Azərbaycanını haqq işinin dünyaya çatdırılmasına görə

 

Vətən Müharibəsini işıqlandıran jurnalistlərə “TÜRKSOY Media Mükafatı verilib”

 

 

 

Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə TÜRKSOY-un media mükafatının təqdimat mərasimi keçirildi. İlk olaraq Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Daha sonra bu il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində çəkiliş apararkən düşmənin basdırdığı minaya düşərək şəhid olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovdan bəhs edən film nümayiş etdirildi.

 

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayaraq dedi ki, Azərbaycan xalqı bu günü 30 ildir gözləyirdi. Bu illər ərzində insanların öz yurd-yuvasından qovulması, Xocalı qətliamı, ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər, tarixi və mədəni abidələrimizin dağıdılması bizi sarsıdırdı: “Bütün bu ədalətsizliyə dünya səssiz qalırdı. Azərbaycan xalqı bununla barışmadı və özü ədaləti bərpa etdi. Dövlət başçımıza və rəşadətli Ordumuza təşəkkür edirik ki, bizi bu döyüşdən alnıaçıq, üzüağ çıxardılar. Bu, Azərbaycan üçün bir şərəf məsələsi idi. Bu haqq savaşına təkcə Ordumuz deyil, ürəyi Azərbaycanla döyünən Türk dünyası da töhfə verdi. Biz bütün sahələrdə olduğu kimi, bu dəstəyi informasiya savaşında da hiss etdik. Fürsətdən istifadə edib bütün Türk dünyasına və yanımızda olan media nümayəndələrinə təşəkkür edirəm”.

 

Builki media mükafatını Qarabağ savaşına həsr etdiyi üçün TÜRKSOY-un Baş katibi Düsen Kaseinova minnətdarlığını bildirən nazir tədbirdə iştirak edən dünya şöhrətli fotoqraf soydaşımız Rza Diqqəti və türkiyəli telejurnalist Fülya Öztürkün Azərbaycanın haqq mübarizəsinə verdikləri dəstəyi yüksək qiymətləndirdi: Rza bəy I Qarabağ savaşında da Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında böyük əmək sərf etmişdi. İnanıram ki, Qarabağın yenidən quruculuğunda da siz media nümayəndələri bizim yanımızda olacaqsınız. Azərbaycan və Türk dünyası regionadünyaya hər zaman sülh mesajı verir, beynəlxalq hüququ müdafiə edir. Bölgənin yenidən inkişafa qədəm qoyması üçün biz nazirlik olaraq "Mədəniyyət naminə sülh" kampaniyasına başlamışıq. İnanıram ki, bu layihə sizlər tərəfindən işıqlandırılaraq dünyaya yayılacaq. Bir daha sizin hamımıza təşəkkür edir, işlərinizdə uğurlar arzulayıram".

 

Daha sonra TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı çıxış edərək Düseyn Kaseinovun salamlarını çatdırdı. Vurğuladı ki, türk xalqlarının tarixi şanlı zəfərlə doludur. Bu tarixə 2020-ci ildə Azərbaycan daha birini əlavə etdi. “TÜRKSOY-un 2009-cu ildən təsis etdiyi media mükafatı bu il Azərbaycanın Vətən müharibəsini işıqlandıran media nümayəndələrinə təqdim olunur. Vətəni Azərbaycanın Şuşa şəhəri olan Xarıbülbül çiçəyini simvolizə edən bu mükafat sizi işlərinizdə daha böyük nailiyyətlərə səsləyir”, - deyə Bilal Çakıcı əlavə etdi.

 

Daha sonra mükafatlar təqdim olundu. Nazir Anar Kərimov şəhid jurnalistlər Məhərrəm İbrahimov Sirac Abışovun mükafatını qardaşlarına təqdim etdi. M.İbrahimovun qardaşı Əsgər İbrahimov S.Abışovun qardaşı Şirzad Abışov təltifə görə təşəkkürlərini bildirdilər. Onların qardaşları ilə fəxr etdiklərini dedilər.

 

Mükafatı alan Rza Diqqəti şəhid jurnalistlərlə bağlı xatirələrini bölüşdü. Dedi ki, müharibənin səssiz qəhrəmanları da olur: “Mən bu mükafatı şəhid ailələrinə həsr edirəm”.

 

Fülya Öztürk Azərbaycandan gördüyü sevgiyə görə qürur duyduğunu bildirdi, müharibə vaxtı çəkilişlərə öz istəyi ilə gəldiyini diqqətə çatdırdı.

 

Trabzon Ortahisar Bələdiyyəsinin sədri Ahmet Metin Genç səhnəyə dəvət ediləndə diqqətə çatdırıldı ki, 44 günlük Vətən müharibəsi gedişində bələdiyyə Azərbaycan bayrağı qaldırıb. Bələdiyyə sədrinə xüsusi mükafat təqdim edildi. A.M.Genç öz növbəsində nazir Anar Kərimova kiçik hədiyyə təqdim etdi.

 

Daha sonra Türkiyə, Qazaxıstan, Xorvatiya, Azərbaycan, Özbəkistan, Qırğızıstandan olan jurnalistlərə TÜRKSOY-un media mükafatları verildi.

 

Tədbir Beynəlxalq Muğam Mərkəzi solistlərinin ifasında “Qarabağ şikəstəsi” ilə yekunlaşdı.

 

Mədəniyyət.- 2021.- 29 sentyabr.- S.1;3.