“Leyli və Məcnun” Dnepr Beynəlxalq Kitab
Festivalında
IV Dnepr Beynəlxalq Kitab Festivalında (“Dnepr Book Space”) dahi Azərbaycan şairi Nizami Gəncəvinin Ukraynada işıq üzü görmüş “Leyli və Məcnun” kitabının təqdimatı keçirilib. Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dəstəyi ilə nəşr edilib.
Mərkəzin Ukrayna təmsilçisi Marina Qonçaruk təqdimatı açaraq, Ukrayna-Azərbaycan ədəbi əlaqələri, qurumun bu sahənin inkişafına verdiyi töhfələr, Nizami Gəncəvi ədəbi irsinin tərcümələri və Ukrayna alimləri tərəfindən aparılan tədqiqatlardan bəhs edib.
Dnepropetrovsk Vilayəti Azərbaycanlıları Konqresinin nümayəndəsi Nəcəf Əhmədov iki xalq arasında ədəbi-mədəni əlaqələrin inkişafına xidmət edən tədbirin əhəmiyyətindən danışıb.
Ukraynalı məktəblilər “Leyli və Məcnun” əsərindən
parçaları səsləndirib. Festival
çərçivəsində “Leyli və
Məcnun” kitabı ilə yanaşı, Dövlət Tərcümə
Mərkəzinin Ukrayna dilində nəşrləri
– “Müasir Azərbaycan poeziyası
antologiyası”, İmadəddin Nəsiminin “Haqq
yolu mən özüm
oldum...” və digər kitablar
sərgilənib.
Mədəniyyət.- 2021.- 15
sentyabr.- S.7.