XTQ-nin
“Sarı komutan”ı
Belə çağırılmaqları onların daha çox xoşlarına gəlib, daha səmimi, daha dostyana qəbul ediblər. Xüsusilə “Yaşma” cəngavərlərinin,
Xüsusi Təyinatlı
Qüvvələrdə (XTQ) xidmət edən, demək olar ki, bütün hərbi qulluqçularımızın
özlərinə aid bir
şifrəli adları,
bir də ləqəbləri olurmuş.
Bunu məhz həmin igidlərin sırasında
xidmət edib qazi olan (yalnız
xidməti bitirənlər
özləri və şəhid döyüş
yoldaşları haqqında
danışırlar) bir
neçə qəhrəman
döyüşçümüzdən eşitmişəm. Ona
görə də məhz həm döyüş yoldaşlarının,
həm də özlərinin sevdiyi kimi xitab edək
onlara, bir az da şad olsunlar, bir az da
əbədiyaşarlıqlarının fərqinə varsınlar deyə...
Vətəni bölünməz, azad
edib, bizləri özlərinə əbədi
minnətdar qoyan igidlərimizdən biri,
XTQ-nin zabiti, Vətən müharibəsinin
şəhid kapitanı
Kamil Şirinov haqqında danışarkən
hər kəs eyni təyini işlədir: adı kimi kamil, fövqəladə
şücaətli.
Döyüşə atılanda nərə çəkərək “Haydı,
igidlərim!” deyən
qrup komandiri əsgərlərinin ən
yaxın dostu, həmdərdi, həyatı,
insanları, yaşamağı,
yaşatmağı hamıdan
bəlkə də daha çox sevən Azərbaycan oğlu idi Kamil. “Yaşamağı hamıdan
çox sevən” fikrimin ciddi bir əsası var. Kamil şəhidlik libasını özünə
heç vaxt yaraşdırmayıb. Doğrudur, bu
yolu seçəndə
nə vaxtsa ölümlə, ölümü
dada-dada ölümsüzlüklə rastlaşacağını bilib.
Amma buna rəğmən, həyatdan daha bərk yapışıb,
daha ümidli olub. Hər dəfə gələcək
haqqında upuzun planlar qurub, şipşirin arzular edib. Məsələn,
hələ təzə-təzə
ayaq açan oğlunun futbolçu olacağının, xarici
ölkələrin tanınmış
komandalarında top qovacağının,
milyonların onu göstərərək “məşhur
futbolçu Türkayın
atasıdır” sözlərini
eşidəcəyinin xoş
xəyalını qurub.
İşinin, xidmət etdiyi hərbi birləşmənin
fəaliyyətinin məxfiliyindənmi,
yoxsa özü haqqında başqalarının
nə danışacağı
ilə maraqlandığındanmı
“İstəyirəm bizi
də görsünlər,
tanısınlar, bilsinlər”
deyərmiş. Ara-sıra ailə üzvlərinə,
dostlarına “Sonra, məndən sonra bu şəklimi paylaşın” tapşırığını
verər və üzlərdə yaranan ani kədəri həmən silmək, yox etmək üçün söhbəti
zarafata çevirərmiş.
Hə, kamil insan, cəsur
döyüşçü, Sarı komutan, indi səni bütün Azərbaycan tanıyır, sevir və xatırlayır...
Kamil Əliş
oğlu Şirinov 9 aprel 1991-ci ildə Salyan rayonunun Çuxanlı kəndində
anadan olub. Ata-anasının
böyük övladı,
ilk arzusu olan Kamil 1997-ci ildə Çuxanlı kəndində
şəhid Ziyad Həmidov adına
tam orta məktəbdə
təhsilə başlayır.
Uşaqlıqdan təhsili, sürətli
düşünmək bacarığı
və cəsarəti ilə seçilir.
O, artıq öz yolunu, gələcək taleyini müəyyən etmişdi: zabit olacaqdı. Təbii ki, bu qərarında
hərbçi, Birinci
Qarabağ müharibəsi
iştirakçısı atasının
da rolu az deyildi. 2006-cı ildə 9-cu sinfi bitirib Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunur, ilk arzusunu reallaşdırır.
Təhsilini başa vurub
2009-cu ildə Heydər
Əliyev adına
Ali Hərbi Məktəbə
daxil olur. 2013-cü ildə akademiyada təhsilini uğurla bitirib “N” saylı hərbi hissədə xidməti fəaliyyətinə başlayır.
Xüsusi Təyinatlı
Qüvvələrdə xidmət
etməyi qarşısına
məqsəd qoyan Kamil Şirinov çox keçmir istəyinə nail olur. XTQ-nin sıralarında
böyük qürur və uğurla xidmət edir. Cəsur komandir qüsursuz hərbi xidmətinə görə bir neçə dəfə komandanlıq tərəfindən
təltif olunur.
2016-cı ilin Aprel
döyüşlərində göstərdiyi qəhrəmanlıqlara
görə Silahlı
Qüvvələrin Ali Baş
Komandanı, Prezident İlham Əliyev şəxsən əlini sıxıb və “Hərbi xidmətdə fərqlənməyə görə”
medalını ona təqdim edib.
Qeyd edək
ki, o, bir neçə dəfə Türkiyə və Pakistanda təşkil olunmuş hərbi təlimlərə də qatılıb, sınaqlardan
uğurla keçdiyinə
görə təltif edilib.
Kamil Şirinov
canından çox sevdiyi vətən torpaqlarının bütövlüyü
uğrunda 2020-ci ilin
27 sentyabrında başlanan
İkinci Qarabağ müharibəsində ön
sırada yerini alır. Sentyabrın 29-da Füzulinin Qaraxanbəyli
kəndi istiqamətində
gedən şiddətli
döyüş zamanı
yanındakı yaralı
əsgərinə tez-tez
“Seyidbala, qorxma, möhkəm ol, az qalıb, səni burdan çıxaracağam!” sözünü
verir və “Çətini dişləri
sıxmaqdı, ondan sonrası düzələr”
deyib atış mövqeyinə qayıdan zaman düşmənin snayper gülləsinə tuş gəlir. Bir göz qırpımında
əlini sinəsinə
atır, yaxalığındakı
bayrağımızı qopararaq
döyüş yoldaşına
uzadır. “Bunu Türkaya verərsiz” deyir və gözlərini əbədi yumur.
Bu gün Kamilin qanı olan həmin bayraq Şirinovlar ailəsinin qürur mənbəyinə,
təsəllisinə, son xatirəsinə
çevrilib. 10 ildən
artıq Silahlı Qüvvələrimizdə qüsursuz
xidmət göstərən,
buna görə də dəfələrlə
fəxri fərman, döş nişanları,
medallarla təltif olunan qəhrəmanın ən böyük mükafatı qəlblərdəki
əbədi yeri, Kamil zirvəsidir.
Dövlət başçısının sərəncamları
ilə Kamil Şirinov ölümündən
sonra “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhid kapitan yaxşı döyüşçü olmaqla yanaşı, həm də mükəmməl ailə başçısı, qayğıkeş ata idi. Yolunu, adını yaşadacaq iki oğlu Vətənə əmanət qalıb.
HƏMİDƏ
Mədəniyyət.- 2021.- 15
sentyabr.- S.5.