Allahın gözəl əsəri – könlümüzün şəhəri – Şuşa
11 əvvəl, Şuşanın işğal günü ərəfəsində yazmışdım bu yazını. Ağlıma gəlməzdi ki, 11 ildən sonra böyük Zəfər yoluyla Şuşaya – Vaqif Poeziya Günlərinə gedəcəm, səfər yazıma da elə bu yazıyla başlayacam.
“...Yeddiqatın son döngəsini burulub o yerə çatırsan ki, həmin nöqtədə Yer üzü qurtarır. Yeddiqatdan keçə-keçə arınıb-durunub Yer üzünün cənnətinə – Şuşaya çatırsan. Göyün, yerin, rəngin, səsin yeddi qatına... Havanın bolluğundan havan çatışmır, təbiətin gözəlliyi ağlını başından alır, sevincdən, fərəhdən, heyrətdən uçursan, çox hündürdən yox, göy o qədər yaxındır ki, əlini uzatsan buluddan bir əlçim qopararsan. Amma bu yerdə göyə əl uzatmaq günahdı...
...Əlinə fırça götürüb gözünün yaddaşına köçürdüklərini itib-batmasın deyə kətana köçürmək, ya da ürək döyüntülərini ipə-sapa düzüb bəstələmək istəyirsən, bunlar da olmasa, dünyanın bu axar-baxarlı yerində bir ağız ürəkdən, qarabağlı kimi oxumaq istəyirsən...
...Yeddiqatdan yuxarı hər nə varsa gözəldi, hər nə varsa möcüzədir. Səs kimi, söz kimi, Xarıbülbül kimi...
Allah şahiddir ki, biz Yeddiqatdan enmədik, Yeddiqatı itirmədik, əslində, möcüzəmizi itirdik. Möcüzəmizi qaytarmaq üçün mütləq Yeddiqatdan keçməliyik, lap ölümün yeddi qatından olsa belə...
(“Mədəniyyət” qəzeti; 07.05.2010)
***
44 günlük Vətən müharibəsində oğullarımız ölümün yeddi qatından, Ali Baş Komandan siyasətin yeddi qatından keçib işğal olunmuş torpaqlarımızı, oğurlanmış cənnətimizi, Şuşa adlı möcüzəmizi AZAD etdilər.
***
Böyük Qələbəmizdən on ay sonra Zəfər yoluyla Şuşaya gedirik... 17 yaşımda ilk dəfə gördüyüm, gözəlliyinə aşiq olduğum, həsrətini 30 il ürəyimin başında Laçın dərdiylə qoşa daşıdığım Şuşaya...
Şuşaya gedirik... İçimdə hisslər, səslər, rənglər bir-birinə qarışıb. 30 il, düz 30 il bu mübarək günün yolunu gözləmişik...
Şuşaya gedirik... Könlümüzün, ruhumuzun şəhərinə – qibləsinə, Kəbəsinə... Maşın karvanı sevinci yerə-göyə sığmayan söz, sənət adamlarını Şuşaya aparır. Zamanın əqrəbləri Şuşaya yönəlib, hər kəsin qəlbində Şuşa döyünür...
Yolboyu avtobusun pəncərəsindən Vətənimizin gözəlliklərinə baxa-baxa ürəyimlə danışıram, “Qarabağı sevgi qaytardı” – deyirəm. Tezcə də fikrimi redaktə edirəm: Qarabağı eşq qaytardı, Qarabağ eşqi! Allah-Təala bu ilahi eşqin vüsalını 30 il ləngitdi, 30 il həsrət yağışı yağdı, dərd quraqlığı oldu, kədər küləyi əsdi, qəm qarı yağdı, amma bu xalq nə Qarabağ eşqindən, nə Qarabağ sevdasından əl çəkdi. Qarabağı Qarabağın diri, duru ruhu qaytardı. O ruh ki, hər kəsin qəlbinə hakim kəsildi, Qarabağ Azərbaycan, Azərbaycan Qarabağ oldu. Bu ruhu enməyə nə ermənilərin, nə də ikili siyasətlə dünyanın başına corab hörən dövlətlərin gücü yetmədi. Buna kainatın qızıl qanunu – İlahi ədalət deyirlər!
