Şəhid musiqiçinin xatirəsi yad olundu

 

Sentyabrın 27-si Anım Günündə Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bakı Musiqi Kollecinin birgə təşkilatçılığı iləŞəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbir keçirildi.

 

Vətən müharibəsi şəhidi, tuba ifaçısı Tamerlan Mahmudova həsr edilən tədbirdə əvvəlcə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin ifasında Dövlət himnimiz səsləndirildi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı, Tamerlan Mahmudova həsr edilən videoçarx nümayiş olundu.

 

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər zabitlərimizə dərin hörmət ehtiramdan danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir.

 

Muzeyin şöbə müdiri Xanım Abdinova çıxış edərək Vətən müharibəsində hərbçilərimizin qəhrəmanlığından danışdı. Bildirdi ki, Vətən müharibəsi şəhidi Tamerlan Fuad oğlu Mahmudov 1995-ci ildə anadan olub. Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 2 saylı internatda təhsil alıb. 18 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə yüksəlib. Ölkə başçısının sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medallarına layiq görülüb.

 

Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov Tamerlan Mahmudovun qısa və şərəfli ömür yolundan danışdı. Diqqətə çatdırdı ki, o, istedadlı musiqiçi, zirək bir gənc idi. Uşaq yaşlarından musiqiyə maraq göstərib. Təhsilini Mərdəkan qəsəbəsindəki 2 nömrəli internat məktəbində davam etdirib. Çünki seçdiyi nəfəsli musiqi alətlərindən olan tuba ifaçılığı ancaq bu məktəbdə tədris edilirdi. Müəllimi, Uşaq nəfəsli alətlər orkestrinin dirijoru Rafael Əzimovdan sənətin sirlərini öyrənib. 2011-ci ildə Dövlət Sərhəd Xidmətinin Nümunəvi hərbi orkestrinə musiqiçi kimi qəbul olunub. 2013-cü ildə hərbi xidmətə yollanıb. Qayıtdıqdan sonra da müxtəlif hərbi orkestrlərdə fəaliyyət göstərib. Ancaq o, musiqi təhsilini davam etdirmək istəyirdi. 2016-cı ildə Sumqayıt Musiqi Kollecinə tuba ifaçılığı üzrə qəbul olunan Tamerlan respublika, eləcə də müxtəlif səviyyəli beynəlxalq müsabiqələrdə uğurla çıxış edib, diplomlara layiq görülüb.

 

Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri, Əməkdar incəsənət xadimi Əlibala Rzayev və tələbə yoldaşları şəhidlə bağlı xatirələrini bölüşdülər, ruhuna rəhmət oxudular.

 

Çıxışlardan sonra Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin ifasında Tamerlan Mahmudovun vaxtilə ifa etdiyi mahnılardan ibarət musiqi proqramı təqdim edildi.

 

Sonda şəhid musiqiçinin xalası Esmira İsmayılova ailələri adından tədbirin iştirakçı və təşkilatçılarına öz təşəkkürünü bildirdi.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 29 sentyabr.- S.3.