Hər Zəfərdən
sonra bir İntibah var...
2021-ci il
Azərbaycanda mədəniyyətlə başladı – “Nizami
ili”ndə Qarabağın dirçəlişi həm də
milli ruhun yüksəlişi olacaq
Nizaminin
şeiri oxunan zaman,
O da hər
bir sözdə görünər əyan.
Yüz il sonra sorsan, bəs o hardadır?
Hər
beyti səslənər: “Burda, burdadır”.
Yüz
deyil, iki yüz deyil, vəfatından ta səkkiz yüz il ötsə də, Nizami dühası
bütün cahanı aydınladan sözünün qüdrəti
ilə burada, bizimlədir, əsrlər sonra da olacaq. Və nə
gözəl ki, 2021-ci il Nizami
sözünün işığında keçəcək. İllərin bir-birini belə tapması, təsadüf
də olsa, əslində, yaşadığımız
zamanın, şanlı tarixin naxışı məhz belə
olmalı idi. Çünki hər Zəfərdən
sonra bir İntibah var. Qarabağ qalibiyyətli 2020-ci il də Nizami dühalı mədəniyyət
ili ilə davam etməlidir.
2021-ci il 30 illik ayrılıqdan sonra
qovuşduğumuz Qarabağın dirçəlişi və
bu torpaqla bərabər ruhumuzun da yüksəlişi, tarixi-mədəni
irsimizin intibahı olacaq. Təkcə ona görə yox ki,
xalqımızın mədəni zənginliyinin mühüm
bir hissəsi Qarabağla bağlıdır, bu torpağın
30 ilə yaxın işğal altında qalması Azərbaycan
mədəniyyətinə də ağır zərbə olub. Bundan sonra Qarabağdakı mədəni irsimizin yeni
tarixi başlanır. Bu, xalqımızın əsrlər
boyu Qarabağ torpağında yaratdığı,
yaşatdığı və son 30 ildə
işğalçılar tərəfindən məhv edilən,
mənimsənilən tarixi-mədəni irsimizin bərpası,
dirçəlişi dövrü olacaq.
Bu həm də ötən 30 ildə təqvimimizi zəbt
etmiş qara günlərin silinməsi, zədələnmiş
milli qürurumuzun dirçəlişidir. Azərbaycan
2020-ci ildə tarixinin ən böyük imtahanından
çıxdı – otuz ilin kəsirini tamamladı.
Sərhədləri bütövləşən ölkəmizdə
Qarabağın dirçəlişinə, milli ruhun yüksəlişinə
ən parlaq işığı dünya mədəniyyətinə
bəxş etdiyimiz böyük düha – Gəncəli Nizami
dühası sala bilərdi. Azərbaycan Respublikası
Prezidentinin 2021-ci ildə imzaladığı ilk fərman-sərəncamlar
da Qarabağın dirçəlişi (4 yanvar) və “Nizami
ili” elan edilməsi (5 yanvar) ilə bağlı oldu. Qarabağ Dirçəliş Fondunun
yaradılması haqqında fərmanda
vurğulandığı kimi, “otuz ilə yaxın bir müddət
ərzində erməni qəsbkarları tərəfindən
maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin
yenidən həyata qaytarılması ölkənin
siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm
dayaqlarından biri olacaqdır”.
2021-ci ildə Qarabağda bizi böyük quruculuq işləri
gözləyir. Ölkəmizin mədəniyyət ictimaiyyəti, bu sahəyə
cavabdeh nazirlik və müvafiq qurumlar da bu quruculuq salnaməsinə öz
töhfəsini verəcək. Təsadüfi deyil ki, Mədəniyyət
Nazirliyinin ötən ilin zəfər soraqlı günlərindən
başlanan və bu il davam edəcək
layihələrinin ümumi məram-devizi də budur: Mədəniyyəti
Qarabağa qaytarırıq!
Çünki Qarabağın işğaldan azad edilməsi
təkcə ölkəmizin ərazi
bütövlüyünün bərpası, insanların
doğma yurdlarına qayıdışı deyil, eyni zamanda bu
torpaqlara geniş anlamda mədəniyyətin qayıtması
deməkdir. Mədəniyyət
təkcə bərpa olunan abidə, tarixi irs,
qurulan mədəniyyət ocağı, nümayiş olunan sənət
əsəri deyil. Mədəniyyət mədəni
düşüncə, təfəkkür, insaniyyət, bəşəri
dəyərlər və bu dəyərlərə sadiqlikdir.