Şuşaya gedirik... Bərəkətli torpaqlarımızdan, abad şəhərlərimizdən, kəndlərimizdən keçib uzun illər işğal altında qalan torpaqlarımıza çatırıq. İnsanlığın üz qarası, erməni vandallarının xaraba qoyduğu, yandırıb talan etdiyi, Yer üzündən silməyə çalışdığı yurd yerlərimizdə işğalçıların qara ruhlarının qara izləri hələ də qaralır...
Uçuq-sökük evlərin içində boy verən, bu könlüsınıq evləri sahibsiz qoymayan, yurdun yaddaşını kökləriylə ruhuna, yarpaqlarına daşıyan ağacların başına dolanmaq istəyirəm.
Şuşaya gedirik... Aranın qızılı rəngini yaşıllıqlar əvəz edir. Şüşə kimi Zəfər yolu dağlara qalxır, yalçın qayalar, şiş dağlar, yaşıl yaylaqlar azadlığın sevincindən işıq saçır.
Get-gedə ruhum qanadlanır, pərvazlanır, havalanır. Ağlım kəsəndən elə bilmişəm ki, insanın kodu doğulduğu torpağa hesablanır. Torpağından ayrı düşən ilahi kodunu, əslində, taleyini itirir. O üzdəndir ki, bu dağlar, bu daşlar, bu yamaclar mənə belə doğma gəlir. Axı bu dağların o üzündə Laçın adlı Vətənim var...
Şuşaya gedirik... Uzaqdan Cıdır düzünün quşqonmaz sıldırımları ağarır. Ürəyimin başı göynəyir. Dünyada ən ağır, ən çətin yol Zəfər yoludur. 44 günlük Vətən müharibəsində Zəfər yolumuz sıldırımların, uçurumların ucundan keçdi.
Zəfər yolu həm də dünyanın ən gözəl yoludur. Bu yolun o başında əbədiyyət var.
Nəfəs-nəfəs Şuşaya yaxınlaşırıq.
Şuşadayıq, arzularımızın, dualarımızın şəhərində. Əlimi Şuşa torpağına toxundururam, bu toxunuş Allahın ətəyinə toxunmaq kimidir, müqəddəs...
Uca yaradana könlümüz səcdə, dilimiz şükür edir. Şuşaya şükranlıq yağışı yağır. Əminəm, O, bizi eşidir...
***
30 ilin ayrılığı, həsrəti əriyir, zaman dayandığı yerdən yoluna davam edir. Şuşaya qovuşan adamların üz-gözündən işıq yağır. Bu işıq seli Şuşanın ruhuyla birləşib şəhərin üstündə dolaşır.
Yazar dostlarımla şəhərin nağılvarı küçələrini dolaşırıq. Yaralanmış abidələrə, tikililərə salam verir, göz qırpmadan Şuşanı gözümüzün, ürəyimizin telefonumuzun yaddaşına köçürürük.
Vaxtilə bu şəhərin Gəncə, İrəvan, Ağoğlan adlı üç qapısı olduğunu xatırlayıram. Bu qürurlu şəhərin dördüncü qapısı Zəfər qapısı olacaq.
Şuşanın tarixini sevirəm. Gələn il 270 illiyini qeyd edəcəyimiz şəhərin 17 məhəlləsi, 17 məscidi, 17 məhəllə bulağı, karvansaraları, türbə və mədrəsələri, qədim Qala divarları, onlarla tarixi abidəsi zamanın sınağından çıxaraq bu məğrur və gözəl şəhərin sorağını hər yana yayıb.
Bu taclı şəhər zamanın gərdişindən, fələyin çərxindən, düşmənlərin fitnəsindən alnıaçıq, üzüağ çıxıb.
Qədim Qala divarlarına tamaşa edə-edə Şuşanın yaddaşında iz salan bir hadisəni xatırlayıram.
1795-ci ilin yayında Ağa Məhəmməd Şah Qacar 85 minlik qoşunuyla Şuşa qalasını 33 gün mühasirədə saxlayır və şirazlı Seyid Məhəmməd Ürfinin qəsidəsindən seçdiyi beyti İbrahimxəlil xana göndərir. Əsli fars dilində olan həmin beytin tərcüməsi belədir:
Fələyin mancanağından fitnə daşı yağır,
Sən axmaqcasına Şişə içərisinə sığınmısan.
