Zəfərin şahidləri
Yaxud qalib, amma yorğun qəhrəmanların
xatirə yükü
İkinci Qarabağ müharibəsinin yenilməz qəhrəmanları, məğlubedilməz döyüşçüləri, sarsılmaz Azərbaycan ərənləri... Bizi Zəfərə qovuşduran, bütün dünyaya güc və iradəmizi, ən vacib anda bir yumruğa çevrilib düşmən başını əzə biləcəyimizi göstərən qüdrətli xalqın müzəffər Ordusunun üzvləri idi onlar.
Bir il əvvəl bizlər “Ordumuz cəbhənin bütün istiqamətlərində irəliləyir” cümləsinə sevinəndə məhz o oğullar, məhz o igidlər bizi ağlımıza belə gəlməyəcək qısa zamanda Zəfərə, işğal altında inildəyən tarixi torpaqlarımıza qovuşdurdular. Təbii ki, savaşda qələbə itkisiz, qurbansız qazanılmır. Azərbaycan yüzlərlə Vətən oğlunu bağrına basdı, yenə yüzlərlə ananın, atanın, bacının, qardaşın, övladın təsəllisinə, sığalçısına çevrildi.
Vətənin şəhadətlə, qurbanlarla qazandığı Zəfərin, daddığı vüsal şərbətinin bir baş qəhrəmanı da qazi adlı mücahidlərdir. Onlar bədənində, ruhunda, bütün varlığında savaşın ağrılarını, itkilərini, müharibənin ən amansız cizgilərini daşıyır. Ağır, çox ağır olur onlarla danışmaq, söhbətə cəhd eləmək. Hər cümlələri, hər deməyə çalışıb deyə bilmədikləri bir itkidən, bir ağır sarsıntıdan, bir qan damlayan yaradan xəbər verir. Yəqin elə buna görədir ki, müharibə iştirakçıları döyüş xatirələrindən, aldıqları yaralardan danışmağı sevmirlər. Bunu bilsəm də, hər məqamda da onlarla danışmaq, onları danışdırmağa çalışıram...
Savaşdan normal həyata qayıtmaq üçün
Bakının Buzovna qəsəbəsindəki Sanator-Kurort Reabilitasiya Mərkəzində müalicə alan bir neçə qazi ilə söhbət etmək şərəfinə nail oldum. Fürsətdən istifadə edib mərkəzin iş fəaliyyəti, qazilərə göstərilən xidmətlərlə də maraqlandım.
Mərkəzin baş direktoru Mürsəl Mürsəlov Vətən müharibəsi qazilərinə göstərilən xidmətlər haqqında danışdı, qəhrəman oğullarımızla keçən vaxta nəzər saldı: “Ən müasir tələblərə cavab verən mərkəzimiz Prezident İlham Əliyevin göstərişi ilə Səhiyyə Nazirliyi tərəfindən tikilib. 14 noyabr 2020-ci il tarixində, müharibədən 4 gün sonra isə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmanlıq göstərən Vətən müharibəsi qazilərinin istifadəsinə verilib. Onlar bizdə müalicə alıb normal həyatlarına qayıdırlar, ya da müvafiq qurumdakı komissiya tərəfindən əlillik dərəcəsi veriləndən sonra müalicələrini digər tibb və reabilitasiya müəssisələrində davam etdirirlər. Biz onlarla ilk dövrdə, yəni xəsarət alıb müvafiq tibbi yardımdan sonrakı məqamda məşğul oluruq. Bu mənada müharibədən, səngərdən, o ağrılardan çıxıb xəstəxanadan sonra ilk təmasda olduqları adamlar bizim mütəxəssislər olur.
