Zəfər salnaməsinin
yazıldığı tarix
Qəhrəman və məğrur Azərbaycan əsgəri! Nə vaxt ki, Vətən göylərində qara buludlar sıxlaşdı dərhal ayağa qalxdınız. Otuz il öncə cənnət Qarabağda qara yellər əsdi. Məkrli düşmən havadarlarının dəstəyi ilə iç üzünü bir daha göstərdi. Köməksiz, düzənsiz və hərbi təchizatsızlıq üzündən bir addım geri çəkildiniz... Şəhər və kəndlərimiz od tutub yandı. Tarixi memarlıq abidələrimiz: məscid və minarələr, müqəddəs ziyarətgahlar dağıdıldı. İtki və yaralarımız çox dərin oldu. Bir milyondan çox insan yurd-yuvasından didərgin düşdü. Ədalətsiz və müdhiş müharibədən, talandan ürəklər parçalandı, göz yaşları leysan oldu.
“Qisas qurd ilə qiyamətə qalmaz”, deyib babalar. Biz də buna inandıq! İnanırdıq ki, gec-tez qalib olacağıq. İnanırdıq ki, o gün
uzaqda deyil, gələcək. Düşmən öz kinində, nifrətində boğulacaq.
Qarabağ azad olacaq və qarabağlılar öz doğma yurduna, toylu-düyünlü
günlərinə qovuşacaq.
Möhtəşəm tarixi günlərə şahidlik etdik. 2020-ci ilin 27 sentyabrında efir-ekrandan eşitdiklərimiz
xalq olaraq sükutumuzu pozdu. Nisgilli Qarabağımız
uğrunda müharibə
başlanmışdı! Azərbaycan Ordusu
hücuma keçib.
Düşmən geri çəkilir... Sevincdən
gözlərdə yaş,
damarlarda qan çağladı...
Haqq savaşımızın
yeddinci günü, 4 oktyabrda qüdrətli Ordumuz Cəbrayılı düşməndən azad
elədi. 16 oktyabrda
isə Füzuli rayonu işğaldan qurtuldu. Efirdən hər gün eşidilən yeni bir xəbər gözlərdə sevinc yaşlarına çevrilirdi:
Azərbaycan Ordusu irəliləyir, Qubadlı
və Zəngilan rayonu uğrunda döyüşlər gedir.
Kəlbəcər rayonu
Azərbaycan əsgərlərinin
nəzarətinə keçdi...
Azərbaycan əsgəri qəhrəmanlıq
nümunəsi göstərdi.
Düşmənin 30 il ərzində qurub möhkəmləndirdiyi
keçilməz deyilən
istehkamları bir anda vurub dağıtdı.
Artıq
müzəffər Ordumuz
qeyri-adi döyüş
əzmi, müharibə
strategiyası ilə müasir hərb tarixinə yeni səhifələr yazdı.
Efirdə hər gün erməni işğalçılarının
biabırçı məğlubiyyəti
haqda məlumat verilirdi. Bildirilirdi ki, Cəbrayıl
rayonu ərazisində
gedən döyüşlərdə
erməni zabitlər öz əsgərlərinə
“Döyüşməyin mənası
yoxdur. Onsuz da bacarmayacağıq.
Geri çəkilmək lazımdır” deyirdi.
