Türkiyədə Azərbaycan musiqisi
Tarixi, sənətşünaslıq
və sosioloji baxış
bucağından
18 sentyabr – Milli Musiqi Günü ərəfəsində Türkiyənin Üsküdar Universiteti tərəfindən “Tarixi, sənətşünaslıq və sosioloji baxış bucağından Türkiyədə Azərbaycan musiqisi” adlı onlayn elmi-praktik videokonfrans keçirilib.
Konfransı giriş nitqi ilə açan Üsküdar Universiteti Sosiologiya kafedrasının müdiri, professor Əbülfəz Süleymanlı Azərbaycanın zəngin musiqi mədəniyyətinə malik olduğunu deyib. Bildirib ki, musiqi, xüsusilə sovet dövründə iki qardaş xalq arasında mənəvi bağın qorunub saxlanılmasında müstəsna əhəmiyyət kəsb edib. Konfransın eyni zamanda Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü gününə (15 sentyabr) təsadüf etdiyini qeyd edən Ə.Süleymanlı ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini yad edib.
Konfransın ilk məruzəçisi – Azərbaycanın İstanbul şəhərindəki konsulu Zaur Allahverdizadə iki qardaş ölkə arasında münasibətlərin tarixindən bəhs edərək mədəni-kulturoloji əlaqələrin əhəmiyyətindən danışıb, Milli Musiqi Gününün əhəmiyyəti haqqında konfrans iştirakçılarına məlumat verib.
Daha sonra tarzən Nevcivan Özəl 1970-ci illərdən başlayaraq özünün də bilavasitə iştirakçısı olduğu Azərbaycan musiqisinin Türkiyədəki inkişaf mərhələləri haqqında danışıb, mövzu ilə bağlı maraqlı xatirələrini bölüşüb.
Tədbirdə İstanbul Dövlət Konservatoriyasının Fortepiano bölməsinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tutu Aydınoğlunun gənc bəstəkar Pikə Axundovanın “Su qəsidəsi” əsərinin Türkiyədə səhnəyə qoyulması və bu əsərin sənətşünaslıq baxımından məziyyətləri haqqında məruzəsi dinlənilib.
Gənc tədqiqatçı Ecem Tuğçe Akbulutun maestro Niyazinin Türkiyədəki sənət fəaliyyəti, onun dirijorluğu ilə qardaş ölkədə səsləndirilən əsərlər haqqında məlumat verib. Azərbaycan simfonik musiqisinin Türkiyə musiqi məkanına tanıdılması və təbliğində maestronun əvəzsiz xidmətləri vurğulanıb.
Onlayn konfransda, həmçinin Türk-Alman Yazarlar Birliyinin həmsədri Orxan Aras, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri Mübariz Süleymanlı və başqa iştirakçıların çıxışları dinlənilib.
Mədəniyyət.- 2021.- 17
sentyabr.- S.5.