“Nizami Gəncəvi İli” çərçivəsində ilk tədbir
2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi bütün xalqımız kimi, Azərbaycan Ordusunun şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub. Yanvarın 6-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Gəncədə bir qrup hərbi qulluqçu Nizami Gəncəvinin məqbərəsini ziyarət edib.
Gəncə Tarix və Mədəniyyət Qoruğunun Nizami filialının müdiri Gülnarə İsmayılova ziyarətçilərə Nizami ziyarətgahı ilə bağlı ətraflı məlumat verib, əsgərlərə bukletlər təqdim edib.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən dəyirmi masada çıxış edən Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin təbliğinə və inkişafına xüsusi önəm verərək bu istiqamətdə nəinki respublikamızda, eləcə də beynəlxalq səviyyədə möhtəşəm layihələrin reallaşması üçün böyük səylər göstərib. Heydər Əliyev illər əvvəl deyib: “Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.
Ulu öndərin daha bir ibrətamiz fikri hərbi qulluqçuların diqqətinə çatdırılıb: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilməz... Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz... Əgər onları oxuya bilməsə, bizim mədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaqdır”.
Dəyirmi masada qeyd olunub ki, 2021-ci ilin “Nizami Gəncəvi İli”, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.
Xalq artisti Alim Məmmədovun Nizami Gəncəvinin qiyafəsində salona daxil olması və qalib vətən əsgərlərini salamlaması, o cümlədən “Xəmsə”dən parçaların, vətənpərvərlikdən yoğurulan misraların səslənməsi tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Xəzangül Hüseynova əsgərləri Vətən müharibəsində qazandıqları möhtəşəm Qələbə münasibətilə təbrik edərək əmin olduğunu bildirib ki, tezliklə Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri də xalqımızın sevincinə səbəb olacaq.
Gəncə Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımov “Nizami Gəncəvi İli” çərçivəsində mədəniyyətimizin, ədəbiyyat və incəsənətimizin təbliği ilə bağlı hərbi hissələrdə tədbirlərin keçiriləcəyini deyib.
Polkovnik-leytenant Samir Səfərov, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşı Turac Yusifova tədbirdə çıxış ediblər.
Dəyirmi masa Nizami Gəncəvinin şeirlərinin qiraəti
ilə başa çatıb.
Mədəniyyət.- 2021.- 8
yanvar.- S.1;2.