“Zəngin mədəniyyətimiz qürur
mənbəyimizdir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Dövlətimizin başçısı qəbulda çıxış edib.
Prezident Anar Kərimovun bir müddətdir mədəniyyət nazirinin müavini vəzifəsində çalışdığını qeyd edərək ona böyük etimad göstərildiyini deyib: “Ümid edirəm ki, nazir kimi bu yüksək etimadı doğruldacaqsınız”.
Dövlət başçısı çıxışında mədəni irsimizin qorunması və təbliği, “Nizami ili” elan olunan 2021-ci ildə dahi şairin yubileyinin ölkəmizdə və xaricdə geniş şəkildə qeyd edilməsi, işğaldan azad olunmuş torpaqlarımızda tarixi-mədəni, dini abidələrin bərpası, yeni mədəniyyət infrastrukturunun yaradılması, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı kimi dünyada tanıdılması, mədəniyyət sahəsinin inkişaf etdirilməsi, bu sahədə zəruri islahatların aparılması barədə ətraflı söhbət açaraq müvafiq tapşırıq və tövsiyələrini verib.
Vurğulayıb ki, Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyəti bizim qürur mənbəyimizdir: “Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlər boyu xalqımız öz mədəniyyətini qoruyub və bu, imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mənsubiyyətimizi qoruya bilək. Uzun illər ərzində Azərbaycan müstəqillikdən məhrum idi, xalqımız başqa dövlətlərin tərkibində yaşayırdı. Buna baxmayaraq xalqımızın iradəsi, milli köklərə bağlılığı imkan vermədi ki, xalqımız assimilyasiyaya uğrasın. Bizim mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynayıb”.
Prezidentin əhatəli, konseptual və faktiki proqram xarakterli çıxışının əsas məqamlarını diqqətə çatdırırıq.
“Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”
“Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir. Mən ana dilinin qorunması ilə bağlı müxtəlif vaxtlarda öz sözlərimi demişəm... Bizim zəngin dilimiz var, biz haqlı olaraq dilimizlə fəxr edə bilərik. Hesab edirəm ki, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır.
Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur. Bizim dilimiz çox zəngindir. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə, Təhsil Nazirliyi ilə, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan dilinin qorunması üçün çox ciddi işlər aparmalıdır. Müxtəlif tədbirlər görülür, proqramlar var, ancaq gündəlik həyat onu göstərir ki, biz bəzi hallarda dilimizin saflığının pozulmasını görürük. Mən bunu mətbuat orqanlarından, televiziya məkanından görürəm və əlbəttə ki, bunun qarşısı alınmalıdır. Biz əsrlər boyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir”.
“Nizami ili”ndə dahi şairin yubileyi geniş qeyd olunmalıdır
“Bizim zəngin ədəbiyyatımız dünyada tanınır və biz haqlı olaraq öz dahi şairlərimizlə fəxr edə bilərik. 2021-ci il mənim sərəncamımla “Nizami ili” elan olunur. 2021-ci ildə biz Nizaminin 880 illik yubileyini qeyd edəcəyik, yubiley həm Azərbaycanda, həm dünyada geniş qeyd olunmalıdır. Dahi Azərbaycan şairi Nizaminin əsərləri dünyaya daha geniş təqdim edilməlidir. Bildiyiniz kimi, artıq uzun illərdir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fəaliyyət göstərir və bu Mərkəzə mənim xüsusi diqqətim vardır. Mərkəz humanitar qeyri-hökumət təşkilatı kimi formalaşsa da, hazırda Mərkəzin fəaliyyəti çox genişdir, çoxşaxəlidir. Hər il keçirilən Qlobal Bakı Forumu, – əlbəttə, 2020-ci ildə pandemiyaya görə keçirilməyib, – dünya miqyasında öz layiqli yerini tutubdur. Bir daha demək istəyirəm ki, bu il biz Nizami Gəncəvinin yubileyini geniş qeyd etməliyik. 2019-cu il isə digər dahi Azərbaycan şairi “Nəsimi ili” olmuşdur. Bu, onu göstərir ki, dövlət tərəfindən və şəxsən Prezident tərəfindən bizim ədəbiyyatımıza, bizim dahi şairlərimizin xatirəsinə çox böyük hörmət var, qayğı var. Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyat xəzinəsinə çox böyük töhfələr vermişlər”.
