Niderlanddan İndoneziyayadək

 

Azərbaycanın Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

 

 

 

Azərbaycanın 44 günlük Vətən müharibəsi şəhidlərinin Anım Günü – 27 sentyabr müxtəlif ölkələrdəki səfirlik və diaspor təşkilatlarımızın təşəbbüsü və iştirakı ilə dünyanın dörd bir yanında qeyd edilib.

 

Niderlandın Haaqa şəhərində “səssiz yürüşkeçirilib. HaaqaSülh Sarayı”nın qarşısından Azərbaycan səfirliyinin qarşısınadək yürüşdə Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasına üzv assosiasiyaların nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

 

Əllərində Vətən müharibəsi şəhidlərinin portretləri və “27 sentyabr – Azərbaycanda xatirə günü”, “Şəhidlər - sizi unutmayacağıq” kimi plakatlar olan yürüş iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş igidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Səfirliyin qarşısında şəhidlərimizin portretləri önünə gül dəstələri qoyulub və onların xatirəsinə şamlar yandırılıb.

 

Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva, “Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyasının rəhbəri Firəngiz Bağırova mərasimdə çıxış ediblər.

 

İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının, İsveç Qarabağ Azadlıq Mərkəzi Birliyi və Batı Yöteland Azerbaycan Evi Birliyinin təşkilatçılığı ilə Yöteborq şəhərində 27 sentyabr – Anım Günü ilə əlaqədar aksiya keçirilib.

 

Sltottsskogen parkında reallaşan aksiya zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı aksiyada şəhidlərimizin fotoları nümayiş etdirilib, onların şəkilləri önünə güllər düzülüb, xatirələrinə ehtiram əlaməti olaraq şamlar yandırılıb, həzin musiqi səsləndirilib.

 

Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibətilə dünyanın müxtəlif ölkələrində məşhur tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

 

Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi 27 sentyabr – Anım Günü ilə əlaqədar xüsusi dizaynla işıqlandırılıb. Qüllə üzərində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub. Həmçinin “Azərbaycan–Türkiyə: Bir millət, iki dövlət!” ifadəsi əks etdirilib.

 

BosniyaHerseqovina paytaxtının ən hündür binasının – “Sarayevo Biznes və Ticarət Mərkəzi”nin media fasadında Azərbaycan bayrağı və zəfər simvolu olan “Xarıbülbül” nümayiş etdirilib.

 

Pakistanın paytaxtı İslamabadın rəmzi sayılan “Pakistan Abidəsi” (Pakistan Monument) 27 sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan bayrağının təsviri ilə işıqlandırılıb.

 

Kolumbiyanın paytaxtı Boqotanın simvolu olan məşhur “Colpatria” binası üçrəngli bayrağımızın rənglərinə bürünüb. Binanın üzərində “27 sentyabr – Azərbaycan qəhrəmanlarını yad edir” sözləri işıqlandırılıb.

 

Perunun paytaxtı Limanın mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə də Azərbaycan bayrağı və “27 sentyabr – Azərbaycan qəhrəmanlarını yad edir” sözləri əks olunub.

 

Bayrağımız İndoneziyanın paytaxtı CakartadaGama Tower” üzərində də nümayiş etdirilib. Videoproyeksiyanın arxa planında şəhid Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” mahnısı səsləndirilib.

 

Mədəniyyət.- 2021.- 29 sentyabr.- S.8.