Türk şəhidliyində anım mərasimləri
Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin (15 sentyabr 1918-ci il) 103-cü ildönümü münasibətilə Türk şəhidliyində anım mərasimi keçirilib.
Mərasimə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, səfirliyin əməkdaşları qatılıb. Abidənin qarşısına əklil qoyulub.
Səfir qeyd edib ki, bundan 103 il öncə türk ordusunun bolşeviklərin işğalı altında olan azərbaycanlı qardaşlarının yardımına gəlməsi tam bir qəhrəmanlıq dastanıdır: “Əziz şəhidlərimiz! Siz Azərbaycan xalqının müstəqilliyi uğrunda savaşaraq canınızdan keçdiniz. “Tək millət, iki dövlət” anlayışı ilə Azərbaycan və Türkiyənin sevinci və kədəri də birdir. Azərbaycanın digər bölgələrində olduğu kimi, Bakıda da hüzurla yatın. Siz məqamın ən ucasına çatmısınız. Ruhunuz şad olsun!”.
Daha sonra Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarı üstünə güllər qoyulub, xatirələrinə ehtiram ifadə edilib. Səfir C.Bağcı “Əbədi məşəl” kompleksi önünə əklil qoyub.
***
Azərbaycanın siyasi partiyalarının nümayəndələri də Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə Türk şəhidliyini ziyarət ediblər.
YAP sədrinin müavini Tahir Budaqov deyib ki, Türk şəhidliyi abidəsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının bir rəmzidir: “Bura xalqımızın ehtiramla yad etdiyi məkana çevrilib. Bizim dostluq və qardaşlıq münasibətimiz 102 ildən sonra da təkrar olundu. 2020-ci ilin Vətən müharibəsində Türkiyə mənəvi və siyasi dəstək göstərdi, Azərbaycanla bir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik zirvəsindədir”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı şəhid qardaşlarımızın ruhunu yad etməyə gəldiklərini deyib: “Deyirik ki, siz unudulmamısınız, siz yaşayırsınız. Sizin arzu və ideallarınızın davamı olaraq bu gün yenə Azərbaycan və Türk orduları bir yerdədir. Bir yerdə təlim keçirlər. Dünyaya bizim birliyimizi göstərirlər”.
Qeyd edək ki, 1918-ci ildə Türkiyədən Cümhuriyyətimizə köməyə gələn Qafqaz İslam Ordusu Azərbaycanda 1130 şəhid verib.
Mədəniyyət.- 2021.- 17
sentyabr.- S.3.