Sevinmə, əncir budağı...
Ustad jurnalist Tahir Abbaslının xatirəsinə elegiya əvəzi
Çağdaş “publisistika bağı”mızın çox bəhrəli, özgür fəhmli yarıməsrlik bir ağacı illərin ən isti iyulunda, pandemiyalı yayında “qurudu”. Bu Qələm-Adamın imzası ilə tanışlığım AMEA-nın Naxçıvan Bölməsində işlədiyim dövrə, “Mədəniyyət” ailəsinin üzvü olmağımdan təxminən iki il öncəyə – 2010-cu ilə təsadüf edir. Sözün gerçək mənasında, bir təsadüf. İnternetdə tanınmış xanəndəmiz, Xalq artisti Mənsum İbrahimovla bağlı axtarış edirdim. “Mədəniyyət” qəzetinin saytında qarşıma “Səhnəmizin və sənətimizin Məcnunu – Mənsum” başlıqlı müsahibə çıxdı. Etiraf edim ki, adətən, müsahibələri oxumamışdan öncə sürətlə suallara nəzər salıram. Bu dəfə ifadə özəllikləri ilə bir-birindən maraqlı suallarla tanışlığım elə də sürətli olmadı. Az-çox mətbuatı izləsəm də, qarşımda tamam başqa bir söz dünyası açılmışdı. Müsahibəni oxuyub sona çatdım – “Söhbətləşdi: Tahir Abbaslı”.
Elə bu “söhbət”in cazibəsi ilə saytın axtarış yerində “bənzərsiz suallar müəllifi”ni soraqlamağa başladım. Publisistika çələngindən bir neçə yazısını – “Dünya sənin” (Məmməd Araz haqqında), “Xalqın qədir-qiymətli qızı” (Fatma Qədri ilə bağlı) və s. məqalələrini oxudum. Nə gizlədim, o günədək özüm üçün müəyyənləşdirdiyim özəl publisistlər sıralamasında Tahir Abbaslı taxtda qərarlaşdı...
Bu qənaətə (həm də heyrətə) gəlməyimin səbəbi sadə idi. Müəllif məqalələrində qəhrəmanlarının ömür və sənət taleyini elə ahəngdar, elə əsrarəngiz təqdim etmişdi ki. Məsələn, Xalq artisti Fatma Qədri barədə yazı oxucuların üzünə belə açılırdı: “Yazımın başlıq və başlıqaltısını yazdım, oxudum və duruxdum. Doqquz sözdə səkkiz “q” hərfi, “qe” səsindən hoyuqdum. Düşündüm ki, deyəsən, bu heç də təsadüfi deyil. Qəribə bir hissə qapıldım ki, bu nə “qrammatik qanunauyğunluq”dur belə – bu major dünyamızda minor ifadələrin çoxusu məhz bu hərflə başlayır: qürbət, qan-qada, qətl, qalmaqal, qaçaqaç, qaçqınlıq, qisas, Qarabağ...”.
Bu yerdə oxucuların usanıb bezməyəcəyindən əmin olub Tahir Qələmin (ruhundan üzr istəyib “Tahir Abbaslı”, “Tahir Əhmədalılar” imzalarına üçüncüsünü də mən əlavə edirəm) qəzetimizdə dərc olunmuş yüzlərlə yazısından bir neçəsinin, sadəcə, başlıq və alt başlığını olduğu kimi verirəm:
Xalqın təbli həbibi və təbibi... Qəbri uzun müddət naməlum qalsa da, qədri hər vaxt bilinmiş Abbas Səhhət...
Bir adın ikinci hecası – Yüzdə Tək, mində Bir – Mirzə Ələkbər Sabir!...
Səhnə-Sənət “Cənnət”i... Bu dünyada qədri gur, o dünyada qəbri nur – Nəsibə xanım Zeynalova...
İdrakın da, həlakın da “sarı sim”i... Haqq və həqiqət yolunda Tanrı libasından da edilmiş Nəsimi!
İkiyiyəli... birmənalı DAHİ – Ürəyi “Ana Polşa”da, bədəni “Ata Fransa”da dəfn edilən, əsərləri ümumbəşər qəlbində yaşayan Şopen...
Bir tar oxuyurdu – ustad Əhsən Dadaşov ifasında...
Yerin parlaq ulduzlarından – Uşaqkən göydə
sayrışan ulduzlardan
birini istəməklə
böyük imperator babasını
“məğlub” etmiş
astronomiya imperatoru – Hökmdar-Müəllim Uluqbəy...
BÜTÖV
bir “iki” İSA: biri – ədəbiyyatımızda
“60-cılar”ın bayraqdarı olmuş HÜSEYNOV, biri – SafAğ YOLlu MUĞANNA...