Dünyada tanınan mədəni irsimiz
“Azərbaycanın zəngin musiqi sənəti var və bu gün bizim sənətimiz dünyada tanınır. Bizim musiqi sənətimiz UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycan muğamı bizim milli sərvətimizdir. Ölkəmizdə müntəzəm olaraq muğam müsabiqələri, beynəlxalq muğam festivalları keçirilir, bir çox ölkələrdən ifaçılar gəlirlər. Əlbəttə, muğam sənəti bir neçə ölkədə mövcuddur, ancaq mən hesab edirəm ki, muğam sənətinin mərkəzi məhz Azərbaycandır. Təkrarolunmaz bu sənət bu gün yaşayır, biz bu sənəti yaşadırıq. Heydər Əliyev Fondunun xətti ilə muğam sənətinin dünyada təbliği istiqamətində çox böyük işlər görülüb. Çox şadam ki, bizim gənclərimiz də muğam sənətinə böyük maraqla yanaşırlar... Bizim tanınmış muğam ustaları gənc nəslin yetişdirilməsində öz rolunu oynayırlar. Bildiyiniz kimi, mənim sərəncamımla bir neçə muğam mərkəzi yaradılmışdır – Bakı şəhərində, Ağdam və Füzuli rayonlarında, digər rayonlarda. İndi isə bu muğam mərkəzləri artıq işğaldan azad edilmiş torpaqlarda da yaradılacaqdır.
Aşıq sənəti təkrarolunmaz sənətdir. Haqlı olaraq biz aşıq sənətini sırf Azərbaycan sənəti kimi qəbul edirik və aşıq sənətini dünyada təbliğ edirik. Bizim milli musiqimiz çox zəngindir, çox geniş auditoriya cəlb edə bilib. Bizim musiqimiz xalqımızın istedadını göstərir. Bütövlükdə bizim mədəniyyətimiz xalqımızın istedadını göstərir. Çünki ancaq istedadlı xalq belə gözəl əsərlər yarada bilir.
Xalçaçılıq sənəti ilə haqlı olaraq fəxr edə bilərik. Dünyada xalçaçılıq sənəti ilə məşğul olan ölkələrin sayı o qədər də çox deyil. Onların arasında Azərbaycan xalçalarının xüsusi yeri vardır. Özü də xalçalarımızın, xalça məktəblərinin müxtəlifliyi bizim mədəni zənginliyimizi göstərir. Xalça sənətini də biz yaşadırıq... Vaxtilə gənclər xalçaçılıqla məşğul olmağa həm həvəsli deyildilər, həm də ki imkanları yox idi. Biz bu imkanları yaratdıq. Xalçaçılıq sənəti əbədi yaşamalıdır”.
Dövlət başçısı Azərbaycanın möhtəşəm memarlıq nümunələrinin də dünya miqyasında tanındığını, UNESCO-nun siyahısına salındığını vurğulayıb.
“Qız qalası memarlıq nümunəsidir, təkrarolunmaz memarlığa malikdir. İçərişəhər, Şirvanşahlar sarayı, digər bölgələrimizdə yerləşən memarlıq abidələri göstərir ki, bizim nə qədər zəngin memarlıq abidələrimiz var. Eyni zamanda, biz son illər ərzində müasir memarlıq əsərləri yaratmışıq. Heydər Əliyev Mərkəzi dünyada seçilən memarlıq nümunələrindən biridir və bir çox reytinqlərdə, bir çox hesabatlarda bir nömrəli müasir memarlıq nümunəsi kimi qeyd edilir. “Alov qüllələri” də memarlıq nümunəsidir, həm də Bakı şəhərinin rəmzi olan alovu əks etdirir... Eyni zamanda, bölgələrdə müasir memarlıq abidələrinin sayı getdikcə artır”.
Bütün dini abidələr dövlət tərəfindən qorunur və qorunacaq
“Bizim dini abidələrimiz qorunur və qorunacaq. Mənim göstərişimlə bizim bütün əsas dini abidələrimiz təmir olunub. Bir çoxları yenidən tikilib, o cümlədən mənim göstərişimlə Heydər məscidi tikilib. Bizim digər məscidlərimiz əsaslı təmir edilib. Onların təmiri simasını qorumaq şərtilə aparılıb. Azərbaycan bu sahədə də dünyaya göstərir ki, nə qədər zəngin mədəni irsə malikdir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi ölkəmizdə yerləşir, 743-cü ildə inşa edilib, mənim göstərişimlə faktiki olaraq yenidən qurulub. Yaxud da ki, xristian dininə mənsub olan abidələr, alban kilsələri, Kiş kilsəsi, Xudavəng kilsəsi. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, bizim udi qardaşlarımıza qaytarılıbdır. Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Bizim udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər”.
