Sənətə və sənətkara dəyər
verən alim
Kərim Kərimov-100
Bu il istedadlı sənətşünas alim, AMEA-nın müxbir üzvü, professor Kərim Kərimovun (1921-1996) anadan olmasının 100 illiyi tamam olur. Kərim Kərimov elə alimlərdəndir ki, elmdə ciddi fikir söyləməyə, öz baxışlarını müdafiə etməyə və yaymağa, yaşamaq hüququ olduğunu isbat etməyə nail olub, nəzəri müddəaları əksər alimlər tərəfindən qəbul edilib. Belə alimlər xoşbəxtdir. Çünki onlar əslində bir məktəb ərsəyə gətirirlər və bu məktəb elmdə uzun illər yaşayır, inkişaf edib təkmilləşir. Onların sırasında Kərim müəllimin də adı var. Həyatının yarım əsrini elmə həsr etmiş Kərim Kərimov özündən sonra böyük bir irs qoyub getmişdir. Müstəqilliyimizin 30 illiyini qeyd etməyə hazırlaşdığımız vaxtlarda onun milli vətənpərvərlik hissləri ilə yoğurulmuş tədqiqatları bizim üçün xüsusi əhəmiyyət kəsb edir, Azərbaycan incəsənətinin varlığını, onun qədimliyini, təkrarsız bədii üslublara malik olmasını gözlərimiz önündə canlandırır.
Kərim Kərimovun həyat yolu əsl alim və müəllim üçün, vətənini, xalqını sevən nəcib insan üçün, sözün həqiqi mənasında, bir nümunədir. Bu həyat yoluna bir daha nəzər salaq.
Kərim Cabbar oğlu Kərimov 20 sentyabr 1921-ci ildə Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən olan Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmış, İkinci Dünya müharibəsində iştirak etmişdir. 1946-cı ildə ordudan tərxis olunduqdan sonra o, Azərbaycan Dövlət Universitetinin Sənətşünaslıq bölməsinə daxil olmuş, 1951-ci ildə təhsilini başa vurmuşdur. 1951-ci ildə AMEA Memarlıq və İncəsənət İnstitutuna gələn gənc mütəxəssis ömrünün sonuna kimi taleyini həmin elm məbədi ilə bağlamışdır. Əvvəlcə institutun aspiranturasında oxumuş, sonra isə Təsviri sənət şöbəsinin əməkdaşı kimi fəaliyyətə başlamışdır. 1972-ci ildə şöbə müdiri, vaxtilə universitetdə onun müəllimi olmuş professor Adil Qazıyev səhhətinə və yaşına görə vəzifəsini tərk edərkən öz yerinə yetirməsi Kərim Kərimovun namizədliyini irəli sürmüşdü. Artıq həmin dövrdə Kərim müəllim sayılıb-seçilən alimlərdən idi. O, 1959-cu ildə namizədlik, 1971-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdi. Sonralar həm də elmi işlər üzrə direktor müavini vəzifəsində çalışdı, daha sonra institutun direktoru oldu. Kərim Kərimov 25 iyul 1995-ci ildə Bakıda vəfat etmişdir.
Kərim Kərimovun elmi irsi geniş və çoxşaxəlidir. Əlbəttə, onun adı gələndə, çoxumuz ilk növbədə miniatür sənətini xatırlayırıq. Çünki həqiqətən də, alimin elmi irsinin zirvəsini məhz Orta əsrlər Azərbaycan miniatür sənətinin və onun nümayəndələrinin yaradıcılığının öyrənilməsi təşkil edir. Lakin alim həm buna qədər, həm də bundan sonra maraqlı mövzulara toxunmuş, Azərbaycan incəsənətinin az bəlli olan və ya heç bəlli olmayan səhifələrini vərəqləmişdir.
