“Üzeyir sənətinin
gənclik sədaları” silsiləsindən növbəti konsert
Milli İncəsənət Muzeyində sentyabrın 23-də Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir sənətinin gənclik sədaları” silsiləsindən növbəti konsert təqdim olundu. Fortepiano musiqisindən ibarət gecədə səhnədə beynəlxalq müsabiqələr laureatı Vurğun Vəkilov idi.
Konsertdən əvvəl gənc pianoçu haqqında musiqisevərlərə məlumat verildi. Bildirildi ki, Vurğun Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirib. Ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş gənc ifaçıların I Respublika müsabiqəsində (2008) I yeri tutub. 2011-ci ilin may ayında İtaliyanın Pesaro şəhərində keçirilən VIII “Çitta di Pesaro” Beynəlxalq müsabiqəsində birinci yeri qazanıb. 2016-cı ildə Fransanın Annemas şəhərində keçirilən Adilə Əliyeva adına pianoçuların X Beynəlxalq müsabiqəsində II yerə layiq görülüb və Alfred Corto adına Paris Ali Musiqi Məktəbində təhsil almaq hüququ əldə edib. Pianoçu həmçinin 2016-cı ildə VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən müsabiqədə I yeri tutub.
2009-cu ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, pianoçunun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və xüsusi aylıq təqaüdə, 2017-ci ildə “Gənclər üçün Prezident mükafatı”na layiq görülüb.
Daha sonra istedadlı gənc pianoçu səhnəyə dəvət edildi.
Proqrama M.Musorqskinin “Sərgidən şəkillər”, F.Şopenin iki valsı, S.Prokofyevin “4 saylı sonata” və Qara Qarayevin iki prelüdü daxil edilmişdi. V.Vəkilovun gözəl ifası tamaşaçıların alqışları ilə qarşılandı.
Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 24
sentyabr.- S.2.