“Azərbaycanın məhv edilmiş
mədəni irsi ilə bağlı yeni hesabat
hazırlayacağıq”
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili – ombudsman Səbinə Əliyeva Ermənistan işğalında olarkən minalanmış Azərbaycan əraziləri və bu ərazilərdə məhv edilən tarixi-mədəni abidələrlə bağlı hesabat hazırlamaq üçün İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasını ölkəmizə dəvət edib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Ombudsmanlıq Qurumunun və İƏT Ombudsmanlar Assosiasiyasının rəhbəri Şeref Malkoç, İƏT Ombudsmanlar Assosiasiyasının Pakistandan olan baş katibi Muştaq Əhməd Sukhera və digər heyət üzvləri bu məsələləri hüquqi baxımdan araşdırmaq üçün sentyabrın 14-19-da Azərbaycana səfər edəcəklər.
Bu barədə məlumat verən Şeref Malkoç 2020-ci ilin 21-23 oktyabr tarixində Azərbaycana gəldiyini xatırladaraq, səfərin nəticəsi olaraq hazırlanan hesabatın geniş rezonans doğurduğunu vurğuladı: “Hamımızın bildiyi kimi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, BMT-nin buna qarşı müvafiq qərarlarına rəğmən, otuz ilə yaxın sürdü. Bir milyona yaxın insan yerindən-yurdundan didərgin oldu. Bu ürək ağrıdan və beynəlxalq hüquqa zidd olan bir hərəkət idi. Nəhayət, 2020-ci ildə 44 günlük savaşda Azərbaycan torpaqlarını işğaldan azad etdi. Keçən il savaş davam edərkən Ermənistan dövləti raketlərlə Azərbaycanın Gəncə, Tərtər və digər şəhərlərini vurdu və çox sayda insan öldü, yaralandı, yaşayış yerləri dağıdıldı. Biz də həm Türkiyə Baş Ombudsmanlığı, həm də İƏT Ombudsmanlar Assosiasiyasının rəhbəri olaraq orada insan hüquqları pozuntularını yerində araşdırdıq. Qısa zamanda topladığımız sənədlər, dəlillər əsasında hesabat hazırlayaraq ingilis dilinə tərcümə edib, başda BMT, Beynəlxalq Cinayət Məhkəməsi olmaqla dünyadakı bütün insan haqları qurumlarına göndərdik. İlk hesabatımızın təqdirlə qarşılanması bizim işimizə həm stimul verdi, həm də işimizi intensivləşdirdi. Ümid edirəm ki, hazırlanacaq yeni hesabatın da çox böyük əhəmiyyəti olacaq”.
Şeref Malkoç bildirdi ki, bu dəfə işğal zamanı Ermənistan tərəfindən minalanmış Azərbaycan ərazilərində insanların ölüm faktları, mina xəritələrinin verilməməsi üzündən insanların həyatının təhlükədə olması ilə bağlı araşdırma aparacaqlar: “Minalanmış ərazilərin xəritəsinin verilməməsi cinayətdir. Eyni zamanda işğal zamanı dağıdılmış tarixi abidələrin, tarixi məkanların və tikililərin vəziyyəti obyektiv araşdırılacaq. Bu abidələrin bərpası, tarixə, mədəniyyətə yenidən qaytarılmasının mümkün olub-olmadığı da, təbii ki, öyrəniləcək. İnsanlığın bir parçası olan tarixi abidələrə və ətraf mühitə vurulan ekoloji zərərlərin təzminatının ödənməsi beynəlxalq hüquq çərçivəsində Ermənistandan tələb olunmalıdır. Məqsədimiz insanlığa qarşı edilən haqsızlığı aradan qaldırmaqdır”.
Şeref Malkoç hazırlanacaq ikinci hesabatın Ermənistana da göndəriləcəyini dedi: “İƏT Ombudsmanlar Assosiasiyası olaraq Azərbaycanın minalanmış ərazilərinin xəritəsini hesabat vasitəsilə Ermənistandan istəyəcəyik. Ümid edirik ki, insanlıq naminə bu fəaliyyətimizin faydası olar. Biz heç kimin həyatının təhlükəyə düşməsini arzu etmirik. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi həm də Qafqazda sülhün və sabitliyin bərpası üçün mühüm zəmindir. Qafqazda sülh isə həm regionun, həm də insanlığın sülhə nail olunması deməkdir”.
Qeyd edək ki, səfər çərçivəsində Türkiyənin Baş Ombudsmanın Azərbaycanın dövlət rəsmiləri, aidiyyəti qurumların rəhbərləri ilə görüşləri də nəzərdə tutulub. Səfər heyətində Türkiyə Baş Ombudsmanlığının Qadın və uşaq hüquqları üzrə ombudsmanı Celile Özlem Tunçak da yer alacaq.
Mehparə SULTANOVA
Ankara
Mədəniyyət.- 2021.- 10
sentyabr.- S.3.