Biz Qarabağı dirçəlməklə
orada ötən otuz ildə yox edilmiş mədəniyyəti
bu geniş anlamda da bərqərar edəcəyik.
Bununla dünya da vandalizm zehniyyəti ilə qurub-yaratmaq
mədəniyyətinin fərqini görəcək. Biz bu torpaqlara
mədəniyyəti qaytarmaqla, oradakı tarixi-mədəni
irsi bərpa etməklə dünyaya da göstərəcəyik
ki, Qarabağda 30 ilə yaxın talanla məşğul
olanlardan fərqli olaraq, bu yerlərin əsl və əzəli
sahibi kimlərdir.
Azərbaycan
Prezidentinin yanvarın 5-də yeni mədəniyyət nazirini qəbul
edərkən söylədiyi sözlər həm də xalq və
dövlət olaraq mədəniyyətə verdiyimiz müstəsna
dəyərin təsdiqidir: “Azərbaycanın zəngin və
təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir”.
Dövlət başçısı indiyədək bir
çox çıxışlarında ölkəmizin mədəni
inkişafı, mədəni irsin, milli-mənəvi dəyərlərin
qorunub yaşadılması ilə bağlı fikirlərini
diqqətə çatdırıb, müvafiq tövsiyə və
tapşırıqlarını verib. Budəfəki
çıxış isə bütünlüklə bu
mövzuya həsr olunmuşdu, konseptual, proqram xarakterli nitq idi.
Bu nitqin müddəaları bu və sonrakı illərdə mədəniyyət
adına görüləcək işlərin
əsas prinsipləri olacaq.
Azərbaycanın
tarixində yeni bir səhifə olacaq, Qarabağ zəfərli,
sərhədlərimiz bütöv qədəm qoyduğumuz
2021-ci il həm də Azərbaycanın
dövlət müstəqilliyini bərpa etməsinin 30
illiyidir. 30 ilin çiynimizdə qabar, qəlbimizdə
qubar olmuş tarixi yükünü – torpaq həsrətini və
Qarabağsızlıq dərdini geridə qoyub müstəqilliyimizin
30 yaşına mübarək deyirik. Müstəqillik
misilsiz bir nemətdir. Müstəqilliyin
yaşıdı olmaq da taleyin bir naxışıdır.
Bu il (dəqiqi, bu ay) bu sətirlərini
oxuduğunuz qəzetin də 30 illiyidir. Müstəqil
Azərbaycanın yaşıdı, hətta ondan bir neçə
ay böyük qəzet. 1991-ci ilin
yanvarında hələ sovet dövrü bitməmişdi,
Müstəqillik Aktının qəbul olunmasına (18 oktyabr)
doqquz ay var idi. Qəzetin başlığı altında “Azərbaycan
SSR Mədəniyyət Nazirliyinin orqanı” sözləri
yazılmış, yanında SSRİ mədəniyyət
naziri Nikolay Qubenkonun adından təbrik teleqramı da dərc
olunmuşdu...
Amma və
lakin... Artıq müstəqillik mehi əsirdi.
SSRİ mədəniyyət nazirinin təbriki ilə
yanaşı Türkiyənin mədəniyyət naziri Namiq
Kamal Zeybəkin təbrik sözlərinin də yer alması
bunun göstəricisi idi. Türkiyə naziri müstəqilliyə
doğru yol alan Azərbaycanın mədəniyyəti
adına yaradılan qəzeti nəşrə başlaması
münasibətilə təbrik edirdi...
Keçmişdən günümüzə hər bir
xalqın, məmləkətin, hətta böyük
imperiyaların inkişaf səviyyəsi mədəni tərəqqi,
incəsənətdə, ədəbiyyatda, elmdə intibahla
ölçülüb. Əsrlərdən bizə qalan ən zəngin
dəyər elə mədəni irsdir. Bir
yapon xalq məsəlində deyilir ki, dünyada hər şey
unudulandan sonra qalan nəsə varsa, o, mədəniyyətdir.
Azərbaycan mədəniyyətinin də min illərdən
üzü bəri keçib gəldiyi uzun yol var. Onun əhəmiyyətli
bir hissəsi də son otuz ilə – ölkəmizin müstəqillik
dövrünə aiddir. Bu zəngin tarixin salnaməsi isə
böyük ölçüdə mətbuat səhifələrində
qalır.
M.Bulqakovun
məşhur qəhrəmanının (“Ustad və
Marqarita”dakı Voland) sonralar zərbi-məsələ
çevrilən sözü var: “Əlyazmalar yanmır...”. Əlbəttə, əlyazmalar
da, kitab-qəzetlər də yanır, tarix boyu necə
böyük maddi sərvətlər, kitabxanalar yanıb
kül olub. Amma bu, yazılan
yazının, əsərin dəyər-qiymətini,
yaşarılığını ifadə edən sözlərdir.
