Təhsil və gender bərabərliyi Nizami Gəncəvi fəlsəfi prizmasından

 

 

UNESCO-nun tərəfdaşlığı ilə virtual konfrans təşkil edilib

 

 

 

Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, UNESCO yanında Daimi Nümayəndəliyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və UNESCO-nun tərəfdaşlığı ilə “Təhsil və gender bərabərliyi Nizami Gəncəvi fəlsəfi prizmasından” adlı virtual konfrans keçirilib.

 

Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan və ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin moderatorluğu ilə keçən videokonfransda mədəniyyət nazirinin birinci müavini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Elnur Əliyev, UNESCO Baş direktorunun təhsil üzrə müavini Stefaniya Cianini, UNESCO Baş direktorluğu yanında gender bərabərliyi şöbəsinin direktoru Cəmilə Seftaui, UNESCO üzrə Milli Komissiyanın baş katibi Seymur Fətəliyev və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva açılış nitqi söyləyiblər.

 

UNESCO Baş direktorunun təhsil üzrə müavini Stefaniya Cianini Nizami Gəncəvinin elmə, təhsilə yüksək qiymət və önəm verdiyini söyləyərək, UNESCO-nun sülh qurmaq, yoxsulluğu aradan qaldırmaq və davamlı inkişafı təmin etmək missiyasının mərkəzində məhz təhsilin durduğunu xatırladıb.

 

Mədəniyyət nazirinin birinci müavini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Elnur Əliyev bildirib ki, bu il 880 illik yubileyi qeyd edilən dahi mütəfəkkirimizin ölməz ədəbi irsi təkcə xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilməyib, eyni zamanda onun əsərlərindəki humanizm, insana məhəbbət, yüksək əxlaq, dərin fəlsəfi fikir bütünlükdə bəşəriyyətə ünvanlanıb. Qüdrətli söz sənətkarının məşhur “Xəmsə”si bəşəriyyətin mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutub.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva mütəfəkkir şairin yaradıcılığı barədə fikirlərini bölüşüb, Nizami yaradıcılığında qadına bəslənən xeyirxah münasibətdən, elm və təhsilə, haqqhüquqa sayğı çağırışından, sosial ədalət prinsipindən bəhs edib. Q.Paşayeva çıxışında Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızda törədilmiş barbarlıq, mədəniyyət abidələrimizin dağıdılması, muzeylərin talanması haqqında da danışıb. Millət vəkili bütün bunları törədən zehniyyətin bəşər sivilizasiyasının indiki inkişaf mərhələsi ilə təzad təşkil etdiyini vurğulayıb.

 

UNESCO Baş direktorluğu yanında gender bərabərliyi şöbəsinin direktoru Cəmilə Seftaui Nizaminin əsərlərində barışdırıcı rol oynamış qadın obrazlarından misallar çəkərək bu gün də qadınların sülhə böyük töhfələr verdiyini vurğulayıb.

 

UNESCO üzrə Milli Komissiyanın baş katibi Seymur Fətəliyev bildirib ki, Nizami Gəncəvi bütün dünyada fəlsəfi düşüncənin təkamülünə, ədəbi ənənənin inkişafına təsir edən şairdir. Qeyd edib ki, şairin əsərlərindəki ideyalar dünyanı müdrikliyə, barışa çağırır.

 

Sonra Kembric Universitetinin AsiyaOrta Şərq araşdırmaları fakültəsinin professoru Kristin van Rumbeke, ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barri və Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva böyük şair və mütəfəkkirin yaradıcılığına dair, o cümlədən “Xəmsə”dəki qadın obrazları ilə bağlı araşdırmalarından söz açıblar.

 

Mədəniyyət.- 2021.- 29 sentyabr.- S.3.