Parisdəki Azərbaycan Mədəniyyət
Mərkəzində anım konserti
Ermənistanın hərbi təcavüzü
nəticəsində itkin düşmüş,
əsir və girov götürülmüş
soydaşlarımızın xatirəsi anılıb
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş azərbaycanlıların xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib. Tədbiri ölkəmizin Fransadakı səfirliyi, UNESCO yanında daimi nümayəndəliyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyası təşkil edib.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndə, səfir Elman Abdullayev, fransalı deputatlar, yerli ictimaiyyətin, diasporumuzun nümayəndələri iştirak ediblər.
Səfir Rəhman Mustafayev çıxış edərək Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları ilə başladığı hərbi təcavüz haqqında məlumat verib. Bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəlində Ermənistanın hərbi təcavüzü nəticəsində əsir və girov götürülmüş azərbaycanlılardan 1435 nəfər azad edilsə də, 3890 nəfər haqqında indiyədək məlumat yoxdur. Otuz il əvvəl Birinci Qarabağ müharibəsində itkin düşmüş soydaşlarımızın ailə üzvləri və yaxınları həsrət və iztirab içində əzizlərinin taleyi ilə bağlı məlumat gözləyirlər.
Ermənistanın azərbaycanlıları əsir-girov götürməsinə dair təkzibedilməz faktlar olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Ermənistanda, eləcə də erməni işğalı altında olmuş ərazilərimizdə yüzlərlə azərbaycanlıya əsir-girovluqda dözülməz fiziki və mənəvi-psixoloji işgəncələr verilib.
Diplomat Qarabağ müharibəsində itkin düşmüş, girov və əsir götürülmüş azərbaycanlılar haqqında məlumat əldə edilməsi məqsədilə ölkəmizin müvafiq qurumlarının, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq səviyyədə apardığı işlərdən söz açıb. Vurğulayıb ki, regionda təhlükəsizliyin təmin edilməsi, sülhün bərpası əsas prioritetdir. Bu istiqamətdə Fransanın da iştirakı vacibdir.
AMM-də itkin düşmüş, əsir-girov götürülmüş azərbaycanlılarla bağlı sərgi də təşkil edilib. Sərgidə əsir və girovluqda olmuş, sonradan azad olmuş bəzi insanlar haqqında fotolar və yazılar nümayiş olunub.
Tədbir itkin düşmüş və əsir-girov götürülmüş azərbaycanlıların xatirəsinə həsr edilmiş konsertlə davam edib.
Anım konsertində Etibar
Əsədli (piano), Səddam Novruzbəyov
(balaban), həmçinin fransız musiqiçi Alba Obert (violin)
çıxış edib. “Laçın”,
“Qubanın ağ alması”, “Sarı gəlin”,
“Ayrılıq” mahnıları, eləcə də 44 günlük Vətən müharibəsində
şəhidlik zirvəsinə yüksələn Xudayar Yusifzadənin ifası ilə yaddaşlara köçən “Vətən
yaxşıdır” mahnısı səsləndirilib.
Mədəniyyət.- 2021.- 10
sentyabr.- S.3.