“Epolet”li millət Mirzəsi – Qədim Azərbaycan ədəbiyyatı
kəhkəşanında “dramaturgiya”
adlı yeni janr fəzasının ilk
və... aldanmamış
kəvakibi...
Yarımçıq ömür, bütöv sənət...
Azərbaycan musiqisinə
ilk... ən qocaman
“roman”-romans bəxş
etmiş nakam gənc – 23 yaşlı Asəf Zeynallı
Bir ömrün iki Şahlığı – Bunları
Xətai yaşadı;
birini qüdrətli dövlət naminə qadir Qılıncı, birini fəzilətli qəlblər adına
nadir Qələmilə...
“Əbdül” həlimliyi,
“Kələntər” zalimliyi...
Səhnə və ekranda bütün “növ” rolları “əla növ” oynamış İsmayıl
Osmanlı...
Publisistik
rentgen
Heç yuxuma da girməzdi
ki, bu azman
Qələm-Adamla bir kollektivdə işləyərəm. Ancaq bu,
yuxu yox, gerçək oldu. 2012-ci ilin iyun
ayından mən də taleyimi “Mədəniyyət” qəzeti
ilə bağladım.
Tahir Qələmlə
şəxsən tanış oldum. Redaksiyada Tahir müəllimə böyük ehtiram gördüm. Fikrimcə, bu
hörmət-izzət yaşından,
ağsaqqallığından çox onun kamil qələm-ustadlığına
görə idi.
Daha bir etiraf: Tahir
müəllimin sözə
qarşı hədsiz
çinçavatlığı, yazılarında sətiraltı
mənaları ilk vaxtlarda
tam anlaya bilməməyim
münasibətlərimizdə müəyyən soyuqluq da yaratmışdı. Zaman-zaman bu soyuqluq yerini dostluğa, doğmalığa,
sirdaşlığa verdi. O, adının mənasını (“tahir” ərəbcədən tərcümədə
“təmiz”, “pak”, “səxavətli”, “diqqətcil”...
anlamına gəlir) xarakteri, davranışı
ilə doğrultmuşdu.
Oda od,
tüstüyə tüstü
deməyi bacarırdı.
Ruhundakı azadlıq publisistika meydanında qələm oynatmağında da özünü göstərirdi. Həcmindən asılı olmayaraq, qələmə aldığı
mətnin əmiri-əzəmi
idi. Bəzən söz köhlənini
sağa-sola elə səyirdirdi ki, deyirdin bəlkə yüyənini (söz məni bağışlasın)
yığıb-yığışdıra
bilməyəcək. Amma o, söz
qovğasından, mənalar
qarşıdurmasından həmişə
qalib çıxırdı.
Məqalələrindəki publisistik qabarma və çəkilmələr
redaktoru heç vaxt yormurdu. Kim bilir,
bəlkə korrektorun,
lap elə redaktorun təntənəli publisistika
axınına qapıla
biləcəyindən ehtiyatlandığına
görə idi ki, yazısı yığılıb kağıza
çıxandan sonra bir də diqqətlə
oxuyub əyər-əskikliyinə
əl gəzdirirdi. Məqalə
üçün foto seçməsi və onun uyğun yerləşməsinə xüsusi
diqqət yetirməsi də öz yerində. Karyerası radio və televiziyadan
başlasa da, uzun illər tamaşaçıları efir-ekranlara
bənd eləsə də, təpədən-dırnağa
qəzetçi idi.
Televiziyada qazandığı vizual həssaslığı
qəzetdə dərc
olunan yazılarının
tərtibatında da göstərməyə çalışırdı.
Yaxşı xatırlayıram,
səs-sənət mogikanlarımızdan
Mirzə Babayevə həsr etdiyi “Səs kanı pilləkanı” yazısının
yer aldığı səhifənin tərtibatı
zamanı dizaynerin yanında əyləşib
mətnin sağında
bir kolon boyu pilləkən “hördürmüşdü”.
Mən Tahir Qələmin yazılarını, üslubunu
hər il
baharın son ayında
öz həyətindəki
tənha ağacdan dərib redaksiyaya gətirdiyi, təkcə böyüklüyü və
görkəmi ilə deyil, tamına görə də bizləri təəccübləndirən
tuta bənzədirəm.
Ustadın zövqlə, həvəslə
bir-bir (O cür meyvəni yetişdirən
ağaca çırpanaq
vurmaq heç insafdan olmaz) dərib kollektivə ismarladığı tutlar
ağzımızı dada gətirdiyi
kimi, hərəsi bir publisistika dərsi, könüllər
təranəsi olan yazıları da oxucularının zövqünə
sığal çəkirdi.