Prezident diqqətə çatdırıb ki, Nic qəsəbəsindəki (Qəbələ rayonu) Qafqaz Albaniyasına aid olan daha bir kilsə Heydər Əliyev Fondu tərəfindən təmir olunub və Vətən müharibəsi zamanı ibadət üçün açılıb.
“Bizə qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur. Rus pravoslav kilsələri, sinaqoqlar, katolik kilsə, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsi – bütün bunlar dövlət tərəfindən qorunur. Amma görün, bizim məscidlərimizi mənfur düşmən nə günə salıb. Altmışdan çox məscid işğal edilmiş və azad edilmiş torpaqlarda dağılıb və buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Biz erməni kilsəsini qoruyuruq. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur və Azərbaycanda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də, əminəm, bunu artıq başa düşürlər ki, onlar ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər.
Azad edilmiş torpaqlarda hər tərəf dağıdılıb. Amma bəzi tikililər var, bəzi evlər var ki, orada ermənilər yaşayıb... Ermənistan rejimi bu adamları faktiki olaraq belə səfalət içində, belə yoxsulluq içində girov kimi saxlayaraq məcbur edirdi ki, orada yaşasınlar. Onları da güc-bəla ilə orada saxlayırdılar ki, qanunsuz məskunlaşma getsin. Onlar nə gündə yaşayırdılar?! Onlar vəhşi rəhbərləri tərəfindən dağıdılmış Ağdam, Füzuli, Şuşa, digər şəhərlər canlananda, o yerlər cənnətə çevriləndə görəcəklər ki, əlbəttə, harada yaşamaq rahat, təhlükəsiz və iqtisadi cəhətdən sərfəli olar”.
Yararsız vəziyyətdə olan mədəniyyət ocaqlarının təftişi aparılmalıdır
“Mədəni abidələrimizin, dini abidələrimizin
qorunması Mədəniyyət Nazirliyinin başlıca vəzifəsi
olacaq. Mənim təşəbbüsümlə bir çox
tarixi abidələr bərpa edilib. Ancaq bu gün dözülməz
vəziyyətdə olan kifayət qədər çox tarixi
abidələrimiz var. Hesab edirəm ki, Mədəniyyət
Nazirliyi yararsız vəziyyətdə olan bu mədəniyyət
ocaqlarının qısa müddət ərzində təftişini
aparmalıdır, siyahıya almalıdır, yeni siyahılar tərtib
etməlidir. Çünki vaxtilə dövlət tərəfindən
qorunan abidələrin siyahıları dəqiq tərtib
edilməmişdir. Orada qərəzli yanaşma var idi. Bəzi
binalar o siyahıdan çıxarılırdı ki, sonra onlar
satışa çıxarılsın. Belə hallar da var. Kifayət
qədər çox pozuntular var idi. Yəni, bu
siyahılarla bağlı aparılan manipulyasiyalar əlbəttə
ki, bizim mədəni irsimizə çox böyük zərbə
vurdu. Digər xoşagəlməz
halların, – əfsuslar olsun ki, Mədəniyyət Nazirliyində
kifayət qədər xoşagəlməz hallar mövcud idi,
– hamısı üzə çıxdı. Bu pozuntuları buraxan insanlar məsuliyyətə cəlb
olundular, o cümlədən cinayət məsuliyyətinə.
Ona görə siz bütün bu pozuntularla
bağlı ciddi mübarizə aparmalısınız. Mən
sizə bu barədə göstərişlərimi artıq
nazir müavini vəzifəsinə təyin edəndə
vermişdim...
Əlbəttə ki, dağıdılmış ərazilərdə
mədəni obyektlərin, mədəniyyət
ocaqlarının bərpası başlıca vəzifələrdən
biridir. Artıq operativ qərargaha bu məsələ ilə
bağlı göstəriş verildi. Siz də
orada təmsil olunursunuz. Ona görə
dağıdılmış bütün tarixi abidələrimiz,
mədəniyyət ocaqlarımız gərək siyahıya
alınsın. Onların əvvəlki
görüntüsü gərək təqdim edilsin. Onların bərpası, yaxud da ki, yenidən
qurulması onların ilkin, yəni, autentik simasını
pozmamalıdır. Ümumiyyətlə,
yarıdağılmış tarixi abidələrimizin bərpasında
çox həssas olmalıyıq. Ancaq biz
o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik”.