Təbii ki, bu şərəfli və çətin işdir. Düzdür, indi artıq öyrəşirik, necə deyərlər, onlara necə yanaşacağımızı bilirik. Amma, gəlin, 14 noyabrı xatırlayaq. Təsəvvür edin, hamımız həyəcanlı halda ilk xəstələrimizi qəbul edirik. Savaşın qəhrəmanlarını, Qarabağı bizə qaytaran oğulları görəcəkdik. Birinci qrup 11 nəfər idi, aşağı ətrafların hərəkətinin məhdud olduğu qazilər. Onların da 7-si tam hərəkət edə bilmirdi. Çox çətin idi. Birdən-birə o döyüşçülərə niyə gəzə bilmədiklərini, bunun üçün uzun və gərgin proseslərdən keçəcəklərini izah etmək, onların bu vəziyyətlə barışmadıqlarını görmək, darmadağın psixologiyalarını toparlamağa çalışmaq ağır idi. Şükür, onlardan üçü sağalıb ayağa qalxdı. Dördünün müalicəsi isə Türkiyədə davam etdirilir. Çoxunun iradəsi güclü idi, vəziyyətlə barışıb, “Sağlamlığımı Vətən üçün itirmişəm və bununla qürur duyuram” deyirdi, bəzisi də özünü bütün ətraf aləmə qapatmışdı...”.
Həmsöhbətim deyir ki, bu günədək mərkəzdə 1231 qazi xidmət görüb. Onların arasında təkrar-təkrar, kurs müalicələr alanlar da çoxdur. Bir kurs 15 gündür. Amma bəzi xüsusi xəstələrimiz təxminən 4 ay fasiləsiz burada qalıb müalicə prosesindən keçiblər: “Mərkəzimizdə qazilər üçün nevroloji və psixoloji müalicələr, fizioterapiya, bolneoterapiya, hidromasaj, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, loqoped xidməti təşkil olunub. Əsasən xəstələrimiz bura kəllə-beyin, onurğa-beyin travmaları, dayaq-hərəkət və periferik sinir sisteminin zədələnmələri diaqnozları ilə göndərilir. Bu diaqnozlar içərisində əsasən periferik sinir sisteminin travmaları üstünlük təşkil edir. Qürurla deyə bilərəm ki, müalicə kursu ərzində qazilərimizin psixoloji durumunda maksimum yaxşılaşma əldə olunur”.
Qazilər üçün müharibə hələ bitməyib...
Mərkəzdə olduğum bir neçə saatda bir fikrə tam əmin oldum: qazilər üçün müharibə hələ də bitməyib.
...Nahar vaxtı çatdı, qazilərə mane olmamaq üçün Mürsəl həkimlə söhbətimizi iri və işıqlı yeməkxananın küncündəki masada davam etdirdik. Aradan az vaxt keçdi və yeməkxanada canlanma başladı. Qazilər tibbi personalın müşayiəti ilə bir-bir geniş və rahat zalda yerlərini aldılar. Naharın ardınca öz aralarında söhbətə başladılar. Məqamı dəyərləndirmək istəyirdim ki, Mürsəl həkim sonuncu xəbərdarlığını da etdi: “Qazilərlə ünsiyyət elə də asan olmur. Onlar istəmədikcə, siz onları danışdıra bilməzsiz. Xahiş edirəm, çalışaq, xüsusən yaralandıqları məqamı xatırlatmayaq. Ola bilər, kimsə özü istəyər, danışar, onda biz də yalnız dinləyərik. Heç təsəllidən də xoşları gəlmir. Bir şeyi də deyim, burada müalicə alan hərbçilər, ələlxüsus da Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edənlərin əksəriyyəti səbirsizliklə tez sağalıb xidmətə qayıtmağı gözləyirlər. Hərbçilərin 80 faizi orduya yararlı olmaq üçün əzmlə bütün prosedurlardan keçirlər”.
Həkim danışdıqca nəzərlərim əlil arabasındakı gözü yol çəkən yaşlı kişiyə sataşır. Mərkəz rəhbəri diqqətimi görüb “Bizim müəssisədə təkcə qazilər müalicə almır. Şəhidlərin ailə üzvləri də ehtiyac olduqda müəyyən müalicələri qəbul edirlər. Bu həm burada müalicə alan qazilərə, həm də elə ailələrə müsbət təsir edir. Qazilərimiz kimi şəhidlərimizin doğmaları da bizim üçün əzizdir, dəyərlidir. Gördüyünüz şəxs də Vətən müharibəsi şəhidlərimizdən Emilin atası Vaqif dayıdır. Oğlunun şəhadətindən sonra iki dəfə insult keçirib” dedi. Eşitdiklərimin ağırlığı altında asta-asta ağsaçlı kişiyə tərəf getdim. İstədim xatirələrin və təəssüratların ağsaqqal sözünü o desin...
– Lənkərandan şəhid
Emil Qurbanovun atasıyam.
