Təklif var?...
Təxminən ilyarımdır ki,
hamımız danışırıq. Pandemiya dövründə
teatr olsunmu-olmasınmı? Bizimlə bənzər (epidemioloji)
şəraitdə olan bir çox ölkələrdə
teatrlar açılıbsa, tamaşalar göstərilirsə,
biz nəyi (və niyə) gözləyirik?...
Elə bu
dəmdə biz də “teatrları açın” deyən teatr
adamlarına, daha doğrusu, teatrların yaradıcılıq
baxımından əsas simalarına – rejissorlarına səsləndik:
nə təklifiniz var?
Onlar da “performans”larını göstərib,
plan-proqramın anonsunu özünəməxsus “rejissor
açar”ları ilə verdilər.
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram
Osmanov:
“XXI əsrin 20-ci ilində dünya özü də dərk
etmədən yeni bir fəlakətlə üzləşdi. Əvvəl
çaşqınlıq keçirdi, sonra tədriclə
dirçələrək elmin köməyi ilə bu fəlakətə
qarşı mübarizəyə başladı. İlk baxışdan gözəgörünməz
düşmənə qalib gəlsə də, hələ də
mübarizə davam etməkdədir. Lakin
hamı anladı ki, insanlığın adət etdiyi həyat
tərzini ona qaytarmaq lazımdır. Əks
təqdirdə, kütləvi psixoz başlayar ki, bu da daha dəhşətli
fəlakətlərə gətirib çıxarar. Dünyanın bir parçası olan ölkəmizdə
də pandemiya ilə mübarizədə təsirli tədbirlər
görülür. İqtisadiyyat tədricən
dirçəlir. Aylardır mövcud olan qadağalar bir çox sahələrdən
götürülüb. Amma mədəniyyət
ocaqları elə bil ki, unudulanlar sırasındadır.
Kütləvi sənət olan teatr sənəti isə
lap əziyyət çəkir. Ona hava, su kimi lazım olan səhnə
hələ də boşdur... Və hərdən
sual olunur ki, ümumiyyətlə, teatr lazımdırmı?
Bəli, lazımdır! Teatrın yaşaması vacibdir!
İnsanlığın azı 2500 il bundan
əvvəl yaratdığı bu möcüzəni heç
bir fəlakət dağıda, məhv edə bilməz! Sadəcə, teatrı qorumaq lazımdır. XX əsrdə baş verən bütün müharibələrdə
belə sənət adamları, üç nəfər
üçün də olsa, tamaşa oynayıblar. Ona görə də həmin bu tarixi unutdurmaq istəyənlər
gərək düşünsünlər. Anlasınlar
ki, hər şey bitəcək, yeni nəslin yetişməsi
üçün daha təmiz, daha saf cəmiyyətin
qurulmasını təlqin edən teatr sənətini
yaşatmağın yolu dünyada qoyulan qadağalara rəğmən
fəaliyyətinin bərpasına icazə verməkdir.
Yalnız bundan sonra sizin soruşduğunuz təklifləri sıralamaq olar.
Səhnəsiz heç bir aksiya məna ifadə
etmir”.
Yuğ
Dövlət Teatrının baş rejissoru, Əməkdar incəsənət
xadimi Mehriban Ələkbərzadə:
“Biz hələ qapanmadan çıxa bilməmişik. Pandemiya şərtləri,
qadağalar hələ də qüvvədədirsə, bu
şəraitdə nə etmək olar? Onlayn
fəaliyyətdən isə söhbət açmayacam.
Çünki onlayn teatr fəaliyyəti deyil, heç bir səmərəli
iş və perspektivdən söhbət gedə bilməz.
Nələrsə etmək düşüncəsindəyik. Əlbəttə,
biz aparıcı, akademik teatr deyilik. Fəaliyyətin
öncəliyi aparıcı, akademik teatrlarda olmalıdır.
Amma bu o demək deyil ki, biz sakitcə oturub
onları gözləməliyik. Dünya
indi çox nəhəng dəyişikliklər
astanasındadır. Robotlar, texniki tərəqqi
insan beyni üzərindən əməliyyatlar
apardığı bir vaxtda fərqli formatlar barədə
düşünməliyik. Əslində, sənət
illüziyadır və bu olmazsa, içində
yaşadığımız reallıqdan bezər, müvazinətimizi
itirərik.
İllüziya bizə yaşamağa kömək edir. Onun özündə insan
azadlığı deyilən bir şey var və biz bunu
günün formatında realizə edə bilərik. Arxaik formanı təkrar etməklə
uğursuzluğa növbəti dəfə düçar
olacağıq. Artıq
tamaşaçı klassik, primitiv teatr növünü istəmir,
gəlmir, gəlməyəcək. Tamaşaçı
ilə “immersiv” teatr formasında, bu dildə
danışılmalıdır. Bunun
üçün mən kiçik cəhdlər də etdim.
