“Moskva günü”ndə
“Azərbaycan” pavilyonunda
“Çalışdıq ki,
buraya gələn hər kəs Azərbaycan
ab-havasını hiss etsin”
Sentyabrın 11-12-də Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (VDNX) “Azərbaycan” pavilyonunda “Moskva-Bakı: qəlblər qoşa döyünür“ adlı tədbir keçirilib. Tədbir Moskva şəhərinin əsasının qoyulmasının 874-cü ildönümünə həsr olunmuş ənənəvi bayram – “Şəhər günü” çərçivəsində təşkil edilib.
Ənənəvi olaraq hər il sentyabrın ikinci şənbə-bazar günlərində qeyd olunan “Moskva günü” tədbirlərinin ən rəngarəng məkanlarından biri də VDNX-dakı “Azərbaycan” pavilyonu idi. “Moskva-Bakı:qəlbləri birləşdirir” adlı tədbir “Azərbaycan” pavilyonu tərəfindən Rusiya paytaxtının sakinlərinə və qonaqlarına əsl bayram hədiyyəsi olub.
“Azərbaycan” pavilyonunun baş direktoru Səadət Kadırova bu kimi kütləvi bayramların ölkəmizin mədəniyyətinin təbliği baxımından böyük əhəmiyyət daşıdığını söyləyib. “Belə bir gündə Azərbaycan mədəniyyətini, xalqımızın adət-ənənələrini tanıtmaq fürsəti əldən verilə bilməz. Burada milli rəqslərimiz və musiqimiz, təamlar nümayiş olunur. Belə bir tədbir Azərbaycanı Moskva sakinlərinə, qonaqlarına tanıtmaq üçün fürsətdir. Çalışdıq ki, pavilyona gələn hər kəs Azərbaycan ab-havasını hiss etsin”, – deyə o bildirib.
Tədbirin qonaqları sərgi-pavilyonda Azərbaycan məhsulları ilə tanış olmaq, məşhur Azərbaycan çayının dadına baxmaq, milli üslubda tərtib olunmuş foto zonasında yaddaqalan fotolar çəkdirmək imkanı əldə ediblər.
İncəsənət ustalarının ifasında Azərbaycan rəqsləri, xalq çalğı alətlərinin canlı ifası qonaqlarda xoş ovqat yaradıb.
Sərginin kreativ-bədii meydançasında arzu edən hər kəs Moskva və Bakının görməli yerlərinin rəsmlərini rəngləyib, Azərbaycan paytaxtına və ölkəmizin tarixi yerlərinə virtual tur həyata keçiriblər.
Mədəniyyət.- 2021.- 15 sentyabr.- S.8.