İbrahimxəlil xan bu beyti alan kimi vəziri Molla Pənah Vaqif şaha cavab yazır:
Əgər məni qoruyan, mənim bildiyimdirsə,
O, şişəni daşın qoltuğunda mühafizə edər.
Şuşaya – Allahın gözəl əsərinə tamaşa edə-edə “Şuşanı qoruyan qoruyacaq” – deyirəm.
Bu qədim şəhəri tarixən yaşadan, qiymətli edən həm də onun dühaları olub.
Şuşa Ağabəyim ağanın, Xurşudbanu Natəvanın, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin, Firidun bəy Köçərlinin və adlarını qeyd etmədiyimiz yüzlərlə söz adamlarının, alim, rəssam, təzkirəçi Mir Möhsün Nəvvabın, xanəndələrdən Xarrat Qulunun, Hacı Hüsünün, Sadıqcanın, Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Seyid Şuşinskinin, Bülbülün, Zülfü Adıgözəlovun, Xan Şuşinskinin, bəstəkarlardan Üzeyir bəy Hacıbəylinin, Fikrət Əmirovun, Niyazinin və onlarla nadir insanların göz açdığı, boya-başa çatdığı, pərvazlandığı torpaqdır.
Axşamın alatoranlığında “Xan qızı bulağı”ndan su içirik. Su həyat qaynağıdır, Su aydınlıqıdr, Su qovuşuqdur. Suqovuşan azad olanda inanmışdım torpaqlarımızın azad olunacağına. Şəhidlərimizin, Qarabağ həsrətiylə dünyasını dəyişənlərimizin ehsanı olsun – deyib bu tarixi bulaqdan su içirik.
Yolumuzun üstündə qarşımıza Xurşudbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün büstləri çıxır. Bir vaxtlar Milli İncəsənət Muzeyinin həyətində gördüyüm, kədərləndiyim “Güllələnmiş heykəllər və gələcək yaddaş” adlı yazı yazdığım vaxtları xatırlayıram. Şuşanın inciləri indi öz torpaqlarında necə vüqarlı, necə qürurlu, necə xoşbəxtdir. Bu müqəddəs missiyanı yerinə yetirənlərə ürəyimdə min alqış deyirəm.
Günəşin son şəfəqləri Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin yeganə qızı, tək incisi Xurşudbanu Natəvanın sarayını işıqlandırır. Dağıdılmış, talan olunmuş bu saraydan Qarabağ xanlığının əzəmətli keçmişi boylanır. O şanlı keçmişi silməyə kimsənin gücü yetməz.
Alatoranlıqda Şuşanın aşağı məhəlləsinə – Şuşa türməsinəcən gedib işıqları yanan Xankəndimizə tamaşa edirik. Şuşaya gəldiyimiz kimi, bir gün də xan babamızın kəndinə gedəcəyik.
***
Şuşada zaman su kimi axır, bir də xəbər tuturuq ki, Şuşada ulduzlar yanır.
Sabah Azərbaycan musiqisinin beşiyi, Qafqazın konservatoriyası, milli mədəniyyətimizin xəzinəsində yeni gün doğacaq, yeni tarix yazılacaq, sabah Şuşa başdan-başa POEZİYA olacaq...
***
...Şuşa, 30 avqust 2021-ci il. Günəşin zərrələri “Xarıbülbül” hotelinin qarşısındakı al-qırmızı qızılgüllərin ləçəyinə səpilir, gül sehrlənir. Bəlkə də sehrlənən bizik. Şuşadan Zəfərin, qızılgüllərin, şeirin ətri gəlir.
Belə xoş ovqatla poeziya bayramına yollanırıq.
Gözəllik şairi Molla Pənah Vaqifin məqbərəsi önündə 39 illik tarixi olan Vaqif Poeziya Günlərinin təntənəli açılışı olur. Ölkə başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva poeziya bayramında iştirak edirlər.
Ali Baş Komandanın çıxışını tək iştirakçılar yox, tək Şuşa yox, bütün dünya eşidir:
“İşğal dövründə bir çoxlarımız – həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də, o cümlədən, belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır, ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”.
Prezident tarixi çıxışıyla Şuşanın yeni tarixini yazır, Şuşaya alqışlar yağır!
