Mədəni irs
– yeni renessansın bünövrəsi
Milli Xalça Muzeyinin direktoru Özbəkistanda beynəlxalq
konqresdə çıxış
edib
Daşkənd şəhərində “Özbəkistanın
mədəni irsi – yeni renessansın bünövrəsi” adlı
V Beynəlxalq Konqres keçirilib. Özbəkistanda keçirilən “Mədəni İrs Həftəsi” (13–20 sentyabr)
çərçivəsində təşkil olunan tədbirə 46 ölkədən
nümayəndələr qatılıb.
Konqresdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan
Milli Komitəsinin sədri Şirin Məlikova da iştirak edib.
Şirin Məlikova beynəlxalq tədbirdə “Azərbaycan
mədəni irsinin qorunması və populyarlaşdırılmasında Milli Xalça Muzeyinin təcrübəsi”
mövzusunda təqdimatla
çıxış edib. O, muzeyin
kolleksiyaları, onların
zənginləşdirilməsi istiqamətində görülən
işlər, o cümlədən
Ənənəvi texnologiya
şöbəsinin fəaliyyəti
barədə ətraflı
məlumat verib. Şöbənin işinin
əsas istiqamətlərinin
qədim, unudulmuş xalçatoxuma, tikmə texnikalarının dirçəldilməsi,
muzey kolleksiyalarındakı
xalça və tikmələrin replikalarının
hazırlanması, müəllif
eskizləri əsasında
xalçaların yaradılması,
rəssamlarla, tələbələrlə
birgə iş, fiziki məhdudiyyətli insanlar da daxil
olmaqla böyüklər
və uşaqlar üçün xalça
toxuculuğunun tədrisi
və s. olduğu diqqətə çatdırılıb.
Direktor burada reallaşdırılan layihələr,
keçirilən ustad
dərsləri haqqında
da danışıb.
Konqresdə müxtəlif ölkələrdən
mütəxəssislərin 100-dən artıq məruzəsi dinlənilib.
Tədbir çərçivəsində “Özbəkistanın mədəni
irsi dünya kolleksiyalarında” silsiləsindən
50 unikal illüstrasiyalı
kitab-albomun təqdimatı
keçirilib.
Azərbaycan Milli Xalça Muzeyinin direktoruna konqresin işində
fəal iştirakına görə özbək incəsənətinin
şah əsərlərinə həsr olunmuş kitab-albomlar hədiyyə
edilib və müvafiq
sertifikat təqdim olunub.
Həmçinin “Özbəkistanın mədəni
irsi dünya
kolleksiyalarında” layihəsi çərçivəsində
Azərbaycanda qorunub saxlanılan özbək
mədəni irsinin öyrənilməsi və
buna dair kitabın nəşri
ilə bağlı təklif irəli sürülüb.
Mədəniyyət.- 2021.- 17
sentyabr.- S.8.