Şuşada unudulmaz iki gün
Vətən müharibəsində Zəfərdən cəmi 10 ay sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ilk dəfə 18 sentyabr – Milli Musiqi Günü keçirildi. Musiqimizin beşiyi olan Şuşamızda, bu əfsanəvi şəhərdə illər sonra Üzeyir bəyin doğum günü qeyd edildi.
Bu əlamətdar günün Şuşada keçirilməsi Prezidentimizin, Ali Baş Komandanın rəhbərliyi altında Ordumuzun rəşadətinin, əzminin, şəhidlərimizin şücaətinin nəticəsidir. Bu sevinci bizə yaşatdığına görə Prezidentimizə, Ordumuza, qazilərimizə və Vətən uğrunda canından keçən şəhidlərimizə əbədi borcluyuq.
Belə bir xoş
günü Şuşada
keçirmək mənə də qismət oldu.
Bu mənim üçün ikiqat bayram idi. Ömrümdə ilk dəfə idi ki, Şuşada olacaqdım. Bəlkə də
bu, bir yuxu
idi. Lakin reallaşan bir
yuxu. Şuşaya gedəcəyimə, oranı görəcəyimə
görə keçirdiyim
hisslər məni həyacanlandırır, riqqətə
gətirirdi. Şuşa haqqında
təsəvvürümün əsasını oxuduğum
kitablar, Şuşaya səfər edənlərin
xatirələrdən ibarət
söhbətləri, tamaşa
etdiyim sənədli filmlər təşkil edirdi. Xəyalımda
30 il əvvəlki
Şuşa canlanmışdı.
Səfərimiz sentyabrın 17-də başladı. Bakıdan Şuşaya
yola düşdük.
Azad edilmiş torpaqlarımıza qədər
yolboyu şahid olduqlarımda bir harmoniya var idi.
Keçdiyimiz hər kənd
və hər şəhərdə inkişaf,
canlanma görürdük.
Təəssüflər olsun ki, Füzulinin Əhmədbəyli
kəndindən sonra qarşımızdakı mənzərə
bir andaca çox dəyişdi.
Dağıdılmış evlər, kəsilmiş
meşələr, sökülmüş
üzüm bağları,
ölü ağaclar.
Gördüklərimiz bizi çox
təsirləndirirdi. Lakin bu dağıntıların arasında
qaynayan quruculuq işləri, yeni yolun, hava limanının
inşa edilməsi, həyat üçün,
yaşayış üçün
əhəmiyyət kəsb
edən infrastrukturun yaradılması – bunları
gördükdə qəlbimizdə
bir rahatlıq tapdıq. Zəfər yolu bizi doğma Şuşamıza
aparırdı.
Füsunkar mənzərə, həzin
külək, təmiz
dağ havası bizi müşayiət edir, xəyalımızda qurduğumuz şəhərə
aparan yolu göstərir, bizə yoldaşlıq edirdi. Nəhayət,
Şuşadayıq!!!
Şəhərə daxil olduq. Bizi əzəmətli
Gəncə qapısı
üstündə qırmızı
hərflərlə yazılmış,
alovlu şəkildə
parlayan “Şuşa” qarşıladı. “Xarıbülbül” hotelinin
qarşısında şəhərin
simvolu olan “Xarıbülbül” maketləri
isə bizi heyrətə gətirdi.
Onlar gözümüzdə
bir andaca canlandı, sanki gələn qonaqları bağrına basan ev sahibinə
çevrildi. “Xarıbülbül” maketləri
üzərində Qarabağa
səyahət etmiş
yerli və xarici rəssamların təəssüratları əks
olunub. Çox yaradıcı, diqqətçəkən
ideyadır.
18 sentyabr – Şuşada
gəzinti ilə günə başladıq. Nümayəndə heyəti, eləcə də Bəstəkarlar İttifaqından Z.Qafarova,
A.Əzimov, A.Dadaşov,
C.Abbasov, L.Hüseynova,
E.Dadaşova, R.Abbasova
və mən Şuşanın bir çox yerlərində olduq. İlk olaraq Bülbülün
yenidən qurulan ev-muzeyini ziyarət etdik. Bu Qələbədən
sonra Şuşada fəaliyyəti bərpa olunan ilk muzeydir. Muzeydə Bülbülün şəxsi
əşyalarının bəziləri,
o cümlədən qavalı,
onun elmi-pedaqoji və ictimai fəaliyyətini əks etdirən sənədlər,
fotoşəkillər var.
Sonra Şuşanın
mərkəzi meydanında
nümayiş olunan Üzeyir Hacıbəylinin,
Xurşudbanu Natəvanın,
Bülbülün büstlərinin
– Şuşanın işğalının
izini yaşadan “güllələnmiş heykəllər”in
önünə gül
dəstələri qoyduq. Yavaş-yavaş
Şuşa qalasına tərəf addımladıq. Qala divarları boyunca
gəzdikcə sanki hər daş Şuşanın keçmişidən
bizə söhbət açırdı.
Ü.Hacıbəylinin dağıdılmış, Xan
qızı Natəvanın
sökülmüş, Sadıqcanın,
S.Ələsgərovun tamamilə
viran olunmuş evlərini də gördük. Bütün bunlar erməni
vandalizminin bariz nümunəsi idi. Təəssüf, kədər hissi
ilə baxıb, köks ötürürdük.
Yalnız təsəllimiz inam,
arzu və ümidlərimiz idi.
Bilirik ki, dirçələn Şuşamızla bərabər,
xatirələrimizi də
dağılmış daşların
altından çıxarıb
reallaşdıracağıq.