Şuşa
Azərbaycan mədəniyyətinin paytaxtı elan edilir
“Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin
paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir.
Hesab edirəm ki, nəinki Azərbaycanın,
bölgənin mədəni paytaxtı sayıla bilər.
Şuşanın mədəni həyatı zəngin
olmalıdır. Şuşanın bərpası ilə əlaqədar
işlərə artıq start verildi. Mənim
göstərişimlə böyük heyət oraya ezam edildi.
Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi
aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır
və biz Şuşa şəhərinin
restavrasiyasına başlamalıyıq. Ancaq yenə
də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən
Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”.
O cümlədən
Şuşada yerləşən məscidlərimiz əsaslı
şəkildə təmir edilməlidir, bərpa
olunmalıdır, onların öz siması
qaytarılmalıdır... Şuşa şəhərində
ermənilər bir məscidi guya təmir etdirmək istəyiblər.
O da, sadəcə olaraq, təbliğat xarakterli bir addım
idi. Çünki 60-dan çox məscidi
dağıtmısan, o cümlədən Zəngilan şəhərindəki
məscidi, – mən orada olarkən o məscidin önündə
Azərbaycan xalqıma sözlərimi dedim, o məscidin ancaq
bir neçə divarı qalıb, – bu necə olur ki, sən
Şuşada bir məscidi guya təmir etdirirsən? Sadəcə
olaraq, təbliğat üçün desin ki, bəli, biz
burada müsəlman dininə hörmət göstəririk. Ancaq əfsuslar olsun ki, Şuşadakı bu məscidin
təmirində xarici mütəxəssislər iştirak ediblər,
özü də bizdən icazəsiz. Necə ola bilər, Azərbaycan ərazisinə bizdən
icazəsiz gedəsən, bizim məscidimizi
işğalçı ermənilərlə birlikdə guya təmir
edəsən?! Bu, hansı beynəlxalq normalara
sığır? Hansı mənəvi
çərçivələrə sığır? Hansı şirkət, yaxud da ki, insanlar bunu özlərinə
rəva görə bilərlər? Bunlar
bizim tarixi abidələrimizdir, bizdən soruşun. Yoxsa,
özbaşına gedəsən başqa ölkənin zəbt
edilmiş, işğal olunmuş torpaqlarına, orada
özün üçün iş görəsən. Məscidin tarixi siması dəyişdirilib. Ona görə mən sizə tapşırıq verirəm,
o məscidin daxili tərtibatına yenidən baxmaq
lazımdır. O təmir bizə lazım deyil. Biz oranı yenidən təmir etdirəcəyik, ona
öz simasını qaytaracağıq. Ondan
sonra o açılacaq”.
Vaqif
poeziya günləri və “Xarı bülbül” festivalı bərpa
olunacaq
“Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir. Vaqif poeziya
günləri ənənəvi olaraq keçirilirdi. Yadımdadır, mən də atamla birlikdə Vaqif
poeziya günlərində olmuşam. Vaqifin
məqbərəsinin açılışında olmuşam,
o qarlı-şaxtalı havada. İndi Vaqifin
məqbərəsini görəndə adamın ürəyi
ağrıyır. Nə qədər vəhşilik ola bilər? Nə qədər qəddarlıq ola bilər? Özü də Azərbaycan
xalqı axı, sizə nə edib? Sizə
çörək verib. Azərbaycan
xalqı sizə nə edib ki, ürəyinizdə bu qədər
nifrət olsun? Şəhərləri
dağıdırsınız, insanları didərgin
salırsınız, tarixi abidələri
sökürsünüz, nə məqsəd
güdürsünüz? Elə hesab edirlər
ki, bizim yaddaşımızdan silinəcək bu vəhşilik?
