Ötən ilin mədəniyyət mənzərəsinə bir baxış…

 

 

 

Daha bir təqvim ilini geridə qoyduq. Yeni ümid, yeni arzular və inamla 2021-ci təqvim ilinin ilk günlərini yaşayırıq. Keçən təqvim ilində qarışıq duyğulara kökləndiyimiz, qarışıq hisslərlə yaşadığımız günlər çox oldu... Qlobal pandemiya ilə mübarizədə özünəməxsus iştirakımız, töhfələrimiz oldu, sıxıntılar yaşadıq, doğmalarımızı, tanıdıqlarımızı əbədi itirdik... Bununla belə, 2020-ci il 30 ilə yaxındır həsrəti içində olduğumuz yurd yerlərimizin, əziz torpaqlarımızın azadlığına səhnə oldu; 44 günlük Vətən müharibəsində bir ağladıq, bir güldük, kədərləndik, sevindik, dərdləşdik, uğurlaşdıq... O 44 gün 44 ildən daha artıqdır bəlkə!...

 

Ötən il bir çox sahələrdə baş verən hadisələrlə yanaşı, mədəniyyət sahəsində yaşananlarla, yaxud baş verənlərin mədəniyyət planına diqqətlə də yadda qaldı. COVİD-19-la bərabər ölkə əhalisinin səhiyyə mədəniyyəti, davranış mədəniyyəti, hüquq mədəniyyəti ön plana çıxdı. Vətəndaşımız, bu planda (kiçik istisnalar xaric), öz yüksək mədəni səviyyəsini, anlayış mədəniyyətini göstərdi.

 

Dövlətimiz COVİD-19-a qarşı qlobal əməkdaşlıq mühitinin yaranması üçün öncül mövqe tutdu, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurası, Qoşulmama Hərəkatı, nəhayət, BMT Baş Assambleyası müzakirələr apardı, qətnamələr qəbul edildi, mövzu üzrə beynəlxalq durum dəyərləndirildi və s. Dövlətimiz bir sıra ölkələrə, o cümlədən Dünya Səhiyyə Təşkilatına  ianələr etdi.

 

Mart-aprel aylarında Dağlıq Qarabağda qondarma rejimin qondarma “seçki” oyununa və Şuşada qondarma “andiçmə mərasimi”nə münasibətdə vətəncanlılıq, Qarabağa bağrımızın, ürəyimizin başı ilə bağlılıq mədəniyyəti özünü göstərdi. Hətta mədəniyyət beşiyimizin tapdaq altında zorən “andiçmə” oyununa səhnə olmasına dözməyən vətəndaşın “Şuşanı vur!” çağrısına, yanğısına dövlətin təmkinli yanaşma mədəniyyəti ilə qarşılaşdıq... Bir müddət bəlkə anlaşılmazlıq kimi görünən o məqama, Ali Baş Komandanın 44 günlük Vətən müharibəsi zamanı xalqa müraciətlərində tam aydınlıq gəldi.

 

Ümumən Vətən müharibəsi günlərində Azərbaycan əsgəri döyüş mədəniyyəti nümayiş etdirdi, döyüşdə qızıl ləyaqət göstərdi. Azərbaycan əsgəri düşmənlə döyüş meydanında mübarizə apardı, onu zərərsizləşdirdi, texnikasını sıradan çıxardı, ancaq uşaqla, qadınla, qoca ilə işi olmadı. Atılmış erməni uşağı, qadını, qocası Azərbaycan əsgərinin şəfqətini gördü. Düşmən isə ön cəbhədən uzaqdakı Gəncəni, Bərdəni, Tərtəri, başqa şəhərlərimizi, kəndlərimizi kasetli bombalarla, qadağan edilmiş raketlərlə atəşə tuturdu… Özü də, gecədən keçmiş, uşaqlar yatağındaykən...

 

2020-ci ilin iyulunda dövlət sərhəddinin Tovuz istiqamətində yaşananlarla xalqımızın Orduya məhəbbəti, hərb mədəniyyəti zatən ön plana çıxmışdı. “Könüllülər ili”ndə könüllü şəkildə, dəstə-dəstə səfərbərlik və hərbi xidmətə çağırış idarələrinə axın edən gənclərimiz, orta yaşlılarımız, yaşlılarımız… Vətənə məhəbbətin bizim üçün bir milli mədəniyyət örnəyi, xəlqi xüsusiyyət olduğunu parlaq şəkildə göstərdi. Generalımız başda olmaqla Tovuzda şəhid olan hərbçilərimizin, mülki vətəndaşımızın dəfnində, onların ailə üzvlərinə diqqət və qayğıda, xalqımızın öz dəyərlərinə, öz şəhidlərinə, qəhrəmanlarına münasibət mədəniyyəti bir daha göründü.

 

Təəssüf ki, 2020 Azərbaycan incəsənəti üçün bir sıra itkilərlə də yadda qalacaq. Bir yandan yeni sənət əsərləri, mədəni-kütləvi təqdimatlar, çəkilişlər, tamaşalar, festival, simpozium və qastrollar ertələndi... Ümid edək ki, 2021-ci ildə bu ertələnmələr də öz məntiqi sonluğuna çatar, sənətin estetik dəyərləri yalnız virtual deyil, canlı təmaslarla da dalğa-dalğa yayılar, könüllərə yol tapar, yeni ünvanlar qazanar...

