Bakıda caz havası
davam edir
Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən
XVI Beynəlxalq Bakı
Caz Festivalı davam edir. Sentyabrın 10-da başlanan festivala müxtəlif ölkələrdən
ifaçı və qruplar qatılıb.
Konsertlər “Beer Hall and Music Club”da keçirilir.
Festivalın ilk günündə tanınmış cazmenlər
– Əməkdar artistlər
Rain Sultanov, Şahin Növrəsli, İsfar Sarabski, eləcə də Nicat Aslanov
və triosu, türkiyəli caz ifaçısı Sinem İslamoğlu sevilən kompozisiyalarını təqdim
ediblər.
Festivalın ikinci günündə Əməkdar artist, saksofon
ifaçısı Rain Sultanov
ölkəmizin dilbər
guşələrinə ithaf
elədiyi “Azərbaycanın
yeddi səsi” adlı əsərini təqdim edib. Əməkdar artist Şahin Növrəslinin müşayiəti kompozisiyalara
xüsusi rəng qatıb.
Konsertin ikinci hissəsində səhnə türkiyəli
sənətçilərin ixtiyarında olub. Sinem İslamoğlu
musiqiçi Fatih Çağlayanın rəhbərlik
etdiyi “Fetiblue band” qrupu ilə soul, blüz və digər janrlarda mahnıları təqdim edib.
Festivalın üçüncü günü gənc musiqiçi, Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin
məzunu, caz festivallarının iştirakçısı
Nicat Aslanov triosu ilə dinləyicilərə unudulmaz
caz saatı yaşadıb.
Pianoçu, bəstəkar, 2009-cu ildə
Montrö Caz Festivalının qalibi, Əməkdar artist İsfar
Sarabski də ecazkar ifası ilə dinləyicilərini
növbəti dəfə
heyran edib. İkihissəli konsertdə o öz bəstələri ilə
yanaşı populyar caz musiqi nömrələrini
də səsləndirib.
Sentyabrın 14-də növbəti konsert proqramına yerli və əcnəbi musiqiçilər qatılıb. “Beer Hall and
Music Club”da Azərbaycandan
Diana Hacıyeva və
Əfqan Rəsul, Almaniyadan “Kristof Lauer trio”su çıxış
edib.
XVI Bakı Caz Festivalı çərçivəsində
təşkil edilən
“İ am Jazzman” müsabiqəsinin qalibləri də elan edilib. Hər festivalda
ənənəvi olaraq
təşkil edilən
bu müsabiqə yeni adlara, gənc
istedadlara yol açır, onlara öz bacarıqlarını
nümayiş etdirməyə
şərait yaradır.
İki mərhələdən ibarət
seçmə turdan keçən gənc cazmenlər öz bacarıqlarını nümayiş
etdiriblər.
Birinci yerə Rüstəm Sadıqlı (vokal), ikinci yerə Məhəmməd Allahverdiyev
(piano), üçüncü yerə Əsmər Nəcəfova (vokal) və Albina Pyakşeva (vokal) layiq görülüblər.
Müsabiqənin xüsusi mükafatı
isə 11 yaşlı
pianoçu Fərid Zeynalova təqdim olunub.
Qeyd edək
ki, XVI Bakı Caz Festivalı sentyabrın 18-dək davam
edəcək.
Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 15
sentyabr.- S.1;2.