Biz 44 gün müharibə apardıq, Ermənistanı
demək olar ki, tamamilə məğlub etdik. İstənilən
addım ata bilərdik, istənilən addım! Amma mən demişəm ki, biz mülki əhaliyə
qarşı vuruşmuruq. Biz tarixə
qarşı vuruşmuruq. Biz dini abidələrə
qarşı vuruşmuruq... Görün, onlar nə
ediblər? ...Mədəni soyqırımı törədiblər
bizə qarşı. Bütün dünya,
onların havadarları, dostları görməlidir. Onların sözləri ilə desək, müsəlman
əhatəsində olan sivilizasiyalı bir məkan kimi təqdim
etməyə çalışan və buna inanan xarici
havadarları, açın gözünüzü baxın, nə
ediblər onlar?! Vəhşidirlər.
Adam bunu etməz. Bu vəhşiliyə
son qoyulmalı idi və qoyuldu. Kimsə
bunlara dərs verməli idi, yoxsa yox?
Bütün qonşulara meydan oxuyurlar. Əsassız
iddialar irəli sürürlər, torpaq iddiası, ərazi
iddiası. Hər şeyi onlar
özününküləşdirmək istəyirlər.
Bizim musiqimizi oğurlayırlar. Gedin açın, onların öz musiqisi kimi təqdim
etdikləri musiqilərin böyük hissəsinin müəllifi
Üzeyir Hacıbəylidir və bizim digər bəstəkarlarımızdır.
Bizim mətbəximizi oğurlayırlar. Qonşu xalqların mətbəxini
oğurlayırlar. Tarixi abidələri
oğurlayırlar. Kilsələri başqa
xalqlardan, qonşu xalqlardan oğurlamağa
çalışırlar.
Bir daha deyirəm, Şuşada Vaqif poeziya günləri
bərpa edilməlidir, “Xarı bülbül” festivalı bərpa
olunmalıdır. İndi Şuşaya yeni yol çəkilir.
Düzdür, bu yol çox çətin relyefi
olan ərazidə çəkilir. Amma biz buna
nail olacağıq. Planlaşdırın, bu il bu iki tədbir Şuşa şəhərində
keçirilməlidir – “Xarı bülbül” festivalı və
Vaqif poeziya günləri...
Azad edilmiş torpaqlarda bütün mədəni obyektlərin
siyahısı hazırlanmalıdır. Onlar onsuz da
var idi, amma indi onlara yerində baxmalıyıq, onların vəziyyətinə
baxmalıyıq ki, onları sonra bərpa edək. Ancaq, ilk növbədə, əlbəttə ki,
onların təftişi, kvalifikasiyası aparılmalı və
beynəlxalq şirkətləri dəvət etməklə
onların bütün siyahısı tərtib edilməlidir.
Deyə bilərəm ki, azad edilmiş torpaqlarda
bütövlükdə dağıntılar siyahıya
alınır. Bu dağıntıları
törədənlərə qarşı biz hüquqi müstəvidə
öz addımlarımızı atacağıq”.
“UNESCO ilə
bundan sonra da əməkdaşlıq etməyə
hazırıq, ancaq bir şərtlə...”
“Mən bir məsələyə də toxunmaq istəyirəm. Siz uzun illər
Azərbaycanı UNESCO-da təmsil etmisiniz. UNESCO-Azərbaycan əlaqələri haqqında kifayət
qədər məlumatlısınız. Bu
əlaqələrin inkişafı üçün öz səylərinizi
göstərmisiniz. Sizi nazir müavini və
indi nazir vəzifəsinə təyin etmək, eyni zamanda, əldə
etdiyiniz təcrübəyə də əsaslanır. Yəni, UNESCO ilə bizim çox məhsuldar, səmimi
münasibətlərimiz var və ümid edirəm ki, bu
münasibətlər qorunacaq. Üç
baş katiblə mənim görüşlərim olub. İndiki baş katib Bakıda olarkən bir dəfə
görüşmüşəm, amma ondan əvvəlki iki
baş katiblə mənim bir çox görüşlərim
olub. Onlar dəfələrlə Azərbaycanda
olublar. UNESCO-Azərbaycan əlaqələrinin
inkişafında onların böyük rolu var. Ona görə
UNESCO-da Azərbaycanın dünya mədəni irsinə
verdiyi töhfələr haqqında kifayət qədər
geniş məlumat var. Biz təkcə Azərbaycanda yox, bəzi
ölkələrdə müxtəlif layihələr icra
etmişik. O cümlədən həm müsəlman, həm
xristian dini abidələrinin bərpasında fəal rol
oynamışıq. Azərbaycanda multikultural cəmiyyətin
nümunəsi bir çox ölkələr üçün
örnək olmalıdır. Bunu mən demirəm,
bunu dünya dini liderləri deyirlər. Bakıda
səfərdə olan Roma Papası Fransiskin bəyanatlarına
fikir versinlər. İslam Əməkdaşlıq
Təşkilatının rəhbərlərinin bəyanatlarına
fikir versinlər. Bakıda dəfələrlə
səfərdə olan digər dini liderlərin, yəhudi, katolik,
pravoslav, müsəlman dini rəhbərlərinin
çıxışlarına baxsınlar.