Kərim Kərimovun erkən dövr tədqiqatlarında XVIII-XIX əsrlər rus rəssamlarının yaradıcılığında Azərbaycan mövzusu mühüm yer tutur. Onun namizədlik dissertasiyası məhz bu mövzunu əhatə edirdi. Gənc tədqiqatçı vaxtilə Azərbaycanda olmuş rus rəssamlarının əsərlərini geniş aspektdə təhlil etmişdi. O göstərmişdi ki, Q.Q.Qaqarin, V.V.Vereşşagin və başqa rəssamların Azərbaycanla bağlı əsərləri, yüksək bədii əhəmiyyətə malik olmaqla yanaşı, həm də zəngin tarixi-etnoqrafik məlumatları özündə əks etdirir. Əsasən qravüra texnikasında, qismən yağlı boya ilə işlənmiş bu əsərlərdə Bakının, müxtəlif tarixi-memarlıq abidələrinin görünüşləri, insanların geyimi, məişəti, məşğuliyyəti öz əksini tapmışdır. Rus rəssamlarının yaradıcılığının süjet-kompozisiya xüsusiyyətlərini araşdıran tədqiqatçı belə bir fikrə gəlmişdi ki, XVIII əsr – XIX əsrin birinci yarısında yaradılmış əksər şəhər mənzərələri bədii əsərdən daha çox hərbi-topoqrafik təsvir xarakterinə malikdir. Həqiqətən də, o dövrdə şəhər görüntülərini daha çox hərbi rütbəsi olan topoqraflar təsvir edirdilər. Çarizmin Qafqazdakı işğalçılıq niyyətlərinin gerçəkləşdirilməsi üçün strateji obyektlərin – böyük şəhərlərin, qala divarlarının, sədlərin, körpülərin, limanların dəqiq təsvir olunduğu belə “qravüra”lara ehtiyac böyük idi. Kərim müəllim hələ o dövrdə – ötən əsrin 50-ci illərində bu məsələyə diqqət yetirmiş və çəkinmədən öz elmi işinin nəticələrini dərc etdirmişdi. Bu, onun elmdə vətəndaşlıq mövqeyinin ilkin təzahürlərindən idi.
Kərim Kərimovun məşğul olduğu başqa bir mövzu Azərbaycanın ilk peşəkar rəssamı Bəhruz Kəngərlinin yaradıcılığı olmuşdur. O, rəssamın realist səpkili yaradıcılığının geniş mənzərəsini yaratmış, onun mahir mənzərə və portret ustası olduğunu göstərmişdir. Alimin görkəmli fırça ustası haqqında qələmə aldığı elmi əsər ayrıca kitab şəklində 1963-cü ildə – dünyadan vaxtsız köçmüş rəssamın anadan olmasının 70 illiyinin yenicə qeyd olunduğu vaxtlarda çap edildi.
Qeyd olunduğu kimi, Kərim Kərimovun sənətşünaslıqda əldə etdiyi əsas elmi nəticələr orta əsr Təbriz miniatürlərinin tədqiqi ilə bağlıdır. Bir alim kimi onun vətəndaşlıq mövqeyi bu mövzunun araşdırılmasında özünü daha aydın göstərir. Sirr deyil ki, hələ ötən əsrin 50-60-cı illərində Təbriz miniatürlərinin Azərbaycan incəsənətinə məxsus olduğuna şübhə ilə yanaşanlar az deyildi. Nəinki Qərb aləmində, hətta Sovet İttifaqında belə bir sıra “alim”lər Təbriz miniatür məktəbini İran incəsənəti kimi qələmə verməyə çalışırdılar. Kərim müəllim qətiyyətlə bu fikirlərin əleyhinə çıxdı, sadəcə, sözlə yox, sırf elmi əsaslarla Təbriz miniatürlərinin Azərbaycan incəsənətinə məxsus olduğunu sübut etdi. Bunun üçün alim miniatürlərin təsvir dilinin iki başlıca əlamətini – rəmzlər və ikonoqrafiyanı diqqətlə araşdırdı və onların tamamilə fərqli, sırf Azərbaycan mentalitetinə xas olan üslubi cəhətlərini açıb göstərdi. Bununla da təhlilin yeni metodoloji formasını müəyyən etdi. Sonralar bu metoddan istifadə etməklə klassik Azərbaycan incəsənətinin digər sahələrinin milli mənsubiyyətinə aydınlıq gətirildi. Bu həqiqətlərin üzə çıxarılması Kərim Kərimovun elm qarşısında böyük xidmətidir və biz bunu heç zaman unutmamalıyıq. Bu fikirlər alimin 1970-ci ildə Moskvada rus dilində nəşr edilmiş “Sultan Məhəmməd və onun məktəbi” monoqrafiyasının, həmçinin onun 1971-ci ildə uğurla müdafiə etdiyi doktorluq dissertasiyasının əsas müddəalarını təşkil edir. Nəşr olunduğu dövrdən 50 ildən çox vaxt keçməsinə baxmayaraq, həmin kitab bu gün də çoxumuzun stolüstü kitabına çevrilmişdir.
