Zəfərimizin zirvəsindən barış göstərisi

 

“Mənim atam qəhrəmandır” layihəsinin növbəti tədbiri Şuşada keçirilib

 

 

 

Tariximizin şanlı səhifəsi olanigid Vətən övladlarının qanı ilə yazılan 44 günlük müharibənin ildönümü yaxınlaşır. Xalqımıza illərdir təşnə olduğu Zəfəri bəxş edən Vətən müharibəsinin başlandığı 27 sentyabr təkcə təqvimimizə deyil, tarixi yaddaşımıza da əbədiyyətədək qalacaq Anım Günü kimi həkk olunub.

 

Bu Zəfər naminə ölümsüzlüyə yüyürən oğulların yadigarları, belə qəhrəmanları dünyaya gətirən analar – ümumilikdə bütün şəhid ailələri dövlətimizin və cəmiyyətimizin diqqət və qayğısı ilə əhatə olunub. Zəfərimizin zirvəsi olan qala-şəhərimizdə keçirilən tədbirlər də bunun örnəyidir.

 

***

 

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün “Mənim atam qəhrəmandır” adlı layihənin növbəti silsilə tədbiri bu dəfə Şuşa şəhərində keçirilib.

 

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildiriblər ki, tədbirin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.

 

Şəhid övladları səhər saatlarında hərbi polisin müşayiəti ilə onlara ayrılmış avtobuslarda Şuşa şəhərinə istiqamət alıblar. Şuşa şəhərinə “Zəfər marşı”nı ifa edərək daxil olan şəhid övladları tədbirə öz atalarının rəsmi həkk olunmuş geyimlərdə, digər uşaqlar subay şəhidlərimizin rəsmləri olan geyimlərdə, şəhid anaları isə öz övladlarının rəsmi olan və “Mənim qəhrəmanım” yazılmış geyimlərdə qatılıblar.

 

Onları İsa bulağında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İdarə Heyətinin sədri Məftun Abbasov qarşılayıblar. Səhər yeməyi ərəfəsində doğum günü həmin günə təsadüf edən şəhid Ramid Hacıyevin övladı Əlini hər kəs təbrik edib. Aydın Kərimov şəhidimizin balasını hədiyyə ilə sevindiribonun üçün Şuşada hazırlanmış tort kəsilib.

 

Sonra tədbirə qonaq qismində qatılan Xalq artistləri Alim Qasımov və Zülfiyyə Xanbabayeva şəhid övladları, şəhid anaları üçün İsa bulağında “Qarabağın maralı” mahnısını ifa ediblər.

 

Bundan sonra tədbir iştirakçıları Yuxarı Gövhər ağa məscidinə gediblər. Orada general-mayor Polad Həşimovun anası Səmayə xanım başda olmaqla şəhid anaları namaz qılıb, Allaha dua ediblər.

 

Tədbirə qatılan Olimpiya çempionlarımız Cıdır düzündə uşaqlar üçün güləş təlimi keçiblər. Yarışın sonunda Olimpiya çempionları həm əylənən, həm də yarışan uşaqların hər birini medallarla təltif ediblər.

 

Tədbirin gedişində şəhid anaları Şuşa qalasının önündə şəhidlərimizin ruhuna ehsan bişirərək hazırda Şuşada xidmət edən əsgərlərə veriblər.

 

Sonra tədbirin rəsmi hissəsi keçirilib. Rəsmi hissədə aparıcı Nərgiz Cəlilova qəhrəman övladlarını, şəhid analarını, şəhid xanımlarını və tədbirə qatılan digər qonaqları salamladıqdan sonra müzəffər Ordumuzun şəhid qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirin ikinci aparıcısı Lalə Azərtaş general-mayor Polad Həşimovun anası Səmayə xanıma söz verib. Bu torpaqları gördükcə bir daha təsəvvür edirəm ki, burada necə ağır döyüşlər gedib, oğullarımız, şəhid balalarımız necə qəhrəmanlıqlar göstəriblər”, - deyən şəhid anası qeyd edib ki, övlad həsrətinə dözmək çətin olsa da, oğlunun Zəfərimizin bir parçası olması ilə qürur hissi keçirir. O, “Mənim atam qəhrəmandır” tədbirinin təşkilatçılarına dərin minnətdarlığını bildirərək Şuşaya ayaq basdıqları üçün xoşbəxt olduğunu vurğulayıb.

 

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək şəhid analarına belə qəhrəman övladlar yetişdikləri üçün minnətdarlıq edib və qəhrəman oğullar var olduqca bu Vətənin də var olacağını deyib.

 

Fire Land Productionun rəhbəri Cəlal Qurbanov bu tədbiri Şuşada keçirməyin onlar üçün şərəf olduğunu, öz qanı ilə tarix yazan hər bir şəhidimizin, uşaqdan-böyüyə hər kəsin yaddaşında daim qürurla xatırlanacağını vurğulayıb.

 

Rəsmi hissənin sonunda Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İdarə Heyətinin sədri Məftun Abbasov şəhid övladlarına “Xarıbülbül” döş nişanını hədiyyə ediblər.

 

Daha sonra qəhrəman övladları əsgərlərimizlə birlikdə Şuşa qalasının önündəki “Xarıbülbül” nişanını torpağa bərkidiblər. Bu zaman şəhid Ramiq Mikayılovun övladı Ağaseyid Mikayılov çıxış üçün söz istəyərək təşkilatçılardan ona verilən “Xarıbülbül” nişanını hədiyyə olaraq Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya göndərmələrini xahiş edib. “Mənim bir böyük arzum var. Mən istəyirəm ki, Novruz bayramında Cıdır düzündə İlham əmi və Mehriban xala ilə birgə şəhidlərimizin anaları və övladları ilə əl-ələ tutub tonqalın ətrafında yallı gedək”, – deyə balaca Ağaseyid öz arzusunu dilə gətirib. O deyib: “Hər kəsin qarşısında söz verirəm ki, qəhrəman atam kimi mən də hər zaman Vətənimi qoruyacağam və sevəcəyəm”.

 

Qeyd edək ki, tədbirə fəxri qonaq qismində qatılan Xalq artistləri Rasim Balayev, Nurəddin Mehdixanlı, Alim Qasımov, Zülfiyyə Xanbabayeva şəhid övladları, şəhid anaları ilə öz hisslərini bölüşüb, səmərəli vaxt keçiriblər. Zülfiyyə Xanbabayeva Cıdır düzündə “Şuşanın dağları” mahnısını ifa edib.

 

Tədbirin sonunda Cıdır düzündə şəhid övladları sənət adamları ilə birlikdə “Zəfər marşı”nı ifa edərək səmaya göyərçinlər uçurublarbununla da dünyaya “Müharibə olmasın! Uşaqlar atasız qalmasın!” mesajını veriblər.

 

Mədəniyyət.- 2021.- 24 sentyabr.- S.1;2.