Bu cəhdlərin daha mükəmməl bir
formata çevrilməsi lazımdır. Bu
teatrı yaratmaq və onu yeni danışıq dili kimi önə
çəkmək lazımdır. Razılaşmayanlar ola bilər. Hərçənd mənim didiklərimin
ənənəyə,
klassisizmə tərs mütənasibliyi yoxdur. Məhz klassikanı yaşatmaq üçün bu
yeni formanı - danışıq dilini tapmalıyıq,
tamaşaçını cəlb etmək üçün
yeni yanaşma tərzini sınaqdan keçirməliyik. Mən immersiv formanı seçdim və bununla
bağlı nazirliyə bir tamaşa müraciəti də
etdim. Bu tamaşa artıq teatr divarları
arasına deyil, əksinə, canlı ünsiyyətə, məkansızlığa
çağırır. Buna meydan
tamaşası demək istəmirəm, çünki bu da bir
ayrı formadır. İstənilən
halda səyyar tamaşa düşüncəsindəyəm.
Hələ ki, nazirlikdən cavab
almamışam.
“Nizami Gəncəvi İli” ilə bağlı da məkansız
bir ideyam var idi və təəssüf ki, o da realizə oluna
bilmir. Buna nəinki içində olduğum teatr, heç
məhkum olduğumuz şərait də imkan vermir. İstəklər və reallıqlar arasındakı
böyük uçurum içindəyəm. Rejissor olaraq özümü ifadə etmək alətlərim,
imkanlarım məhduddur. Bu məhdudiyyətlərdə
yeni səhifə aça bilməyəcəyik. İnsan harada düşünür, harada öyrənir?
Teatrda. Bunları əldə
etmək üçün mütləq bizə şərait
lazımdır. Yox, əgər bu vəziyyət hər kəsi
məmnun edirsə, onda sözüm yoxdur...”.
Sumqayıt
Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti
Firudin Məhərrəmov:
“Təəssüf
ki, sırf teatrla bağlı absurd bir vəziyyət
yaranıb və heç kim
yığılıb qalan suallara cavab vermir. Hərçənd
pandemiya şəraitində qonşu dövlətlərin bir
çoxunda teatrlar işləyir. Yəni,
digər sahələrdə də olduğu kimi, teatrda da
müvafiq qaydalarla işləmək, tamaşaçı ilə
ünsiyyət qurmaq olar. İnanın ki, məhz
bu etinasızlıq biz yaradıcı adamları daha çox
sarsıdır.
“Təklifiniz varmı” sualınıza cavab olaraq deyim ki,
Mədəniyyət Nazirliyi də teatrların mövcud vəziyyətlə
bağlı fikirlərini öyrənir, biz də müvafiq
fikirlərimizi bildirmişik. Pandemiya
dövrünün teatrı ilə bağlı
danışdıqda isə, deməliyəm ki, heç bir
“Amerika kəşfi” lazım deyil və kimlərsə öz həvəskar
istəklərini teatr üzərindən
reallaşdırmağa çalışmasın. Bu
günə qədər də teatr var idi və normal iş
gedirdi. Təbii ki, yaradıcı məhsuldarlıq
başqa bir mövzudur. Teatrda idarəçilikdən
yaradıcılıq istiqamətinədək istənilən
islahatı eləmək olar. Özü də bunun proses
gedərkən tətbiqi daha rahatdır. Bütün
hallarda qapanma, məhdudlaşdırma teatra ziyandır və
biz bunun fəsadlarını uzun müddət görəcəyik.
Zatən aktyorlar, yaradıcı insanlar teatr məkanından
başqa hər yerdə bir-biriləri ilə rahat
görüşür, söhbətləşir, təmasda
olurlar. Bu mənada sanki yeganə yoluxma yeri
teatrdır, səhnədir.
Yeni mövsümdə Lənkəran Dövlət Dram
Teatrında bir tamaşa hazırlayacağam. Artıq ilkin
müzakirə başa çatıb, məşqlərə
başlayacağıq. Teatr Xadimləri
İttifaqının qısa tamaşalarla bağlı
festivalına da qatılacağıq. Ümumən isə
biz yaradıcı insanlar, səhnə adamları sərbəstlik,
yaradıcı iş üçün imkan istəyirik. Vallah,
aktyorlar da pessimizmə qapılıblar, perspektiv
görünmür deyə, adam lap
başını itirir. Ola bilər ki, müvafiq qurumlarda bununla bağlı
hansısa iş görülür. Amma
yaxşı olar ki, bizlər də məlumatlı olaq və ən
azından bizi nəyin gözlədiyini bilək”.
Gəncə
Dövlət Dram Teatrının baş rejissoru İradə
Gözəlova:
“Təbii ki, mən də digər həmkarlarım kimi
tez-tez bu yeni formalar və üsullar üzərində
düşünürəm. Amma teatrın öz
qanunları var və burada üç təməl
ünsür əsasdır – səhnə, aktyor və
tamaşaçı. Başqa forma yaratmaq
olar, amma bu, artıq teatr olmayacaq.
