Azərbaycanda bütün
dini-mədəni abidələr mənşəyinə görə
ayrı-seçkinlik
qoyulmadan qorunur
G20 Konfessiyalararası
Forumunda dünyaya bir daha bəyan
edildi
Sentyabrın 12-dən 14-dək
İtaliyanın Bolonya
şəhərində G20 Sammiti
çərçivəsində Konfessiyalararası Forum (G20 İnterfaith
Forum) keçirilib. Azərbaycan Respublikasının
mədəniyyət naziri
Anar Kərimov Forumda iştirak edib.
2014-cü
ildə ilk dəfə
Avstraliyada keçirilən
Forum hər il
G20 sammitini qəbul edən ölkədə təşkil olunur. Ötən illərdə
“G20 İnterfaith Forum”u
Türkiyə (2015), Çin
(2016), Almaniya (2017), Argentina (2018), Yaponiya (2019) və Səudiyyə Ərəbistanında
(2020) keçirilib. Bu il “Böyük iyirmilik” sammitinə oktyabr ayında İtaliya ev sahibliyi edəcək. “G20 İnterfaith Forum”un
gündəliyi dinlərarası
dialoqdan təhsil, səhiyyə və humanitar yardımadək geniş humanitar spektri əhatə edir. Bolonyada keçirilən Forumda da bir
sıra aktual mövzular diqqətə alınıb.
Mədəniyyət naziri Anar Kərimov
sentyabrın 13-də Forumun
“Təhsil və dini müxtəliflik” mövzusunda sessiyasında
çıxış edib.
Tədbirdə BMT-nin Sivilizasiyalar
Alyansının Ali nümayəndəsi
Migel Angel Moratinos,
İCESCO-nun Baş direktoru
Salim bin Məhəmməd
əl-Malik, İtaliyanın
təhsil naziri Patrizio Bianki, Albaniyanın təhsil, idman və gənclər
naziri Evis Kuşi və digər qonaqlar iştirak edib.
İştirakçıları səmimi salamlayan nazir Anar Kərimov
Forumun həyata keçirdiyi layihələri
yüksək qiymətləndirərək
Azərbaycanın əməkdaşlığa
önəm verdiyini və birgə fəaliyyətin ölkələr
arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə
istiqamətləndiyini bildirib. “Din ümumi
mədəniyyətlərarası dialoq bacarıqlarının
inkişafında əhəmiyyətli
və müsbət rol oynayır. Dini liderlər münaqişələrin
qarşısının alınmasında
və dialoqun təşviqində əsas
rol oynama potensialına malikdirlər.
Onlar xüsusən gənclər
arasında bu dialoqu gücləndirmək
və təşviq etmək üçün dərin təsir gücünə malikdirlər”,
– deyə nazir çıxışında qeyd
edib.
Anar Kərimov
bildirib ki, əsrlərdir Azərbaycanda
müxtəlif xalqların
və dinlərin nümayəndələri mehriban,
sülh və harmoniya şəraitində
yaşayırlar. Məhz buna görə
də Azərbaycan çoxmillətli, çoxkonfessiyalı
və sivilizasiyaların
qovuşduğu ölkə
kimi tanınır.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
2008-ci ildə mədəniyyətlərarası
dialoqa dair “Bakı Prosesi” təşəbbüsü irəli
sürülüb, 2010-cu ildə
BMT Baş Assambleyasında
ölkəmizin Dünya
Mədəniyyətlərarası Dialoq Forumu keçirmək
niyyəti bəyan edilib və Bakı şəhəri
2011-ci ildən Dünya
Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edir.
Təsadüfi deyil ki, BMT Baş katibinin 2017, 2018 və 2019-cu illərdə
Baş Assambleyaya təqdim etdiyi məruzələrdə “Bakı
Prosesi”nin əhəmiyyəti xüsusi
vurğulanıb və
Dünya Mədəniyyətlərarası
Dialoq Forumu mədəniyyətlər və
dinlər arasında dialoq sahəsində BMT-nin əsas qlobal
platformalarından elan
olunub.
Nazir qeyd edib ki, Azərbaycan
çoxəsrlik multikulturalizm
ənənələrinə, eləcə də UNESCO konvensiyalarının irəli
sürdüyü dəyərlərə
sadiq qalaraq təkcə Azərbaycanda
deyil, dünyanın müxtəlif yerlərində
mədəni irsin qorunub saxlanılmasına yönəlmiş bir sıra layihələr həyata keçirir. Heydər Əliyev
Fondu Azərbaycanda bir çox abidəni bərpa etməklə yanaşı,
xarici ölkələrdə
də bu istiqamətdə mühüm
layihələr reallaşdırır.
Fond tərəfindən Parisdə
Luvr Muzeyi, Vatikanda Müqəddəs
Marçellino və
Petro kilsəsi, Bolqarıstanda
Prapezitsa qəsri və qalası, Strasburqda Notrdam kilsəsi və s. abidələrdə bərpa
işləri aparılıb.
“Mədəniyyət
və təhsil vasitəsilə istədiyimiz gələcəyi
təmin edəcəyimizə inanıram”
Mədəniyyətin sülhə dəstək verdiyi kimi, sülhün də mədəniyyətin inkişafı üçün əsas şərt olduğunu vurğulayan nazir müharibələrin və vandalizmin mədəniyyəti hədəf seçdiyini, bütün dünyada bunun qarşısını birdəfəlik almaq məqsədilə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət üçün sülh” (#Peace4Culture) qlobal çağırışının və bu çağırış çərçivəsində “Sülh üçün yarat” (#Create4Peace) kampaniyasının elan edildiyini diqqətə çatdırıb.
Anar Kərimov çıxışında vurğulayıb ki, Azərbaycan otuz ilə yaxın Ermənistanın işğalı altında qalmış ərazilərini 2020-ci ildə azad edib və bu ərazilərdə işğal dövründə dağıdılmış bütün dini-mədəni abidələrin dini mənşəyinə görə heç bir ayrı-seçkilik qoyulmadan Azərbaycan dövləti tərəfindən bərpasına başlanılıb. Baxmayaraq ki, ölkəmiz bu illər ərzində hərbi təcavüzə, ərazilərinin işğalına, etnik təmizləməyə məruz qalıb, Azərbaycan bu gün də sülhpərvər siyasət yeridərək bu istiqamətdə təşəbbüsləri, sülh çağırışlarını irəli sürür.
Nazir çıxışının sonunda mədəni müxtəlifliyin təşviqinin, insanlar, cəmiyyətlər və xalqlar arasında dialoq və anlaşmanın müasir dünyamızın gələcəyi üçün əhəmiyyətini bir daha qeyd edib. “Mən dünyada əmin-amanlıq üçün təhsil və mədəniyyət vasitəsilə bu mesajın gələcək nəsillərə çatdırılmasında uğur qazanacağımıza və bununla da istədiyimiz gələcəyi təmin edəcəyimizə inanıram”, – deyən Anar Kərimov Forumun işinə uğurlar arzulayıb.
Sessiyada çıxış edən BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos sülh anlayışının və sülh naminə fəaliyyətlərinin daha sıx şəkildə önə sürülməsinin vacibliyini qeyd edib. O, Azərbaycanın “Mədəniyyət naminə sülh” qlobal təşəbbüsünün zamanında irəli sürülmüş strateji layihə olduğunu qeyd edib.
Mədəniyyət.- 2021.- 15
sentyabr.- S.1;2.