Sentyabrın 27-də onun da
döyüşü başladı,
oktyabrın 27-30-u arasında
isə şəhid oldu. Ehtiyatda olan baş leytenant idi. Səfərbərlik elan olunan kimi gedib yazıldı
siyahıya. Qızım, bilirsən, o, çox qüvvətli idi. Ağırlıqqaldırma üzrə çempion
idi. Onu hər yerdə
tanıyırdılar, sevirdilər.
Lənkəranda orta məktəbdə
hərbi hazırlıq
müəllimi idi, idman klubunda da dərs deyirdi.
Oğlumun bu qədər
güclü olduğunu
onun şəhadətindən
sonra bildim. Ailəli idi, 20 yaşında bir qızı da var. Özünün çevrəsi, nüfuzu,
işi. Amma yenə
də mənim gözümdə uşaq idi oğlum. Elə bil birdən-birə böyüdü, atasını
da, anasını da, bütün nəslini də gözü yolda qoyub getdi. Ondan sonra bu günə
düşdüm. İki
dəfə mən
insult oldum, sonra yoldaşım... 40 yaşında
şəhid oldu oğlum. Dedi İlham Əliyev bizi səsləyir, gedib vətənimizi qorumalıyıq, erməni
dığası kimdi
ki...
Qaliblərlə söhbət
Bu dəm ucaboy bir gənc bizə
yaxınlaşdı, əlini
atanın çiyninə
qoyub “Dayıcan, bütün şəhidlər
kimi Emil qardaşımız
da cənnətdədir”
deyib gülümsündü. Daha doğrusu,
içinə axan göz yaşlarını,
hayqırtılarını təbəssümünə təslim
elədi. Məqamdı, onu da, bizi
qalib edən yol yoldaşlarını da tanıyaq.
Allahverdi
Heydərov:
– 21 yaşım var. 2019-cu ilin
aprelində həqiqi hərbi xidmətə çağırıldım. Andiçmədən sonra XTQ-yə seçildim. Təlimlərə başladıq. Müharibə vaxtı da o qüvvələrin tərkibində
kəşfiyyatçı kimi
Murovdağ silsiləsindən
25 kilometr dərinliyə
getdik. Düşmən qüvvələri ilə qarşılaşdıq
və mövqeyimizi dəyişib Füzulidən
eyni istiqamətdə irəliləməyə başladıq.
Füzuli, Cəbrayıl,
Xocavənd istiqamətində
döyüşdüm, oktyabrın
22-də Tuğ kəndində
yaralandım. Ayağım və belim sındı,
bir müddət hərəkətsiz qaldım,
sonra avtomatıma tərəf sürünüb
mən də atışmağa başladım.
Bu an sol ayağımdan
da snayperlə vuruldum. 50 metr
məsafədən, yüksəklikdən
bizi atəşə tutsalar da, sonradan
özləri geri çəkilməyə məcbur
oldular. Kömək gəldi və
biz mühasirədən, itkilərlə
də olsa, qurtulduq. Çobanov Üzeyir adlı
dostum, qubalı igid vardı. Nə qədər qışqırsam
da, məhəl qoymadı və atəş altında qaça-qaça gəlib
məni yaralı halda əsir düşməkdən xilas
etdi, arxasına alıb apardı. Yolboyu mənə “Vurulsaq da, burdan çıxmalıyıq”
dedikcə Allaha yalvarırdım ki, güllələr mənə
dəysin, heç olmasa, o salamat çıxsın. Yaralansaq da,
hər ikimiz o vəziyyətdən çıxdıq.
Bir neçə ay xəstəxanada
yatdım, indi də burada müalicə alıram.
Təəssüf ki, XTQ-dən
tərxis olundum.
Artıq
polis sıralarında fəaliyyət
göstərəcəm, yenə
də Vətənimə
xidmət edəcəm.
Kapitan Ceyhun Bayramov:
– Culfa rayonundanam. Burada çox gözəl şərait var. Artıq ikinci dəfədir ki, burada müalicə
alıram. İlk gələndə
hədsiz ağrılarım
vardı, ayaqlarım,
demək olar ki, yerimirdi. Sağ olsunlar, fizioterapiyadan sonra ayaqlarım, qismən də olsa, düzəldi.
Buna da şükür.
33 yaşım var, ağır da olsa, həyat
hələ qarşıdadır.