Bu gün
bütün dünya, həmçinin Azərbaycan pandemiya şəraitində
çalışmağa cəhd edir. Açıq
havada festivallar keçirilir, tamaşalar qurulur. Həyatımıza
yeni daxil olan onlayn adı altında da festivallar, laboratoriyalar təşkil
edilir, teatrlar öz repertuarlarını bu formata
uyğunlaşdırmağa çalışır. Amma bunlar sadəcə, müvəqqəti tədbirlərdir
və heç biri əsl teatr deyil. Pandemiya
şəraitində yeni teatr forması da tapılmayıb,
tapılmayacaq da. Çünki bu,
mümkün deyil. Onlayn formalar teatrın əsas təməlini məhv
edə bilər. Teatr canlı sənətdir və
mütləq canlı ünsiyyət olmalıdır. Artıq ölkəmizdə vətəndaşların
xeyli qismi peyvənd olunub, teatr adamları da həmçinin. Bütün qorunma
şərtlərinə əməl edib, teatrları
yavaş-yavaş normal fəaliyyətinə qaytarmaq olar.
Mən məhz buna inanıram və
çoxsaylı planlarımı da məhz etiraz əlaməti
olaraq buradan sadalamıram. Çünki bu, okeanda salla səyahətə
oxşayır...
Əgər səyyar tamaşa, müxtəlif məkanlarda
performans istəyirsinizsə, mən çoxdan “hə” deyirəm. Zatən məkan
dəyişikliyini çox sevirəm və bunu tez-tez tətbiq
edirəm. Amma daha çox ölkədən
xaricdə qurduğum tamaşalarda. Barda,
ofisdə, zirzəmidə tamaşalar, videoart performanslar da
hazırlamışam. İndi durub deyəcəklər
ki, “barda da tamaşa göstərərlər?”.
Məncə, tamaşaçının
olduğu hər yerdə tamaşa göstərmək olar, təki
tamaşaçı teatrı, sənəti, səhnəni
duysun və uyğunsuz məkan anlayışlarından imtina
etmiş olsun. Hazırkı vəziyyətdə
açıq hava, həmçinin iri qapalı məkanlar –
“mall”ar və s. tamaşa göstərmək üçün
mümkün məkanlardır”.
Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının rejissoru Emil
Əsgərov:
“Teatrların açılması məsələsi
çox mürəkkəb və ziddiyyətlidir. İnanıram
ki, Azərbaycan dövləti və bu işə birbaşa
cavabdeh olan qurum da teatrın açılması
arzusundadır.
Şəxsən
mənim hazırlamaq ərəfəsində olduğum,
pandemiyadan dolayı hazırlaya bilmədiyim tamaşalar
qalıb və tez bir zamanda adi iş rejimimizə, məhdudiyyətlərlə
də olsa, fəaliyyətimizin bərpasına razıyam.
Konkret son vaxtlar müzakirə olunan açıq hava
nümayişləri, küçə tamaşalarına gəlincə,
sırf xəbər mövzusu olsun deyə küçədə
tamaşa göstərməyə ehtiyac yoxdur. Bundan əvvəl
niyə bu haqda danışılmırdı. Küçə performanslarını
düşünmək elə pandemiya dövrünə
qalmışdı?
Virusun yeni-yeni yayılmağa başladığı ərəfələrdə mətbuatda oxuyurdum ki, “bir neçə teatr onlayn məşqlərə başladı” və həmin məşqlər əsərin oxu prosesindən o yana gedə bilmədi. Deməli, bu sadəcə, “tamaşa” çıxarmaq idi, vəssalam. Şəxsən mən bunun perspektivini əvvəldən görmürdüm. Yaxud onlayn nümayişlər. Demirəm, bu lazım deyildi, əlbəttə, bizim başqa çıxış yolumuz yox idi. Ona görə də tamaşaçı ilə yaradıcı kontakt itməsin deyə, məcburən buna gedildi. Həm də yeni təcrübə idi və yeni imkanlar qazanıldı. Amma hətta Rusiya və Avropa teatrları da bu effekti ala bilmədilər. Özü də ən bahalı texnika ilə. İndi küçə performansı arzulamaq da belədir; gələcək vəd etməyən ideya. Xüsusən, akademik teatrın simasında. Bunun üçün özəl teatrlar var. Akademik teatr novator axtarışlara hər zaman hazırdır, amma heç bir ölkədə akademik status daşıyan teatr küçə performansları ilə məşğul deyil. Yox, əgər bu xüsusi məna kəsb edən yaradıcılıq faktıdırsa, rejissor öz tamaşasının nümayişini məhz küçə, məkan teatrı estetikasında görürsə, bu, başqa məsələ. Yoxsa teatr fəaliyyət göstərmir deyə yığışaq gedək küçə performansı göstərək, açıq havada tamaşa oynayaq, bu, məntiqə sığmayan bir addımdır.
Bu, o anlama gəlməsin ki, biz halımızdan məmnunuq. Qətiyyən! Teatrların maddi və mənəvi itkiləri xeyli böyükdür. Teatrın bütün yaradıcı heyəti səhnə üçün çox darıxır. Amma unutmayaq ki, bir dəfə küçə performansı ilə mahiyyət dəyişməyəcək. Teatrın daha dərin problemləri var...”.
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2021.- 17
sentyabr.- S.5.