Tarixi mənbə və nümunələr əsasında hazırlanan milli geyimlərə baxış keçirilib

 

Geyim mədəniyyəti maddi mədəniyyətin ən mühüm sahələrindən biridir. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “İnkişaf Korporasiyası” QSC tərəfindən tarixi mənbə və nümunələr əsasında müvafiq araşdırmalar aparılmaqla Azərbaycan milli geyim standartları hazırlanıb.

 

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və “İnkişaf Korporasiyası”nın icraçı direktoru Vüsal Qasımov hazırlanan milli geyim standartları ilə tanış olublar.

 

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, zəngin tarixə malik olan, XX əsrin əvvəllərinə qədər böyük bir inkişaf yolu keçmiş milli geyimlərimiz dövrünsiyasi quruluşun dəyişməsi, Avropa mədəniyyətinin məişətimizə sirayət etməyə başlaması ilə tarixə qovuşaraq indi əsasən muzey kolleksiyalarında saxlanılır.

 

Son dövrlər etnodəbin gündəmə gəlməsi ilə aktuallaşan milli geyimlərimiz əksər hallarda öz orijinal formasından tamamilə fərqli əlavə və dəyişikliklərə məruz qalır. Bu isə çox mənfi bir tendensiya olmaqla, gənclərin milli geyimlərlə bağlı yanlış məlumatlanmasına gətirib çıxarır, eyni zamanda hər an maddi-mənəvi dəyərlərimizi mənimsəməyə hazır olan qonşular üçün fürsət verir. Odur ki, maddi mədəniyyətin ən mühüm atributlarından biri olan milli geyimlərin yad əllərə düşməsinin, başqa millətlər tərəfindən özününküləşdirilməsinin qarşısını almaq üçün onun düzgün öyrənilməsi və təbliği çox vacibdir.

 

Sonda qeyd olunub ki, geyim mədəniyyətimiz dünyaya səs salan xalçalarımız və muğam sənətimiz qədər zəngin və qədimdir, türk xalqlarının dünya mədəniyyətinə bəxş etdiyi böyük töhfələrdəndir. Bu sərvətlərlə fəxr etmək mənəvi haqqımız, onu öyrənib-öyrətmək, gələcək nəsillərə sağlamtoxunulmaz şəkildə ötürmək isə borcumuzdur.

 

Mədəniyyət.- 2021.- 29 sentyabr.- S.5.