Yaxşılar cilovu
verməzlər pisə...
Nizami sözündən
incilər
Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.
“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.
İradəsiz olma, iradəsizlər,
Ayaqsız qurd kimi yerdə sürünər.
Tülkü canavarı edirsə məğbun,
Ondan iradəsi böyükdür bunun.
(“Leyli və Məcnun”)
Əgər istəsən könlün olsun tük kimi yumşaq,
Bədənini nafətək sərtliyə öyrət ancaq.
(“Sirlər xəzinəsi”)
Filləri qovmuşdur çeşmədən dovşan,
Kiçik görünməsin gözünə düşman.
(“Xosrov və Şirin”)
Yaxşılar cilovu verməzlər pisə,
Satmazlar dostları yada, nakəsə.
(“Yeddi gözəl”)
Elə dünyapərəst olmayaq gərək
Ki, öz süfrəmizi qanla bəzəyək.
(“İsgəndərnamə” – “İqbalnamə”)
Öylə bir ixtiyar olsaydı məndə,
Qoymazdım bəndəyə möhtac bir bəndə.
(“İsgəndərnamə” – “Şərəfnamə”)
Mədəniyyət.- 2021.- 24 sentyabr.- S.7.