Mədəniyyət nazirinin
rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistana
səfər edib
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti sentyabrın 14-də Özbəkistana səfərə gedib. Nümayəndə heyəti Özbəkistanın Xivə şəhərində “Xivə-2020 – Türk Dünyasının Mədəniyyət Paytaxtı” proqramının açılış mərasimində iştirak edib.
Xatırladaq ki, Xivə şəhəri TÜRKSOY tərəfindən 2020-ci il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilmişdi. COVİD-19 pandemiyası ilə əlaqədar ötən il bununla bağlı nəzərdə tutulan tədbirlər təxirə salınmışdı.
Sentyabrın 15-də mədəniyyət naziri Anar Kərimov Xivə şəhərində UNESCO-nun himayəsi altında keçirilən “Mərkəzi Asiya dünya sivilizasiyalarının kəsişməsində” Beynəlxalq Mədəniyyət Forumunun açılış mərasimində iştirak edib.
Foruma UNESCO, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurası (İCOMOS), Mədəni Mülkiyyətin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqat Mərkəzi (İCCROM), TÜRKSOY və Türk Şurasının nümayəndələri, 50-dək ölkədən mədəni irs, elm, incəsənət və digər sahələr üzrə mütəxəssislər qatılıb.
Açılış mərasimində Özbəkistan Baş nazirinin müavini, Özbəkistanın və Qırğızıstanın mədəniyyət nazirləri, İCESCO və İCCROM-un rəhbərlərinin çıxışı olub.
Mədəniyyət naziri Anar Kərimov çıxış edərək tədbirin təşkilinə və yüksək qonaqpərvərliyə görə Özbəkistana təşəkkürünü bildirib. Qeyd edib ki, bu cür təşəbbüslər bölgənin ortaq mədəniyyətini və ortaq irsini öyrənmək və populyarlaşdırmaq üçün yeni fürsətlər yaradır. Belə tədbirlər eyni zamanda beynəlxalq aləmdə məlumatlılığın artırılmasında əhəmiyyətli rol oynayır.
Nazir vurğulayıb ki, qədim İpək Yolu mədəniyyətlərarası mübadilənin inkişafına mühüm töhfələr verib. İpək Yolu eyni zamanda bu yol boyunca yerləşən ölkələrin yeni sosial-fəlsəfi baxışlar sisteminin, mədəni nümunələrinin qlobal məkana inteqrasiyasına vəsilə olub. Bir sözlə, qədim İpək Yolu Orta Asiya xalqlarının tarixində və mədəniyyətində dərin iz qoyub.
Anar Kərimov diqqətə çatdırıb ki, Orta Asiya ilə yanaşı, Azərbaycan da bu tarixi qloballaşma yolunu keçib və onun izlərinə hələ də ölkəmizin müxtəlif yerlərində rast gəlinir. “Azərbaycan dünyəvi bir ölkə olaraq müxtəlifliyi özünün ən böyük fəzilətlərindən hesab edir və bu müxtəlifliyin inkişafı üçün çalışır. Sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycan mədəniyyətlərarası dialoq üçün etibarlı məkandır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” və bu platforma çərçivəsində ölkəmizin ev sahibliyi etdiyi Mədəniyyətlərarası Dialoq Forumu bunun əyani təzahürüdür. “Bakı Prosesi” fərqli anlayışlı insanlar və qruplar arasında qarşılıqlı anlaşma və hörmətə əsaslanan açıq dialoq üçün qlobal platformadır”, – deyə nazir əlavə edib.
Tədbirin açılış mərasimindən sonra Anar Kərimov Özbəkistanın “Dunyo boylab” və “Mədəniyyət” telekanallarına müsahibə verib. Azərbaycan ilə Özbəkistan arasında tarixi-mədəni əlaqələri və qardaşlıq münasibətləri haqqında danışan nazir beynəlxalq forumun işini də yüksək qiymətləndirib.
Mədəniyyət.- 2021.- 17 sentyabr.- S.1;2.