Amma xəbər var ki...

 

Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalında iki opera tamaşası göstəriləcək

 

 

Pandemiyanın doğurduğu məcburi fasilədən sonra bu il ənənəvi formatda – canlı konsert proqramları və tədbirlərlə gerçəkləşəcək Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında iki opera tamaşası təqdim olunacaq.

 

Sentyabrın 21-də teatrda Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası nümayiş olunacaq. Tamaşada Respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və Əməkdar artist Elnur Zeynalov (Məcnun), həmçinin Əməkdar artistlər Təyyar Bayramov (Məcnunun atası), Cahangir Qurbanov (Nofəl) və başqaları iştirak edəcəklər. Opera tamaşasını Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.

 

Sentyabrın 24-də festival çərçivəsində italyan bəstəkarı Cüzeppe VerdininTraviata” operasının tamaşası nümayiş olunacaq. Teatrdan verilən məlumata görə, baş roluVioletta partiyasını ifa etmək üçün Polşadan tanınmış  vokalçı, beynəlxalq müsabiqələr laureatı İvona Sobotka dəvət olunub. Onun tərəf-müqabili kimi Alfred partiyasını Xalq artisti Samir Cəfərov ifa edəcək. Tamaşada həmçinin Xalq artistləri Əli Əsgərov (Markiz), Əkrəm Poladov (Doktor), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Səbinə Vahabzadə (Flora), Tural Ağasıyev (Qaston), gənc solistlər Nina Makarova (Anina) və Mahir Tağızadə (Baron) çıxış edəcəklər.

 

Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin  laureatı Əyyub Quliyev idarə edəcək.

 

Tamaşaçılar zala Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun şəkildə daxil olacaqsosial məsafə gözlənilməklə əyləşəcəklər.

 

 

Mədəniyyət.- 2021.- 17 sentyabr.- S.5.