Molla Pənah Vaqifin məqbərəsi önündə uzun illər Şuşa həsrətiylə yaşayan, “Üzeyir ömrü” filmiylə bizə Şuşalı günlər yaşadan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edir:
“Biz buraya
Zəfər yolu ilə gəldik. Bu yolun əvvəli var, amma sonu
yoxdur. Bu yol
uzandıqca uzanacaq.
Bu Zəfər yolu – Azərbaycanın hərbi
gücünün yoludur,
siyasi gücünün
yoludur, iqtisadi gücünün yoludur və möhtəşəm
Azərbaycan mədəniyyətinin,
Azərbaycan ədəbiyyatının
Zəfər yoludur!”.
Zəfər yoluyla Şuşaya
gələn Xalq şairi Nəriman Həsənzadə, Xalq yazıçısı Elçin
ürək sözlərini
dilə gətirir,
AYB-nin katibi, şair-yazıçı İlqar
Fəhminin, gənc şairlərdən Günel
Şamilqızı, Şəhriyar
Del Geraninin şeirləri,
balaca xanəndənin
böyük ürəyinin
səsi poeziya bayramından əziz xatirə kimi yadda qalır...
***
31 avqust, 2021-ci il.
Vaqifin məqbərəsi önündə
poeziya bayramı davam edir.
Xalq şairi Sabir Rüstəmxanlı “Qarabağa
dönüş” poemasından
bir parça oxuyur, şairlərdən
Vaqif Bəhmənli, Arif Buzovnalı, Asim Yadigar, İbrahim
İlyaslı, Nigar Həsənzadə, Xəyal
Rza, Rəsmiyyə Sabir, Əkbər Qoşalı, Fərid Hüseyn şeir deyir, muğamın beşiyində muğam müsabiqəsinin qalibləri
Nisbət Sədrayeva,
Xəyal Hüseynov muğam oxuyur, Xalq artistləri Mehriban Zəki, Pərviz Məmmədrzayev,
Əməkdar artistlər
Gülzar Qurbanova və Elşən Rüstəmovun ifasında
“Nizamidən Vaqifə”
adlı poetik kompozisiya miniatür sənət əsəri kimi yadda qalır.
***
Yolumuz şəninə şeirlər qoşulan, mahnılar bəstələnən, dünyanın axar-baxarlı yerinə – Cıdır düzünədir... Yüz illər boyu ərlərin, ərənlərin cıdıra çıxdıqları, at oynatdıqları bu yer böyük qəhrəmanlıqların şahididir. Müharibənin ən ağır vaxtlarında aslan pəncəli oğullarımız Cıdır düzünün sıldırımlarını birnəfəsə qalxaraq düşmənə qan uddurdular, Şuşanı azad edib hərb tariximizin ən şanlı, ən şərəfli səhifəsini yazdılar. Elə bu düzəngahda qanlarıyla tarixi yazan, torpaqlarımız uğrunda şəhid olan qəhrəman oğullarımızın ruhu qarşısında baş əyirik.
Bu tarixi yerdə “Xallı gürzə” romanında Qarabağ xanlığının böyük bir dövrünü qələmə alan yazıçı Mustafa Çəmənlini, “Ağdamda nəyim qaldı” romanıyla işğaldan əvvəlki Ağdamı “dirildən” yazıçı-dramaturq Əli Əmirlini, Şuşada anadan olub Kirs dağının həsrətiylə yaşayan “Azərbaycan” jurnalının baş redaktoru, tənqidçi, tərcüməçi İntiqam Qasımzadəni və başqa söz, sənət adamlarını görürəm. Mənə elə gəlir ki, bu məkanda neçə-neçə şeirin ilk misrası, neçə-neçə əsərin ilk cümləsi yazılır...
***
Şuşa səfərindən heç vaxt unutmayacağımız xatirələrlə ayrılırıq. Bu tarixi səfəri təşkil edən Heydər Əliyev Fonduna ayrıca təşəkkür edirik.
Bilmirəm, Şuşanın havasındandır, yoxsa suyundandır, yolboyu avtobusda poeziya bayramı davam edir. Xoşbəxtik, qürurluyuq, biz Şuşadan gəlirik!
Təranə VAHİD
Bakı-Şuşa-Bakı
Mədəniyyət.- 2021.- 15
sentyabr.- S.6.