Başqa bir məlumatda deyilirdi: “Hadrut qəsəbəsi uğrunda 30 nəfərlik
xüsusi təyinatlı
dəstəmiz 1500 erməni
muzdlusunu pərən-pərən
salıb. Azərbaycan əsgəri yaralı
döyüş yoldaşını
çiynində daşıdığı
halda, erməni əsgərlər hətta
qocaları qoyub qaçıblar”. Bu xəbər
isə qəlbimizi daha da qürurlandırır:
“Azərbaycanın 400 nəfərlik
cəsur döyüşçüsü
Şuşada möhkəmlənmiş
üç min erməni
elit hərbi hissəsini qaçmağa
məcbur edib”.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan
Ordusu haqqında “məğlubedilməzlik” mifi
uydurulan Ermənistan silahlı birləşmələrinin
44 gündə axırına
çıxdı. Noyabrın 8-də musiqi, sənət beşiyi Şuşamızın
yağıdan azad edilməsi əməliyyatı
isə həm qürurverici idi, həm də dünyanı heyrətə
salmışdı. Prezident,
Ali Baş Komandan İlham Əliyev həmin gün xalqımızın illərdir
intizarla gözlədiyi
müjdəni elan edirdi: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü bəyan
etdi. Ordumuzun peşəkarlığını,
hərbçilərimizin cəsarətini
və qəhrəmanlığını
göstərdi. Şuşanın götürülməsi çox
böyük peşəkarlıq,
cəsarət tələb
edən əməliyyat
idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı
bizim qəhrəman hərbçilərimiz dağlardan,
meşələrdən və
cığırlardan keçərək
yüngül silahlarla
silahlanmış şəkildə
azad ediblər. Şuşanın işğaldan azad
edilməsi bizim şanlı Qələbəmizdir”.
Bəli,
Şuşa əməliyyatının Zəfərlə
taclanması ilə işğalçının kürəyi
yerə gəlmişdi.
Məhz Ordumuzun yenilməz gücü 10 noyabr 2020-ci ildə işğalçı
Ermənistanı kapitulyasiya
aktını imzalamağa
məcbur etdi. Ermənistan və onun havadarları
Azərbaycan dövlətinin
iradəsi ilə hesablaşmaq məcburiyyətində
qaldı. Beləliklə, qalib Ordumuz 30 ilə yaxın mənfur düşmənin
tapdağı altında
qalan vətən torpaqlarını – Qarabağı
azadlığına qovuşdurdu,
Azərbaycanın ərazi
bütövlüyünü bərpa etmiş oldu.
Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü ordu quruculuğu torpaqlarımızın işğaldan azad olmasında başlıca amil oldu. Bu müharibə eyni zamanda Azərbaycanın uğurlu xarici siyasətini ortaya qoydu. Beynəlxalq ictimaiyyət müharibənin gedişində Prezident İlham Əliyevin siyasi iradəsinə, diplomatik səriştəsinə şahid oldu. Ermənistanın havadarları olan beynəlxalq güclərin təzyiqləri qarşısında cəsarətlə dayandı, bir addım da geri çəkilmədi. Dünyanın aparıcı media orqanlarına davamlı verdiyi müsahibələrdə ölkəmizin bu müharibədə haqlı olduğunu, Azərbaycanın öz ərazi bütövlüyü ilə yanaşı, beynəlxalq hüququ və BMT-nin Ermənistanı işğalçı kimi tanıyan 4 qətnaməsini icra etdiyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Beləliklə, Azərbaycan həm də informasiya müharibəsində nə qədər güclü olduğunu nümayiş etdirdi. Düşmən və ona hər məqamda qahmar çıxanların Azərbaycan ərazilərinin ilhaq planı alt-üst edildi. Haqqımızda dolaşan məğlub xalq sindromu yox oldu.
Uzun illər Azərbaycan xalqı ürəyində vətən həsrəti, yurd nisgili daşıdı. Ancaq inamını bir gün belə itirmədi. Çünki rəhbərinə arxayın idi. Prezident İlham Əliyev çıxışlarında bu fikirləri dönə-dönə vurğulayırdı: “Biz Qarabağa qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır”. Dövlət başçımız ulu öndər Heydər Əliyevə və xalqımıza verdiyi vədinə sadiq qaldığını göstərdi. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq Zəfər qazandı.
Dövlət başçısının imzaladığı sərəncamla Şuşanın işğaldan azad olunduğu 8 noyabr tarixi təqvimimizə Zəfər Günü olaraq yazıldı...
Bu gün cənnət Qarabağımız quruculuq meydanına çevrilib. Qüdrətli dövlətimizin gücü və ölkə rəhbərinin iradəsi, əzmi ilə qısa müddətdə azad olunmuş torpaqlarda həyat öz axarına düşəcək, yurd həsrətli insanlar öz ata yurduna dönəcək...
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2021.- 15
sentyabr.- S.6.