Çünki o, faktları publisistik
rentgendən (Fikrət
Qoca haqqında bir yazısında “filoloji rentgen” ifadəsini işlətmişdi)
elə ustalıqla, elə yaradıcı keçirirdi ki, hər fikir yeni, təravətli, cazibədar görünürdü.
Hər dəfə də, ustadın özüsayaq desək, yeni publisistika aktları, təntənəli
qələm taktları
növbələşirdi...
Üçsaatlıq sevinc...
Tahir müəllim
yaradıcılığına, imzasına tələbkar olduğu qədər yoldaşlıqda da mərd, halal, diqqətcil, sonuncu tikəsini bölməyi bacaran insan idi. Bir dostu
bu ilin martında
Tahir müəllimə
iki əncir tingi vermişdi. O da xəbər-ətərsiz
(Yəqin həyətimiz
kiçik olduğundan
etiraz edəcəyimi bilirdi) birini mənim üçün redaksiyaya gətirmişdi.
Nadir növlərdən olduğu üçün
bizim həyətdə
də olmasını istəyirdi. Martın əvvəllərində
əkdiyim ting, nə qədər qayğı göstərsəm də,
cücərmədi. Bir
gün Tahir müəllim dedi ki, özünə əziyyət vermə, gələn il
mütləq həmin
əncirin yeni tingini sənə gətirəcəyəm. Mən hələ
də ümidimi itirmədiyimi, ara-sıra yenə suvaracağımı
bildirdim.
Bir neçə
ay ötdü. Tingdə həyat əlaməti
yox idi. Doğrusu, artıq həmin “quru çubuq” tərəfə baxmamağa
çalışırdım. İyulun
18-i, bazar günü səhər-səhər həyətdə
dümələnirdim. Uşaqlar əncirimizdən xəbərim
olub-olmadığını soruşdular. Əminliklə cücərmədiyini söylədim.
Dedilər, gəl bax.
Gözlərimə inanmadım. Qupquru çubuqdan iki budaq çıxmışdı:
biri dörd barmaq, digəri bir qarış. Heyrətdən donub qaldım.
Ümidim cücərmişdi, sevinirdim. Elə bil o iki budaq
da sevindiyimi hiss eləmişdi. 60-70 santimetrlik ting illərdir öz meyvəsiylə ailəmizi təmin edən əkə-bükə
ağac görkəmində
dil açıb “Niyə təəccüblənirsən,
o insan məni sənə elə sevgiylə, ürəklə,
inamla hədiyyə edib ki, lap qayanın
üstündə də
bitəcəkdim. Həm də
məni sənin azalmaq bilməyən ümidin cücərtdi...”
demək istəyirdi.
Bir müddət
öncə Tahir müəllimin səhhətində
yaranmış problemə
görə kollektiv olaraq narahatlıq keçirsək də, şəxsən mən ümidimi itirməmişdim. Üstəlik, oğlu Üzeyir müəllimin atasının
səhhətində dönüş
yaranması ilə bağlı mesajı inamımı daha da artırmışdı.
Dünyaya göz açdığı 25 sentyabrda
redaksiyada sağalıb
qayıtmağını ikiqat
sevinclə qeyd edəcəyimizi düşünürdüm...
Həyat əlaməti olmayan əncir tinginin “dirilməsi” barədə xəbəri Tahir müəllimə çatdırmağa
tələsmədim. Düşündüm ki, bazar günüdür,
bir müddətdir Üzeyir müəllim atasının səhhəti
ilə əlaqədar
yuxusuz və yorğundur. Saat 11-12
arası zəng edib həm səhhətini
xəbər alar, həm də əncirlə bağlı
müjdəmi çatdıraram...
Mən saydığımı sayım, gör üzügülməz əcəl nə sayır. Telefonun ekranına toxunuram, işıqlanır. Səsli bir mesaj. Saat 11:36. Dinləyirəm. Qəlbimi göynədən, qəhərin suyunu çıxardan kəlmələr... Həmin andaca öz-özümə deyirəm: “Tahir Abbaslı Publisistika Universiteti”nin qapısına heç bir açarın aça bilmədiyi böyük qıfıl vuruldu”.
Telefonu pianonun üstünə qoyub qaçıram həyətə. Əncir tinginin qarşısında çömbəlib “dərdləşirəm”:
- Sevinmə! Sevinmə, əncir budağı! Bilirəm, boy atacaqsan, yeni budaqların olacaq. Ancaq Tahir Abbaslı nisgilim də səninlə böyüyəcək! Yetişdirəcəyin əncir “torbaları” Tahirsizliklə dolacaq! Və özümə təsəlli verirəm: Tahir Qələmin publisistika “meyvələri” həmişə təzə-tər qalacaq!
Ruhunuz şad olsun, əziz Ustad!
Fariz YUNİSLİ
Mədəniyyət.- 2021.- 24
sentyabr.- S.6.