15 sentyabr Azərbaycan-Türkiyə
qardaşlığının rəmzidir
Qafqaz İslam Ordusunun Bakını yadelli
qüvvələrdən azad etməsindən
103 il keçir
Bolşevik Rusiyası Birinci Dünya müharibəsindən çıxdıqdan sonra Qafqaz cəbhəsindən geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldilər.
Anarxiyanın hökm sürdüyü Cənubi Qafqazda bu zaman rəsmi və qeyri-rəsmi olaraq üç hakimiyyət – müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdi. Rusiya hərbçiləri silahlarını buna qədər Anadoluda dinc türk-müsəlman əhaliyə qarşı qırğın törətmiş, geri çəkilərkən isə Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində qanlar tökən erməni bandalarına vermişdilər. Türk və müsəlman olduqlarından etibar etmədiyi üçün çarizmin hərbi xidmətə çağırmadığı azərbaycanlıların ordusu yox idi. Bakıda qurulan sovet hakimiyyəti dinc türk-müsəlman əhaliyə zülm edirdi. Qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında Bakı şəhərində törədilən soyqırımı oldu. Cənubi Qafqazın digər yerlərində də davam etdirilən qırğınların qarşısını əvvəlcə Transqafqaz Komissarlığı, sonra isə onun yerində qurulan Transqafqaz Seymi ala bilmədi.
1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi Tiflisdə elan edildi və Xalq Cümhuriyyəti quruldu. Azərbaycan dövlətinin qurulması üçün lazım olan ilkin şərtlər – ərazi və əhali mövcud idi, hökumət də quruldu. Gəncə şəhəri Azərbaycanın müvəqqəti paytaxtı elan edildi. Lakin ölkənin baş şəhəri olan Bakı yadellilərin əlində idi. Azərbaycan dövlətinin şəhəri azad etmək üçün kifayət qədər qüvvəsi olmadığından xarici yardıma ehtiyac duyulurdu. Osmanlı dövləti iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə təəhhüd (öhdəlik) olaraq götürmüşdü. Azərbaycan yardım üçün müraciət etdi. Osmanlının hərbi naziri Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı altında Qafqaz hərəkatı başladı. Cərgələrini yerli əhalidən doldurmaqdan və Bakı şəhəri azad edildikdən sonra problem yaranmamasından ötrü ordu “Qafqaz İslam Ordusu” adlandırıldı. Hərəkatın hüquqi-siyasi təməlini Batum müqaviləsi təşkil edirdi. Bu hərəkatın milli-mənəvi əsasları da var idi. Dünya türklüyünün və islamın mərkəzi olan Osmanlı dövləti Cənubi Qafqazda milli və dini əlamətlərə görə öldürülən türk və müsəlmanlara yardım etməli idi. Türklər və müsəlmanlar Osmanlı dövlətinə nicat gözü olaraq baxırdılar. Osmanlı ilə dil, din, mədəniyyət baxımından bir olan Cənubi Qafqazın türk və müsəlman əhalisi erməni-daşnak və bolşevik dəstələrinin soyqırımına uğramışdılar. Özü nə qədər ağır vəziyyətdə olsa da, onlara yardım etmək Osmanlının borcu idi. Qeyd etmək lazımdır ki, buna qədər çoxlu azərbaycanlı gənc Balkan savaşlarında və Çanaqqala döyüşlərində türk qardaşlarına yardım etmək üçün çarizm orqanlarından xəlvəti olaraq getmişdilər. Bakı hərəkatının hərbi-strateji və iqtisadi səbəbləri də var idi. Dünyanın nəhəng dövlətlərindən biri olan Osmanlının təbii olaraq bu regionda geniş maraqları mövcud idi. Azərbaycan Cənubi Qafqazın açar ölkəsi hesab edilirdi.
Bakıya sahib olan təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzərə nəzarət qazanırdı. Xəzər üzərində nəzarət Şimali Qafqaza nəzarət, Orta Asiyaya, oradan da Hindistana gedən yola çıxmaq, Orta Asiyaya sahib olmaq isə dünyanın ürəyi olan Avrasiyaya yiyələnmək demək idi. Dünyanın ürəyinə gedən yol qızıl körpü olan Azərbaycandan, Bakıdan keçirdi.
Bakı zəngin neft mənbəyi idi. Dünya müharibəsinin
son mərhələsində Yaxın və Orta Şərqdə, Qafqazda iki neft
mənbəyi – Mosul və
Bakı uğrunda müharibə gedirdi.
Müharibə həm də
neft savaşı idi. Osmanlı dövlətinin bu
strateji yola, mövqelərə və neft mənbəyinə yiyələnməsi üçün
milli və mənəvi baxımdan problemi mövcud deyildi. Cənubi Qafqazda yaşayan
təqribən 6 milyon
nəfər əhalinin
3 milyon nəfəri türk və müsəlman idi.
Qafqaz İslam Ordusunun hücumları qarşısında
tab gətirə bilməyən
Bakıdakı sovet hakimiyyəti iyulun 31-də
devrildi. Onun yerində xarici
yardımlarla qurulan və əslində koalisiyalı hökumət
olan Sentrokaspi diktaturası general Leonel Denstervil başda olmaqla ingilis qüvvələrini Bakıya
dəvət etdi.
