmdə parkda
çəkilən səhnədə
səslənən “88 nömrəli
evlər idarəsində
insanlara səadət paylayanam, hansı ki, onların öz əlindədir.
Nə əkərsən, onu da biçərsən.
Nə tökərsən aşına,
o da çıxar qaşığına” və
başqa sözlər
onun improvizələri
idi. Səmimi təqdimatı ilə
də yaddaqalan obraz yaratdı. Mehriban, qayğıkeş
insan, daim axtarışda olan sənətkar idi...”.
Şəhla ƏMİRLİ
kinoşünas
Mədəniyyət.- 2021.- 10
sentyabr.- S.7.