“Mədəniyyət naminə sülh” kampaniyasına beynəlxalq dəstək
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov G20 Sammiti çərçivəsində Konfessiyalararası Forumda iştirak etmək üçün İtaliyanın Bolonya şəhərində səfərdə olub.
Sentyabrın 12-də Bolonyada mədəniyyət naziri Anar Kərimov, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin iştirakı ilə Azərbaycanın irəli sürdüyü “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasına həsr olunmuş görüş keçirilib.
Görüşdə əsas mövzu Azərbaycanın yeni təşəbbüsü olan “Mədəniyyət naminə sülh” kampaniyasının beynəlxalq müstəvidə uğurla həyata keçirilməsi, BMT sistemində təbliği, eyni zamanda müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatına daxil olan müxtəlif qurumlar vasitəsilə təşviqinə dair müzakirələr aparılıb. Həmçinin “Bakı Prosesi”, Dünya Mədəniyyətlərarası Dialoq Forumu və bu çərçivədə Azərbaycanla həm BMT-nin Sivilizasiyalar Alyansı, həm də İCESCO ilə birgə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.
Nazir Anar Kərimov “Mədəniyyət naminə sülh” qlobal kampaniyasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək dəstəyin ifadə olunduğunu və bu istiqamətdə Mədəniyyət Nazirliyinə konkret tapşırıqların verildiyini diqqətə çatdırıb. Eyni zamanda bu layihə çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə beşillik fəaliyyət planının hazırlanması, fəaliyyət planında BMT-nin Sivilizasiyalar Alyansı ilə yanaşı, İCESCO-nun da tərəfdaş qismində müxtəlif layihə və proqramlarının əks olunmasının vacibliyi qeyd edilib.
BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Angel Moratinos iyun ayında Azərbaycana səfəri zamanı ona göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Prezident İlham Əliyevlə keçirilən görüşü xatırladaraq, müzakirələr zamanı bu istiqamətdə müxtəlif ideyaların irəli sürüldüyünü diqqətə çatdırıb. Ali nümayəndə bu qlobal kampaniyaya hər cür dəstək verəcəyini, BMT-də bu layihənin təqdimatının keçiriləcəyini, eyni zamanda BMT-nin Sivilizasiyalar Alyansı olaraq layihəyə qlobal tərəfdaşların cəlb edilməsində mühüm rol oynayacaqlarını deyib.
İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik də qlobal layihəyə təşkilat tərəfindən böyük önəm verildiyini vurğulayıb, layihənin təsis olunduğu tədbirdə təqdim edilən videomüraciətində təşkilat olaraq bu dəstəyi ifadə etdiyini xatırladıb. O, İCESCO-nun hazırda bir çox sülhyaratma layihələri ilə bağlı ideyalarının olduğunu bildirərək təməli qoyulan bu layihənin də gələcəkdə kampaniya çərçivəsində inteqrasiyasının vacibliyindən danışıb.
Görüşdə layihəyə yeni tərəfdaşların cəlb edilməsi üçün gələcəkdə qlobal tərəfdaşlıq şəbəkəsinin qurulması, eləcə də bu ilin sonunadək bir sıra vacib addımların atılması qərara alınıb. Xüsusən BMT-də layihənin təqdim edilməsinin, həmçinin dekabr ayında İCESCO-nun Baş Konfransında layihə ilə bağlı təqdimatın keçirilməsinin vacibliyi qeyd olunub.
Mədəniyyət.- 2021.- 15
sentyabr.- S.2.