“Mədəniyyət”imizin yubileyi
Çox sevinirəm ki, qəzetimizin 30 yaşının, demək olar ki, 23 ilində mənim də az-çox zəhmətim var. “Mədəniyyət”lə əməkdaşlığa (ştatdankənar) başlayanda qəzetimizin baş redaktoru görkəmli şair, publisist Şahmar Əkbərzadə, redaktor müavini nasir, dramaturq, filosof Firuz Mustafa idi.
O vaxt “And” qəzeti redaksiyasında işləyir, eyni zamanda Firuz müəllimin kitablarının kompüterdə yığılması və səhifələnməsi işini görürdüm. Məni Şahmar müəllimlə də Firuz müəllim tanış etmişdi. Onu illər öncə şeirlərindən tanıyırdım. İki tanınmış yaradıcı insanla ünsiyyətdə olmaq və Şahmar müəllimin “nənə (özünə doğma bildiklərinə belə müraciət edərdi), işin mənim xoşuma gəlir, səni qəzetimizə işə götürəcəm” deməsi məni çox sevindirdi. 2000-ci ilin avqustunda Şahmar müəllim dünyasını dəyişdi...
2001-ci ildə “Mədəniyyət” qəzetində işə başladım. Sonralar baş redaktorumuz Nemət Veysəllinin mənə “qəzetimizin görən gözü, vuran ürəyi” deməsi daha da məsuliyyətlə işləməyimə səbəb oldu. Əvvəlcə operator, sonra texniki redaktor, hazırda isə korrektor işləyərək ara-sıra qəzetə yazılar da yazır, tərcümələr edir, bir sözlə, qəzetimizin oxucu rəğbətinə layiq ərsəyə gəlməsi üçün bacardığımı əsirgəmirəm.
Sevinirəm ki, bu illər ərzində bir çox incəsənət xadimləri redaksiyamızın qonağı olub. Bir də ən əsas ona görə sevinirəm ki, 30 illik yubileyimiz Azərbaycanın sərhədləri bütöv şəkildə qədəm qoyduğu ilə, Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun Qarabağımızı, mədəniyyətimizin beşiyi Şuşanı xalqımıza qaytaran böyük Zəfərdən sonraya təsadüf edir.
Bu əlamətdar yubiley münasibətilə “Mədəniyyət”də indiyədək əməyi keçmiş hər kəsə təşəkkür edir, bütün əməkdaşlarımızı təbrik edirəm.
Qeyd: Foto xüsusi karantin rejimindən əvvəl çəkilib.
Səbinə ƏLİBALAQIZI
Mədəniyyət.- 2021.- 8
yanvar.- S.5.