“Sənətin Kamandar
zirvəsi”
Borçalı aşıq mühitinin yetirməsi, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli simalarından biri olan Kamandar Əfəndiyevə həsr olunmuş növbəti kitab işıq üzü görüb. 2021-ci ilin iyul ayında Gürcüstanda – ustad aşığın doğma yurdu Marneuli rayonunun Kəpənəkçi kəndində ev-muzeyinin açılması ərəfəsində Tbilisidə işıq üzü görmüş kitab “Sənətin Kamandar zirvəsi” adlanır.
Kitabın müəllifi Borçalıda yaşayıb fəaliyyət göstərən folklorşünas alim, professor Mahmud Kamaloğlu, redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçisi professor Şurəddin Məmmədli, məsləhətçisi ustad aşığın oğlu Əflatun Kamandardır.
Kitabda aşıq Kamandar Əfəndiyev haqqında gürcü dilində də məlumatlar yer alıb ki, bu da gürcü ictimaiyyətinin sənətkarın həyat və yaradıcılığı ilə yaxından tanış olmasına imkan yaradır.
Aşıq Kamandar – Kamandar Həmid oğlu
Əfəndiyev 1932-ci il oktyabrın 21-də
Borçalıda anadan olub.
XX əsrin ikinci
yarısından bənzərsiz ifası və dastan
söyləmək bacarığı ilə Azərbaycan
aşıq sənətində özünəməxsus yer tutub, təkcə Gürcüstanda və Azərbaycanda deyil, eyni zamanda
Türkiyədə, Cənubi Azərbaycanda və Orta Asiya respublikalarında
da məşhur olub.
1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün
mükafatçısı olan Kamandar Əfəndiyev 1963 və 1984-cü illərdə
keçirilən Azərbaycan aşıqlarının III və
IV qurultaylarının nümayəndəsi olub,
“Əməkdar mədəniyyət işçisi”
(1984) fəxri adına layiq görülüb, orden və
medallarla təltif olunub.
Mədəniyyət.- 2021.- 29
sentyabr.- S.7.