Görkəmli alimin başqa bir xidməti “siyah qələm” üslubunun geniş yayıldığı Qəzvin miniatürlərinin müstəqil məktəb olduğunu sübut etməsi idi. O zamana qədər sənətşünaslıqda bu sahədə müəyyən fikirayrılığı vardı; bəzi tədqiqatçılar “Qəzvin miniatür məktəbi” ifadəsini qəbul etmir, ona Təbriz məktəbinin davamı, qolu kimi baxırdılar. Kərim müəllim əvvəla, Qəzvin məktəbinin İran yox, Azərbaycan mənşəli olduğunu sübut etdi, ikincisi isə, bu məktəbin Təbriz və başqa məktəblərdən üslub, mövzu və növ fərqlərini əsaslandırdı. O vurğuladı ki, Qəzvin miniatürlərində rəsmin səlis və ifadəli verilməsi daha geniş yayılmış, həyat və məişət səhnələri daha çox əks etdirilmiş, qrafik təsvir texnikası üstün olmuşdur. Beləliklə, akademik Əbdülvahab Salamzadə sənətşünaslığa Naxçıvan, Arran memarlıq məktəbləri məfhumlarını daxil etdiyi kimi, Kərim Kərimov da ardıcılları ilə birlikdə Qəzvin məktəbi anlayışını qəti olaraq elmə daxil etdi.
Kərim Kərimovun fəaliyyət göstərdiyi illər Azərbaycan sənətşünaslığının yüksəliş dövrü olmuşdur. Həmin dövrdə sənətşünaslıqda Mikayıl Hüseynov, Əbdülvahab Salamzadə, Leonid Bretanitski, Natalya Miklaşevskaya, Adil Qazıyev, həmçinin Rasim Əfəndiyev, Nəsir Rzayev, Cəmilə Həsənzadə, Şamil Fətullayev və başqa tanınmış simalar tədqiqat işləri aparırdı. 50-ci illərin sonu – 60-cı illərdə Azərbaycanın incəsənət və memarlıq tarixinin öyrənilməsinə əsasən yekun vuruldu, nəzəri tədqiqatlara keçmək üçün ilkin zəmin əldə edildi. Bu prosesdə Kərim müəllimin tədqiqatları da önəmli rol oynadı və milli özünəməxsusluq sahəsindəki boşluqları doldurdu. Beləliklə, Azərbaycan incəsənətinin bədii və tarixi baxımdan ardıcıl mənzərəsi ərsəyə gəldi.
Kərim Kərimov həm də təcrübəli pedaqoq olub. O, fasilələrlə 30 ildən artıq müddətdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) pedaqoji fəaliyyət göstərib. Kərim müəllim mənə də dərs deyib və mən bununla fəxr edirəm. Yaxşı yadımdadır, 80-ci illərin sonunda o, bizə Azərbaycan miniatür sənətindən dərs deyirdi. Onun mühazirələri maraqlı olurdu. Hər bir sənətkar haqqında, xüsusən Sultan Məhəmməd, onun oğlu və davamçısı Məhəmmədi, Sadıq bəy Əfşar və başqaları barədə elə ətraflı, səlis və aydın danışırdı ki, sanki onlarla lap yaxından tanış imiş. Etiraf edim ki, qəlbimdə miniatür sənətinə məhəbbəti məhz Kərim müəllim yaradıb.
AMEA-nın müxbir üzvü, professor Kərim Kərimovun bütün həyatı, fəaliyyəti əsl ziyalı-alimə yaraşan bir tərzdə keçib. Bu yerdə həm də vətəndaş ziyalı sözlərini işlətməmək olmaz. Kərim müəllim elmdə də, ictimai həyatda da əsl vətəndaş idi. Onun həyatının yetkin dövrü bizim nəslin yaxşı yadındadır. Bu gün, anadan olmasının 100 illiyini qeyd etdiyimiz zamanda əziz Kərim müəllim əsla unudulmur, sanki bundan ruhlanaraq yenidən həyata qayıdır, xalqına miras qoyduğu kitablarından, çoxsaylı əsərlərindən boylanaraq bizimlə birgə çalışır.
Xəzər ZEYNALOV
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
Mədəniyyət.- 2021.- 17 sentyabr.- S.7.