 

Respublikamız 2020-ci ildə bir neçə dəyərli sənət adamını itirdi: Teymur Mustafayev, Mayis Ağabəyov, Etibar Babayev, İsmayıl Dadaşov, Etibar Qasımbəyli, Sabir Ələsgərov, Kamil Məmmədov...

 

Fevralın 29-da kino və teatr aktyoru, Xalq artisti Ağaxan Salmanlı, martın 12-də Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar artist Adil Zeynalov, martın 16-da Xalq artisti Rafael Dadaşov, aprelin 16-da Xalq artisti, kino və teatr aktyoru, rejissor Rafiq Əliyev, mayın 8-də Azərbaycan kinosunun Gülnazı – aktrisa, diktor və mədəniyyət xadimi Tamara Gözəlova-Ağamirova, iyulun 5-də Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Tofiq Hüseynov, iyulun 23-də Azərbaycan kino sənətində Ulduz və Maya obrazları ilə yaddaşlarda qalan aktrisa və pianoçu Tamilla Rüstəmova, noyabrın 20-də Əməkdar artist, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Rəşid Səməndər, noyabrın 24-də tanınmış aktyor, Xalq artisti Əjdər Həmidov, noyabrın 26-da Əməkdar artist İbrahim Əliyev, dekabrın 20-də Əməkdar artist, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Atabala Səfərov, dekabrın 21-də Azərbaycan kinosunun və teatrının tanınmış nümayəndəsi, ilk “Bahar qız”ımız Səfurə İbrahimova, dekabrın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Almaz Mustafayeva, dekabrın 31-də, ötən ilin son günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Ağaxan Şərifov bu dünyaya əbədi göz yumdu...

 

Yenidən, ötən ilin əsas hadisəsi 44 günlük Vətən müharibəsinə qayıtmaq istəyirəm. Bu müharibədə bir neçə sənətçi, mədəniyyət işçisi yaxud onların ailə üzvü də iştirak edirdi. Noyabrın 2-də gənc aktyor Samir Qəfərli döyüşlərdə qəhrəmancasına şəhid oldu.

 

Artıq adı dillər əzbəri olmuş, gözəl səsə malik Xudayar Yusifzadə də Vətən müharibəsində şəhid oldu. Daha onun ecazkar səsi ilə yeni mahnılar dinləyə bilməyəcəyik, ancaq “Xudayar təsnifi” ilə, “Azərbaycan Bayrağı” ordeni ilə, şəhidlik mərtəbəsi ilə təsəlli tapacağıq…

 

Dövlət Akademik Milli Dram Teatrının aktyoru Əli Nurun oğlu, leytenant Rövşən Nurzadə, Xalq artisti Mənsum İbrahimovun qardaşı oğlu İsrafil Zülfüqar oğlu İbrahimov, Xalq artisti Zabit Nəbizadənin bacısı oğlu Xalid Zahir oğlu Məcdinov şəhadət şərbəti içdi…

 

Gücümüzün, qələmimizin yetdiyi qədər hər bir sənətkarımızı, sənətkarımızın ailə üzvünün yanında olmağa çalışdıq, yazı yazdıq, ürək sözlərimizi bölüşdük…

 

Yəqin gün keçdikcə başqa şəhidlərimiz haqqında əlavə bilgilər əldə edəcəyik. Hamısının ruhu qarşısında dərin ehtiramla baş əyirik! Sənətindən, peşəsindən, yaşından, qohumluq dərəcəsindən asılı olmayaraq, şəhidlərimiz hər zaman əzizdir; onların sənəti, peşəsi, eşqi, məhəbbəti Vətəndi, vətəndaşlıqdı, vətənpərvərlikdi, vətəncanlılıqdı, Vətən uğrunda ölümün üstünə getməkdi!

 

Vətən müharibəsində Azərbaycan xalqının vətənsevərliyinin necə yüksək mədəni-mənəvi kateqoriya təşkil etdiyi gün kimi aydın oldu. Azərbaycan Prezidenti Laçının azad olunması münasibətilə xalqa müraciətində deyib: “Yaralanmış və ağır vəziyyətdə olan əsgərlərimiz hospitallarda, xəstəxanalarda deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüş bölgəmizə.

 

Şəhidlərimizin ruhu şad olsun, valideynləri onları dəfn edərkən deyirdilər ki, Vətən sağ olsun. Deyirdilər ki, ancaq irəli, ancaq irəli! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

...Evi dağılmış insanlar o dağıntılardan çıxarkən deyirdilər ki, ancaq irəli. Bilirsiniz, bunu hər kəs bilməlidir və biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq. Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”...

 

Bax, bu sözlər bizim xəlqi duruş mədəniyyətimizi, mədəniyyətimizin qatlarını, etnoqrafik yaddaşımızdan süzülüb gələn gözəllikləri ifadə edir.

 

Gələcəyimiz bu günümüzdən daha parlaq olacaq!

