“Qarabağın musiqi xəzinəsi”ndə tanınmış muğam ustadı yada salınıb

 

 

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Qarabağın musiqi xəzinəsi” layihəsi davam edir. Layihənin növbəti buraxılışı tanınmış muğam ustadı Məşədi Məmməd Fərzəliyevə həsr olunub.

 

Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olub. Musiqi təhsilini Şuşada, Xarrat Qulunun məktəbində alıb. O, gənc yaşlarından bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz, İstanbulbaşqa şəhərlərdə yaşayıb, xanəndəlik edib. Xanəndə Cənubi Qafqaz, Orta Asiya, Türkiyə, hətta Avropanın bir çox ölkələrində sənəti ilə tanınıb.

 

Sənətkar “Şüştər” muğamının mahir ifaçısı kimi daha məşhur olub. 1923-cü ildə Məşədi Cəmil Əmirov tərəfindən Gəncəyə dəvət edilən xanəndə şəhər musiqi məktəbində muğamatdan dərs deməyə başlayır. O, 1929-cu ildə yenidən xaricə qastrol səfərinə çıxıb və bir daha Azərbaycana qayıtmayıb. Məşədi Məmməd Fərzəliyev uzun illər İstanbulda yaşayıb və 1962-ci ildə dünyasını dəyişib.

 

Muğam Mərkəzi tərəfindən “Unudulmayanlar” layihəsi çərçivəsində xanəndənin İstanbul şəhərində məzarının və arxivinin axtarışlarına başlanılıb. Məlum olub ki, xanəndə Türkiyədə Məşədi Məmməd Fərzəliyev deyil, “Mehmet Ferzalı” adı ilə “Azəri musiqi heyəti”nin rəhbəri kimi fəaliyyət göstərib. Axtarışları nəticəsində həmçinin xanəndənin ifasında 3 lent yazısı da aşkarlanıb. Hazırda bu istiqamətdə axtarışlar davam etdirilir.

 

Mədəniyyət.- 2021.- 8 yanvar.- S.4.