Xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyi ilə bağlı sərəncam imzalanıb

 

 

2021-ci ilin dekabr ayında Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycanın Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, professor Mikayıl Hüseyn oğlu Abdullayevin anadan olmasının 100 ili tamam olur.

 

Prezident İlham Əliyev sentyabrın 10-da müasir Azərbaycan təsviri sənətinin inkişafında və geniş şöhrət qazanmasında mühüm xidmətlər göstərmiş görkəmli fırça ustasının anadan olmasının 100-cü ildönümünün qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

 

Sərəncamda vurğulanır ki, Mikayıl Abdullayev parlaq ənənələrə malik Azərbaycan rəssamlıq məktəbinin böyük simalarındandır. Onun təsviri sənətin ən müxtəlif sahələrini əhatə edən koloritli yaradıcılığı xalqımızın mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Sənətkar çoxsaylı tematik lövhə, mənzərə və natürmortlarında doğma təbiətin gözəlliklərini, insanların quruculuq əzmini və mənəvi zənginliyi incə rəng çalarları ilə tərənnüm edib, dahi Nizaminin “Xəmsə”sinin motivləri əsasında monumental rəngkarlığın bənzərsiz nümunələrini yaradıb. Azərbaycan ədəbiyyatına dərin məhəbbətlə ərsəyə gətirdiyi silsilə portretlər və klassik ədəbi əsərlərə çəkdiyi parlaq illüstrasiyalar rəssamın Şərq və Qərb incəsənətinin mütərəqqi ənənələrinin qovuşuğunda formalaşdırdığı yeni dəst-xəttin dolğun ifadəsidir. Dünyanın nüfuzlu sərgi salonlarında, muzey və qalereyalarında uğurla nümayiş etdirilən əsərləri Mikayıl Abdullayevi fitri istedad sahibi kimi tanıdıb.

 

Sərəncamda Mədəniyyət Nazirliyinə, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.

 

 

Mədəniyyət.- 2021.- 15 sentyabr.- S.2.