Azərbaycanda mədəniyyətlə bağlı nəşrlər
ötən əsrin 20-30-cu illərindən müxtəlif
adlar altında işıq üzü görüb. 1934-cü ildən “Ədəbiyyat
qəzeti” nəşr olunub, 50-ci illərdə onu “Ədəbiyyat
və incəsənət” qəzeti əvəzləyib,
1984-cü ildə bu qəzet “Xalqlar Dostluğu” ordeni ilə də təltif edilib. 1991-ci ildən isə ədəbiyyatın öz qəzeti,
incəsənətin (mədəniyyətin) də öz qəzeti
olub.
Bu yerdə “Mədəniyyət” qəzetinin
yaradıcısı və ilk baş redaktoru olmuş görkəmli
şair-publisist Şahmar Əkbərzadənin xatirəsini bir
daha minnətdarlıq hissi ilə yad etmək istərdim.
Ötən illərdə qəzetin redaksiya heyəti, nəşr formatı, dövriliyi, dizaynı və s. dəyişsə də, respublikamızın mədəni həyatının bütün sahələrini dolğun şəkildə işıqlandırmaq, oxuculara ölkə və dünya mədəniyyəti ilə bağlı ən maraqlı məlumatları çatdırmaq məramı dəyişməz olaraq qalır. “Mədəniyyət”in ötən dövrdə zəngin inkişaf yolu keçərək ölkəmizin kütləvi informasiya vasitələri arasında və müasir mətbuat tariximizdə layiqli yer tutduğunu söyləsəm, bunu da qeyri-təvazökarlıq kimi qəbul etməyin. Çünki həqiqət payı çoxdur.
30 ildə “Mədəniyyət”in 1777 sayı çapdan çıxıb – bu irili-xırdalı, müxtəlif səpkili 50-60 min yazı deməkdir. Bundan əlavə, ötən illərdə ölkəmizin ictimai-mədəni həyatında müstəsna əhəmiyyət kəsb edən hadisələrlə bağlı qəzetin xüsusi buraxılışları, eləcə də “Kitab”, “Afişa” əlavələri işıq üzü görüb. Müstəqilliyimizin yaşıdı olan qəzetin səhifələrində müstəqillik dövrü mədəniyyət tarixinin salnaməsi yaşayır. O cümlədən elektron formatda. “Mədəniyyət”in 2008-ci ildən fəaliyyət göstərən internet saytı hazırda ölkəmizdə mədəniyyətlə bağlı ən zəngin elektron resursdur.
***
Sonda bir daha başa dönmək istərdim. Nizami adı və
dühası ilə işıqlanacaq,
Qarabağımızın dirçəlişi və onunla bərabər
milli ruhumuzun yüksəlişi, mədəniyyətimizin
intibahı ilə tarixə yazılacaq bir ilə qədəm
qoymuşuq. Bunun belə olacağına
inamımız tamdır.
880
yaşını qeyd edəcəyimiz Nizaminin ilində bizi mədəniyyətimiz,
söz-sənət irsimiz adına bir
çox əlamətdar yubileylər də gözləyir.
2021-ci il
xalq şeirimizin ustadı Aşıq Ələsgərin 200, məşhur
təsviri sənət ustalarımız – Xalq rəssamları
Mikayıl Abdullayevin, Böyükağa Mirzəzadənin,
Kamil Əliyevin, Oqtay Sadıqzadənin, görkəmli bəstəkar,
Xalq artisti Cahangir Cahangirovun, Xalq yazıçısı Əzizə
Cəfərzadənin, unudulmaz teatr və kino aktyoru Həsənağa
Salayevin, dünya şöhrətli azərbaycanlı alim
Lütfi Zadənin 100 illiyidir.
Ölkəmizin tərəqqisi mədəniyyətimiz üçün də yeni üfüqlər açır. Bu tarixin yazıldığı mətbu səhifələrdə imzası olmaq isə həm məmnuniyyət, həm də məsuliyyət deməkdir. Mədəniyyət adına ilin ilk yuvarlaq yaşını tamamlayan qəzetimiz də məmnunluqla bu məsul sıradadır. Siftəni biz etdik. Davamı olacaq...
Hər kəsə sayğılarla
Vüqar ƏLİYEV
Mədəniyyət.- 2021.- 8
yanvar.- S.1;3.