Yenidən “Traviata” ilə
Musiqisevərlərə zəngin təəssürat bəxş edən Üzeyir Hacıbəyli festivalı başa çatdı. Uzun fasilədən, pandemiya qadağalarından sonra kütləvi tamaşaçının teatr-konsert salonlarında yenidən bir araya gəldiyi festival sayəsində həm maraqlı və peşəkarlıqla hazırlanan yeni konsert proqramlarını izlədik, həm də klassik opera nümunələrindən zövq aldıq.
Festivalın sonuncu günü – sentyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Cüzeppe Verdinin məşhur “Traviata” operası nümayiş etdirildi. Tamaşaçılar arasında mədəniyyət naziri Anar Kərimov, digər rəsmilər, mədəniyyət və incəsənət xadimləri vardı. Zalda pandemiya qaydalarına müvafiq olaraq boş saxlanılan oturacaqlardan savayı bütün yerlər dolu idi. Bu mənada nümayişə “anşlaqla keçdi” də deyə bilərik.
Dünya operasının incilərindən sayılan əsərin Bakı səhnəsində budəfəki nümayişində Vialetta partiyasını beynəlxalq müsabiqələr laureatı, geniş səs diapazonuna malik məşhur polşalı vokalçı İvona Sobotka ifa edirdi. Onun tərəf-müqabili isə opera səhnəmizin istedadlı ifaçısı, Xalq artisti Samir Cəfərov (Alfredo) idi.
Dördpərdəli musiqi əsərində digər partiyaları Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Cahangir Qurbanov, Səbinə Vahabzadə, Tural Ağasıyev, aktyorlar Mahir Tağızadə, Nina Makarova ifa edirdilər.
Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edirdi.
Musiqisevərlərə yaxşı tanış olan operada ən vacib element qəhrəmanların əsərin dramaturji xəttindən irəli gələn müxtəlifliyi vəziyyət və səs imkanlarında tamaşaçıya ötürməkdir ki, vokalçılar bu işin öhdəsindən məharətlə gəldilər. Xüsusən də Vialetta bizi çılğın və emosional ifa gedişləri ilə özünə ustalıqla, özü də ilk taktlardan ram edə bildi.
Aleksandr Dümanın “Kameliyalı qadın” romanının motivləri əsasında yazılan və XIX əsrin ortalarından səhnələr dolaşan “Traviata” yenə sənətsevərləri ovsunlaya bildi. Biz peşəkar ifaçıların, dinamikası və səs imkanları ilə ustalaşmış vokalçıların sayəsində “yolunu azmış qadın”ın arxasınca düşərək sona qədər getdik. Gözəl və zəngin parisli qadın (Vialetta) və ona aşiq olmuş gənc (Alfredo) bizi mümkünsüz, bəzən də zərərli hisslərin də güc və təsirinə inandıra bildilər.
Əsərin baş qəhrəmanları bizə maneələrlə, qadağalarla dolu bəzən müşkül, bəzən də mümkünsüz münasibətlərin – saf sevgi və məhəbbətin bütün zamanlarda qalib olacağı təəssüratını yaratdılar. Xüsusən polşalı vokalçı ağır xəstəliyə düçar olan, müflisləşən, həyatı boş əyləncələrdə keçirib, sonda həqiqi məhəbbətlə rastlaşan Vialettanın bəzən ürkək qız həyəcanını, bəzən də qadağalara təslim çarəsiz qadın əzablarını ustalıqla göstərə bilirdi. Vokalçının səs texnikası və usta ifa maneraları ilə təqdimatı təqdirəlayiq idi.
Ümumiyyətlə, istər əsərin mükəmməl musiqi həlli, zəngin çalarlılığı, istərsə də əsas və digər partiyaların ifaçılarının ustalığı bizi yenidən klassik opera musiqisinin ölməzliyinə və tamaşaçını uzun zaman təsirində saxlamaq imkanına yenidən inandırdı...
H.NİZAMİQIZI
Mədəniyyət.- 2021.- 29
sentyabr.- S.5.