 

44 günlük müharibə sonucunda mədəniyyət beşiyimiz Şuşa, ayrı-ayrı şəhər və kəndlərimizdəki tarixi-mədəni abidələrimiz, tapınaqlarımız, görkəmli sənətkarların məzarları, muzeylər, mədəniyyət müəssisələrimiz azad olundu. Təəssüf ki, onların bir çoxu tanınmaz halda, erməniləşdirilmiş, yaxud tam dağıdılmış haldadır… Kitabxanalar, teatrlar darmadağındı… Dövlət başçımızın sözləri ilə ifadə etsək, “Hər tərəfi dağıdıblar, elə bil ki, vəhşi qəbilə keçib oradan”…

 

Hamısını bərpa edəcək, tikəcək, quracağıq, canlandıracağıq!

 

2020-ci il həm də Mədəniyyət Nazirliyində ciddi kadr dəyişiklikləri ilə yadda qaldı. Artıq nazirlikdə yeni ab-hava yaranıb. Ümidvarıq, nazirliyin həyatında başlamış yeni dönəm vətəndaş məmnuniyyəti, mədəni irsin qorunması, mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği, mədəniyyət işçilərinin sosial müdafiəsi və digər sahələrdə irəliləyişlərlə müşahidə olunacaq.

 

2020-ci il mədəniyyət, incəsənət dünyamız və parlamentimizin əməkdaşlığı, dövlət mədəniyyət siyasəti, mədəniyyət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi yönündə də yaddaqalan oldu. Belə ki, parlamentin Mədəniyyət Komitəsi yeni tərkibdə formalaşdırıldı. Komitəmiz ardıcıl surətdə mədəniyyət, incəsənət xadimləri ilə məsləhətləşmələr apardı, onların fikir və mülahizələrinin qanunvericilik planında həlli üzərində işlənildi; eləcə də, sənət adamlarının müxtəlif səpkili qayğıları haqqında əlaqədar orqanlara müraciətlər edildi. Komitəmizin illik iş planına uyğun müzakirələr aparıldığını, bu müzakirələrdə əlaqədar dövlət orqanlarının rəhbərlərinin, ekspertlərin dəvət edildiyini də vurğulamaq istərdim. Onu da əlavə edim ki, aktual mədəniyyət məsələləri ilə bağlı çoxsaylı mətbu çıxışlarımız, o cümlədən qardaş ölkələrin (Türkiyə, Qazaxıstan, Özbəkistan və b.) media orqanlarında çıxışlarımız oldu.

 

“Qarabağ hekayələri”nin özbək, qazax, qırğız dilinə çevrilməsini, kitab şəklində çapını təşkil etdik. Daşkənd və Nur-Sultanda kitablarımız çıxdı, Bişkekdəki kitab çap prosesindədir.

 

Bütün bunlar, yeni dövrün çağırışlarına uyğun şəkildə, mədəni irsin qorunması, mədəniyyətimizin təbliği, mədəniyyətə, mədəni mübadiləyə dair hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq mədəni əməkdaşlıq baxımından əlamətdardır.

 

2020-ci il boyunca bir sıra sənət xadimlərimizin yubileyləri oldu. Elə sənətkarlar oldu, onların öncədən planlaşdırılmış yubiley tədbirləri pandemiya məhdudiyyətləri səbəbindən keçirilmədi, lakin burada da, bir hikmət vardır. Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralinin sözləri ilə desək, Əbdürrəhim bəy Haqverdiyevin 150, Üzeyir bəy Hacıbəylinin 135 illik yubiley mərasimləri, gec də olsa, doğma Şuşada keçiriləcək…

 

Əlbəttə, mədəniyyətimizdən, incəsənətimizdən danışarkən Heydər Əliyev Fondunun və onun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Mehriban xanımın özünün və rəhbərlik etdiyi Fondun Azərbaycan mədəniyyət tarixində oynadığı rol danılmazdır. 2020-ci ilin bütün mürəkkəbliklərinə baxmayaraq, yenə Mehriban xanım, Heydər Əliyev Fondu sənət xadimlərinin, mədəniyyət işçilərinin ümid yeri, ümidlərinin doğrulduğu ünvan oldu...

 

P.S.

 

Vətən müharibəsində xalqımızın minlərlə qəhrəman övladı ilə bərabər mədəniyyət işçiləri də iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalanlar  sırasında onları da unutmuruq:

 

Füzuli rayon 3 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Toğrul Rüfət oğlu Hacıyev;

 

Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbinin müəllimi Rauf İlyas oğlu Əliyev;

 

Gəncə şəhər Nizami məqbərəsinin bələdçisi Hikmət Lətif oğlu Məmmədov;

 

Göyçay şəhər Uşaq musiqi məktəbinin müəllimi Alim Səhrab oğlu İbrahimov;

 

Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbinin müəllimi Zamin Vahid oğlu Rəhimov;

 

Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Rövşən oğlu Hümmətov;

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı Əliağa Eldəniz oğlu Məmmədov.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

 

Qənirə PAŞAYEVA

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

 

 

Mədəniyyət.- 2021.- 8 yanvar.- S.4.