Üzeyir Hacıbəyli XIII Beynəlxalq
Musiqi Festivalı keçiriləcək
18-24 sentyabr tarixində Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Azərbaycan professional musiqisinin və milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunan və 2009-cu ildə əsası qoyulan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı pandemiyanın doğurduğu məcburi fasilədən sonra yenidən ənənəvi formatda – canlı konsert proqramları və tədbirlərlə gerçəkləşəcək. Hər il dahi bəstəkarın doğum günü – sentyabrın 18-də başlanan festival 2020-ci ildə telefestival formatında (öncəki festivalların konsert proqramlarının nümayişi) təqdim olunmuşdu.
2020-ci ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində işğal altındakı torpaqlarımız, o cümlədən Üzeyirin doğma şəhəri Şuşa azad edildi. Tarixi ədalət bərpa edildi və Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olundu.
Bu il Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ilk konserti də sentyabrın 18-də – Üzeyir Musiqi Günündə Şuşada keçiriləcək. Konsert proqramı açıq havada – Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə təqdim olunacaq.
Festival çərçivəsində Bakı, Gəncə və Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş musiqiçilərin də çıxışı nəzərdə tutulub.
Azərbaycan Bəstəkarlar İttifaqından (ABİ) verilən məlumata görə, sentyabrın 22-də festival çərçivəsində Üzeyir Hacıbəyli adına konsert salonunda “Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda elmi konfrans və konsert, sentyabrın 24-də isə görkəmli musiqişünas alim, akademik Zemfira Səfərovanın kitablarının təqdimatı keçiriləcək. Təqdimatda Qədim Musiqi Alətləri Dövlət Ansamblı (bədii rəhbər – Xalq artisti Munis Şərifov) və solistlərin iştirakı ilə konsert proqramı da olacaq.
Eyni zamanda, budəfəki festival çərçivəsində ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqram üzrə gənclərə böyük səhnədə özlərini nümayiş etdirmək imkanı yaradılacaq.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından isə bildirilib ki, festival çərçivəsində iki opera tamaşasının nümayişi nəzərdə tutulur.
Sentyabrın 21-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunacaq. Əsas partiyaları respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və Əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa edəcəklər. Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.
Sentyabrın 24-də isə italyan bəstəkarı Cüzeppe Verdinin “Traviata” operasının tamaşası olacaq. Tamaşada baş rolu – Violetta partiyasını ifa etmək üçün tanınmış polşalı müğənni, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İvona Sobotka dəvət olunub.
Alfred partiyasını Xalq artisti Samir
Cəfərov ifa edəcək.
Mövcud pandemiya
şəraiti ilə əlaqədar tədbirlərə, eləcə
də teatr tamaşalarına giriş Operativ Qərargahın
müəyyən etdiyi qaydalara
uyğun həyata keçiriləcək.
Mədəniyyət.- 2021.- 15
sentyabr.- S.1;2.