Xalça sənəti – mənaların təkamülü”

 

 

Sentyabrın 23-də Azərbaycan Milli Xalça Muzeyində “Xalça sənəti – mənaların təkamülü” adlı sərgi açılacaq.

Muzeydən bildirilib ki, layihə bu ilin yayında Kazan Kremli Muzey-Qoruğunda (Tatarıstan) nümayiş etdirilibböyük maraqla qarşılanıb. Bu, Rusiya Federasiyası Tatarıstan Respublikasında Azərbaycan xalçaçılığına həsr olunmuş ilk genişmiqyaslı ekspozisiya olub.

 

Sərgidə XIX əsrin sonu – XX əsrin əvvəllərində toxunmuş Azərbaycan xalça nümunələri yer alıb. Onların hər biri ornament, rəng tərtibatı və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən nümunələrdir.

2010-cu ildə UNESCO tərəfindən dünya mədəni irs xəzinəsinə daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti günümüzdə yeni yanaşmalarla zənginləşsə də, qədim ənənələrini itirmədən inkişaf edir. Müasir rəssamlar qədim sənətkarlığı yeni yollarla inkişaf etdirərək əsərlər yaradırlar. Sərgidə təqdim olunan ənənəvi Azərbaycan xalçalarını və “Chingiz” yaradıcı təxəllüsü ilə işləyən Çingiz Babayevin müəllif əsərlərini birləşdirən məhz bu amildir. Sərgini müşayiət edən sənədli filmdə o, tamaşaçılarla yaradıcılıq prosesinin sirlərini bölüşəcək, ənənəvi xalçanın fəlsəfəsindən və müasir yozumundan bəhs edəcək.

 

Sərgi sentyabrın 24-dən oktyabrın 17-dək ziyarət üçün açıq olacaq.

 

Mədəniyyət.- 2021.- 22 sentyabr.- S.2.