“Qardaş qələmlər”
dərgisinin Nizamiyə həsr edilmiş
nömrəsinin təqdimatı keçirilib
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Qardaş qələmlər” dərgisinin Nizami Gəncəviyə həsr edilmiş nömrəsinin onlayn təqdimatı keçirilib. “Qardaş qələmlər” Avrasiya Yazarlar Birliyinin (Türkiyə) aylıq nəşridir.
Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq, Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncamından sonra akademiyada və institutda görülmüş işlər barədə danışıb. Nizami Gəncəvinin Azərbaycan şairi kimi tədqiq və təbliğ olunmasından söz açan akademik təəssüflə bildirib ki, bu gün də Nizaminin milli mənsubiyyəti ilə bağlı lazımsız fikirlər qalmaqdadır. Bu mənada “Qardaş qələmlər” dərgisinin bir nömrəsinin Nizami Gəncəviyə həsr olunması tarixi hadisədir. Dərginin xüsusi nömrəsində Əlyazmalar İnstitutu alimlərinin, həmçinin türkiyəli müəlliflərin məqalələri yer alıb. Bu, nizamişünaslığa xidmət edən nəşrdir.
Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək birgə layihə olan bu nəşrin əhəmiyyətini vurğulayıb. Bildirib ki, “Nizami Gəncəvi İli”ndə önəmli hadisələrdən biri də Türkiyədə nəşr olunan “Qardaş qələmlər” dərgisinin bir nömrəsinin dahi şairə həsr edilməsidir.
Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı da nəşri türk xalqlarının, xüsusilə Türkiyə ictimaiyyətinin Nizamiyə töhfəsi kimi xarakterizə edib.
Türk Dünyası Ağsaqqallar Şurasının Türkiyə təmsilçisi Mustafa İsen çıxışında Nizamini dünyaya lütf edilmiş bir dahi adlandırıb. Vurğulayıb ki, dünyada 880-ci ildönümü qeyd edilən dahisi olan xalqlar çox azdır. Türk xalqlarının isə Nizami Gəncəvi kimi bir çox dahiləri var.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli dərginin bu sayını Azərbaycanın Zəfərinin davamı kimi qiymətləndirib: “44 günlük savaş Zəfərlə bitdi, bizim mənəvi savaşımız isə davam edir. Buna görə də biz həmişə türk qardaşlarımızla birlikdə olmalıyıq. Bu jurnal gələcək qələbələrin əsasını sanballı bir işlə qoyub”.
Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid “Qardaş qələmlər” dərgisinin Türk dünyasında və Azərbaycanda ədəbi-mədəni əlaqələrin inkişafına verdiyi töhfələrdən söz açıb. O, həmçinin Avrasiya Yazarlar Birliyinin, xüsusən onun rəhbəri Yaqub Öməroğlunun son onillikdə türk xalqları ədəbiyyatının təbliğində böyük işlər gördüyünü xatırladıb.
Təqdimatda digər çıxış edənlər də nəşrin önəmindən bəhs ediblər.
Sonda Avrasiya Yazarlar Birliyinin başqanı, “Qardaş qələmlər” dərgisinin baş redaktoru Yaqub Öməroğlu çıxış edərək akademik İsa Həbibbəylinin nəşrə ilk saylarından dəstək verdiyini vurğulayıb, bu əməkdaşlığın davam edəcəyini bildirib.
Mədəniyyət.- 2021.- 17
sentyabr.- S.6.