Bakı uğrunda təkcə amansız döyüşlər
deyil, eyni zamanda, diplomatik-siyasi mübarizə gedirdi.
Hər bir dövlət əlverişli coğrafi-siyasi
mövqeyi və zəngin neft mənbələri olan Azərbaycana yiyələnməyə
çalışırdı.
Qafqaz İslam
Ordusunun Bakıya yürüşünün qarşısını
almaq üçün
hərəkətə keçən
bolşevik Rusiyası
müharibədə Osmanlının
müttəfiqi olan Almaniya ilə avqustun 27-də bir müqavilə imzaladı. Müqaviləyə görə, Almaniya Bakı neftindən alacağı bəlli pay müqabilində Osmanlı
qoşunlarının Kür
çayını keçməməsi
üçün öhdəlik
götürdü. Bu göstərdi ki, Bakı məsələsində
Almaniya Osmanlının
müttəfiqi deyildi.
Lakin oynanılan oyunlar Qafqaz İslam Ordusunun yürüşünü
dayandıra bilmədi.
İqtisadi baxımdan ətraf
ərazilərdən asılı
olan Bakı mühasirəyə alındıqdan
sonra şəhərin
ərzaq təchizatı
kəsildi və ağır vəziyyət
yarandı. Türk topçuları
şəhəri elə
dəqiqliklə atəşə
tuturdular ki, tarixi-memarlıq binaları
dağıdılmadı. İngilislər və Sentrokaspi
diktaturası türk hücumları qarşısında
şəhəri qoyub
qaçdılar. Bakıya gələrkən
ermənilərə arxalanan
L.Denstervil onları qorxaqlıqla təqsirləndirdi.
Bakı şəhəri sentyabrın
15-də azad edildi.
Sentyabrın 17-də isə Azərbaycan
hökuməti müvəqqəti
paytaxt olan Gəncədən Bakıya
köçdü. Azərbaycan dövləti
milli-mənəvi, elm və
mədəniyyət mərkəzinə
qovuşdu. Şəhərin azad edilməsi ilə “başla bədən birləşdi”.
Bakının azad edilməsi əhəmiyyətinə görə
Cümhuriyyətin elan
edilməsindən sonra
ikinci böyük tarixi hadisə oldu. Şəhərin azad edilməsi
Azərbaycan və türk silah qardaşlığının rəmzi
idi. Qardaşların birliyi Bakıya
dair iyrənc planları darmadağın
etdi. Bu hadisə
göstərdi ki, Azərbaycan və Türkiyə birgə hərəkət etdikdə
heç kim
onları dayandıra bilməz. Milli ruhu yüksələn
azərbaycanlılar Azərbaycanın
şimal torpaqları çarizm tərəfindən
işğal edildikdən
sonrakı bütün
dövrdə ilk dəfə
olaraq Bakı küçələrində başlarını
dik tutaraq, özlərinə güvənərək
gəzməyə başladılar.
Qardaşlıq yardımları sonrakı
illərdə də davam etdirildi. İşğal edilib sovetləşdirildikdən
sonra Azərbaycan xalqı türk qardaşlarının istiqlal
savaşına yardımlar
etdi. Sovet dövründə ağır
şərtlər altında
yaşamasına, 30-cu illərin
sonlarından 50-ci illərin
ortalarınadək sovet-türk
münasibətlərində gərginliyin olmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərlərinin məzarlarını
qoruyub saxladı, dağılmağa qoymadı,
ətrafına çiçəklər,
ağaclar əkdi, onları ziyarətgaha çevirdi...
Bu gün 1918-ci il
31 Mart soyqırımı qurbanlarının,
1990-cı il 20 Yanvar, Ermənistanın təcavüzünə
qarşı ölkəmizin
ərazi bütövlüyü
uğrunda aparılan müharibədə həlak
olan şəhidlərimizin
dəfn olunduğu və hər bir azərbaycanlı üçün müqəddəs
olan Şəhidlər
xiyabanında Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə Bakı Türk Şəhidliyi abidəsi də ucalır. Bu, təkcə
ziyarət edilərək
əklil qoyulan bir abidə deyil, qanı torpaqlarımızda bir-birinə
qarışmış Azərbaycan
və Türkiyə xalqlarının qardaşlığının,
əbədi birliyinin rəmzidir. Nəhayət, 44 günlük müharibədə
qardaş Türkiyə
Azərbaycanın haqq
işini birmənalı
olaraq diplomatik-siyasi və mənəvi-psixoloji
baxımdan müdafiə
etdi. Bu il
ilk dəfə olaraq
biz sentyabrın 15-ni Azərbaycan
Silahlı Qüvvələrinin
Ali Baş Komandanı,
Prezident İlham Əliyevin rəhbərliyi
ilə şanlı Ordumuzun ərazilərimizi
Ermənistan işğalından
azad etmiş olduğu şəraitdə
qalib millət və qalib dövlət
kimi qeyd edirik.
Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi münasibətləri yeni səviyyəyə çıxardı. Kökləri dərin olan qardaşlığımız əbədidir. Biz birlikdə güclüyük!
Musa QASIMLI
Milli Məclisin deputatı,
professor
Mədəniyyət.- 2021.- 15
sentyabr.- S.1;5.