Nizami Gəncəvinin 880 illiyi doğma şəhərində təntənə ilə qeyd edilib

 

Sentyabrın 9-da Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev meydanında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.

 

Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki baş konsulu Nikolos İaşvili, Gəncədən millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, AMEA Gəncə Bölməsinin rəhbəri Fuad Əliyev, şəhərin təhsil, gənclər və idman idarələrinin rəhbərləri, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Yubiley tədbirinin iştirakçıları əvvəlcə Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Uşaq incəsənət və Uşaq rəssamlıq məktəblərinin, Gəncə Dövlət Rəsm Qalereyasının, Gəncə Dövlət Kukla Teatrının, eləcə də şəhər misgərlərinin nümayiş etdirdikləri sərgi ilə tanış olublar.

 

Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.

 

Çıxış edənlər Nizami Gəncəvinin zəngin yaradıcılıq irsi barədə danışıblar. Bildirilib ki, Nizami bütün ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Gəncədə yaşayıb, dünya ədəbi-fəlsəfi düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini burada ərsəyə gətirib. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Nizaminin əsərlərinə çəkilən və bu gün ən məşhur kitabxana və muzeyləri bəzəyən miniatürlər Şərqdə incəsənətin inkişafına təkan verib.

 

Rəsmi hissədən sonra Gəncə Dövlət Dram Teatrının təqdimatında “Xəmsə” ədəbi-bədii kompozisiyası nümayiş etdirilib. Kompozisiyanın bədii rəhbəri Əməkdar mədəniyyət işçisi Əli Qasımov, rejissoru Elşad Əhmədovdur. Nizami obrazını Xalq artisti Alim Məmmədov canlandırıb.

 

Gəncə Dövlət Filarmoniyası Xalq çalğı alətləri ansamblının (bədii rəhbər – Əməkdar artist Elçin Elçiyev)  hazırladığı konsert proqramı dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb. Konsertdə Nizaminin sözlərinə yazılmış mahnı və  romanslar, Azərbaycanı, Gəncəni vəsf eləyən mahnılar səsləndirilib. Xalq artisti Sevinc İbrahimova, Əməkdar artistlər Kəmalə Tağızadə, Mehparə Cəfərova, Tural Abdullayev və digər ifaçıların çıxışları şəhər sakinlərinin zövqünü oxşayıb.

 

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə hazırlanan nizamiganjavi.az saytının yaxın günlərdə istifadəyə veriləcəyi də bildirilib. Saytda dahi şairin həyatı, yaradıcılığı, Nizami haqqında tədqiqatlar, maraqlı məlumatlar öz əksini tapacaq.

 

 

Mədəniyyət.- 2021.- 10 sentyabr.- S.1;3.