Həm qonaqlar,
həm də konsertə dəvət edilən şuşalılar
Üzeyir bəyin heykəli qarşısına
toplaşmış, konsertin
başlamasını sevinclə,
həvəslə gözləyirdik. Bildiyimiz kimi,
29 avqustda cənab Prezidentin iştirakı ilə Şuşada Ü.Hacıbəylinin heykəlinin
açılışı olub. Digər abidələrimiz kimi, Üzeyir bəyin heykəli də Şuşanın işğalından sonra dağıdılmışdı. Heydər Əliyev Fondu tərəfindən heykəl
yenidən əvvəlki
yerində ucaldılıb.
Burada Üzeyir
Hacıbəyli XIII Beynəlxalq
Musiqi Festivalının
ilk konserti başlandı. Fikrət
Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı nəzdində Xalq çalğı alətləri orkestrinin (bədii rəhbər – Xalq artisti Ağaverdi
Paşayev) və tarda Xalq artisti
E.Həşimov, kamançada
Əməkdar artist E.Əhmədovun
müşayiətində Xalq
artisti M.İbrahimov, Əməkdar artistlər Q.Əsgərov, A.Şuşalı,
N.Kərimova, A.Əliyeva
və digər ifaçılar Ü.Hacıbəylinin,
S.Ələsgərovun, C.Cahangirovun,
H.Rzayevin, Niyazi, V.Adıgözəlovun əsərlərini
ifa etdilər. Bu konsert nəinki
biz musiqiçilərə, o cümlədən Şuşanın
dirçəlməsində əməyi olan hər bir kəsə,
xüsusən də şuşalılara hədiyyə
idi.
Əsrarəngiz təbiətin qoynunda
səslənən hər
bir əsərdə müəllifin ruhu hiss olunurdu. Sanki musiqinin
ahəngində külək
ağacların arasından
çıxıb, səmaya
qalxır, buludlarla rəqs edirdi. Gah günəş parlayır,
gah da buludlar
göy üzünü
tutub bizlərdə yağış həyacanı
yaradırdı. Konsert “Qarabağ
şikəstəsi” ilə,
alqışların müşayiətində
təntənəli şəkildə
yekunlaşdı.
Səfər zamanı Natəvan bulağında, Yuxarı Gövhər ağa məscidi və Molla Pənah Vaqifin muzey-məqbərə
kompleksində də olduq. Cıdır düzündə keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Sıldırım dağların əzəməti,
gözoxşayan yaşıl
meşələr, səfalı
Cıdır düzü.
Diqqətimi çəkən digər məqam isə qaldığımız
hotelin interyerini bəzəyən rəsmlər
– Əməkdar incəsənət
xadimi, professor E.Avalovun
Şuşanın memarlıq
abidələrinə həsr
olunan qrafik əsərləri oldu.
Rəsmlərin hər biri öz bədiiliyi və orijinallığı
ilə seçilir.
Bu ağ-qara cizgilər
baxanları ovsunlayır,
şəhərin tarixiliyi
və qədimliyini əks etdirir.
Şuşaya əliboş getmək düzgün olmazdı. Bakı
şəhər F.Əmirov
adına 6 nömrəli onbirillik İncəsənət məktəbinin
direktoru kimi mən də çox da böyük
olmayan hədiyyə ilə getmişdim əziz Şuşaya. Məktəbin Rəssamlıq şöbəsinin
müəllimi Elmar Ağamirzəyevin sinfində
oxuyan II sinif şagirdi Z.Qasımlının
Şuşaya həsr etdiyi rəsm əsərini şəhərin
Rəsm Qalereyası üçün təqdim
etdim. Rəsm kiçik olsa
da, doğma hisslərlə, böyük
sevgi və arzuyla işlənib.
Rəsmdə şəhərin səmasında pərvaz edən azad quşlar təsvir edilib. Bu, o deməkdir
ki, artıq xoşbəxtlik, sevinc olacaq, Şuşada həyat qaynayacaq.
Özümlə Şuşadan nə gətirə bilərdim? Əlbəttə canlı, xoş hisslər, unudulmaz təəssürat və təzə, qızılı, qaynar çörək. Ətrindən payızın, dadından o torpaqların təravəti gələn Şuşa çörəyi.
Mədəniyyət məbədimiz olan qədim şəhər dirçəlir. Qarabağın döyünən qəlbində Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa işləri ilə əlaqəli bir çox layihələrin icrasının şahidi olduq.
Arzu edirəm ki, artıq Şuşada xeyir işlər, toylar, bayramlar olsun. Yeni nəsil böyüsün, küçələrdən, evlərdən uşaqların gülüş səsləri eşidilsin. Musiqi məktəblərinin təməli qoyulsun, yeni təlim-tədris ocaqları açılsın. Azərbaycan Milli Konservatoriyasının filialı fəaliyyət göstərsin.
Qarabağ Azərbaycan tarixinə qüdrətli sərkərdələr, istedadlı alimlər, məşhur sənətkarlar, görkəmli mədəniyyət, incəsənət xadimləri, pedaqoqlar bəxş edib. Bu müqəddəs torpaqda neçə belə nəsillər yetişəcək. Artıq Şuşa, eləcə də bütün Qarabağ bölgəsi özünün yeni intibah dövrünə qədəm qoyur. Həyat davam edir...
Adilə YUSİFOVA
Əməkdar müəllim, F.Əmirov adına 6 nömrəli İncəsənət məktəbinin direktoru
Mədəniyyət.- 2021.- 29
sentyabr.- S.7.