14 yaşımdan hərbidəyəm, lisey,
sonra da Azərbaycan Ali Hərbi Məktəbində oxudum.
Qusarda, Tərtərdə xidmət
elədim. Çaylıda batareya komandiri olmuşam. Sonra Tapqaraqoyunluya getdik,
döyüşə də
oradan başladıq.
44 günün hamısında artilleriyada
olmuşam. Amma müharibədən,
döyüşdən danışmaq
istəmirəm, danışa
bilmirəm, xahiş edirəm, siz də sual verməyin.
Bu, təkcə sizinlə bağlı deyil, mən ümumən o mövzuda danışa bilmirəm.
Məsələn, uşaqlıq dostum
Sənan Zamanovdan necə keçmiş zamanda danışım?!
Onunla birlikdə döyüşdük,
o, şəhid oldu.
Biz birlikdə nəfəs alırdıq.
Məndən yox, ondan yazarsız, onu yad edərsiz...
Ailəliyəm, 6 və 1 yaşında
iki övladım var. Amma üst-üstə hesablasan, heç onları 50 gün görməmişəm. Bu
gün onlar mənimlə nəfəs
alırlar. Mən yenə
orduya qayıtmaq, Vətənə xidmət
eləmək istəyirəm.
Gizir Vüsal İbayev:
– Tank komandiriyəm. Nə danışım? Müsahibə verə bilmirəm, heç xoşum da gəlmir. 2012-ci ildən hərbidəyəm, döyüş yolum Füzuli rayonunun Alxanlı kəndindən başladı. Füzulidə, Cəbrayılda döyüşmüşəm. Cəbrayılın tam azad olunmasında şəxsən iştirak etmişəm. Sentyabrın 29-da Füzulidə tankımız vuruldu, sonra biz Cəbrayıla keçdik, orada da döyüşdük. Nə isə, davam eləyə bilmirəm. Bu döyüş mənim, bizim borcumuz, hərbçi kimi vəzifəmiz idi və döyüşdük də. Bu yolu seçəndə də gec-tez ölümü dadacağımızı bilirdik. Qubadlının birinci kəndini almışdıq, orada yaralandım. Heç nə düşünmədən irəliləmişik daim. Öldürülən dostlarının, silahdaşlarının intiqamını almaq hissi bütün qorxu və həyəcana qalib gəlir. Döyüşməyə həvəsin, əzmin olur. Bu mənada yəqin ki, heç vaxt dostlarımın, xüsusən mexanikim Vüqar İbadovun ölümünü unutmayacam. Düzdü, şəhidlərin hamısı bizim üçün əzizdi, amma illərdir bir xidmət etdiyim hərbçi yoldaşlarımı unuda bilməyəcəm, unutmayacam.
Cəlal Aslanov:
– 21 yaşım var. Füzulidə, Qubadlıda döyüşdüm, Daşaltıyadək getdim. Orada yaralandım. Piyada döyüşçü idim. Yadıma salmaq istəmirəm, çox pis oluram. Allah bütün şəhid dostlarımıza rəhmət eləsin. Əslində, biz qısa zamanda bir-birimizi tanıdıq, ani rastlaşan, təzə tanış olan da illərin dostu kimi hal-əhval tuturdu. Dəhşətlisi də bu idi, bir neçə dəqiqə əvvəl tanış olduğun, danışdığın səngər yoldaşının şəhidliyinə şahid olursan, heç adını belə yaddaşına yazmamış, gözlərini qapayırsan, çarəsizcəsinə vəziyyətlə barışmağa çalışırsan. Bəlkə burada saxlayaq...”.
Nahar da, söhbət də, istirahət vaxtı da, elə onların bizə ayırdığı zaman da bitdi. Yeməkxana boşaldı və qəribə, izahsız hisslərin müşayiətində mən də oranı tərk etdim. Yaddaşımın bir küncündə isə xidmətini davam etdirdiyi üçün müsahibədən imtina edib “İnşallah, zaman gələr sizi taparam və müharibədən xatirələrimi mütləq danışaram. İndi heç özümdən də danışa bilmirəm. Keçəcək, bunlar da keçəcək. Əsas odur ki, biz qalib olduq” deyib uzaqlaşan gizirə yer saxladım...
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2021.- 29
sentyabr.- S.6.