Kim bizi ittiham edə bilər ki, Azərbaycanda başqa
dinlərin abidələri təhlükə altındadır? Naşı
siyasətçilər, populistlər, bizim bölgəmizdən
xəbəri olmayan, ancaq erməni lobbisinin sifarişini yerinə
yetirən, ya da ona çalışan bəzi
dırnaqarası siyasətçilər bizə hansısa irad
tuta bilərlər. Bu iradların əsası
varmı? Yoxdur. Mənim
sözümü sübut edən bizim bax, bir neçə
cildlik işlərimizdir. Getsinlər
baxsınlar, ermənilər müsəlman abidələrini nə
günə qoyublar?! Niyə 30 il ərzində
bu məsələ ilə bağlı UNESCO məsələ
qaldırmayıb? Biz dəfələrlə
müraciət etmişik, dəfələrlə. Bu müraciətlər məktublar formasında sənədləşdirilib.
İki il əvvəl UNESCO-nun yeni rəhbərliyinə
də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gəlsin,
baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi?
Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı?
Dedilər ki, biz məsələni siyasiləşdirmək
istəmirik. Yaxşı, iki il bundan əvvəl
məsələni siz siyasiləşdirmək istəmirdiniz, bəs
indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqli
bir cavab. Cavab yoxdur. Zəngilanda
mən onlara müraciət etdim. Dedim açın
gözünüzü baxın nə günə salıblar
ermənilər bizim məscidimizi. Bir reaksiya gəldimi
oradan? Yox! Budur ermənilərin
dağıtdığı. Yaxşı
biz nəyi dağıtmışıq? Biz
nə etmişik? Ancaq təmir etmişik,
qorumuşuq. Ona görə, bilirsiniz, biz
belə əsassız yanaşmanı, sadəcə olaraq, diqqətsiz
qoya bilmərik.
Biz UNESCO ilə bundan sonra da əməkdaşlıq etməyə
hazırıq.
Ancaq bir şərtlə ki, UNESCO öz beynəlxalq
statusunu saxlasın. UNESCO hər hansı
bir ölkənin filialı deyil. Əgər
bu yanaşma bizim münasibətlərimizdə
üstünlük təşkil edərsə, əməkdaşlıq
olacaq. Əgər yox, olmayacaqsa, bu əməkdaşlığa
yenidən baxmaq olar. Hər halda bizim niyyətimiz
təmizdir. İkili standartlardan,
islamofobiyadan, ayrı-seçkilikdən azad olan münasibətlər
olmalıdır.
Onu da bildirməliyəm ki, bizim dəvətimizlə
yanvar ayında İCESCO-nun missiyası Azərbaycana gələcək
və burada görüşlər olacaq. Mən hesab
edirəm ki, onlar azad edilmiş torpaqlara da getməlidirlər.
Ondan sonra ekspertlər qrupu gəlməlidir.
Müsəlman abidələrinin ermənilər
tərəfindən dağıdılması ilə
bağlı onlar missiya həyata keçirməlidirlər və
öz hesabatlarında bunu əks etdirməlidirlər”.
“Mədəni
həyatımızı daha da zənginləşdirməliyik”
“Bizim zəngin mədəni həyatımız var. Amma
biz mədəni həyatımızı daha da zənginləşdirməliyik. Ümid edirəm ki, bu il peyvənd tətbiq olunandan sonra pandemiya
artıq yavaş-yavaş yoxa çıxacaq. Biz
də yaxın günlərdə peyvəndi gözləyirik və
ondan sonra normal həyat bərpa ediləcək. Bizim mədəni həyatımız çox zəngin
olmalıdır, müsabiqələr, festivallar keçirilməlidir.
Biz həm Azərbaycan mədəniyyətini
dünyada təbliğ etməliyik, həm də xarici
qonaqları bundan sonra da dəvət etməliyik.
Beləliklə,
mədəni irsimizin qorunması, saxlanması, Azərbaycan mədəniyyətinin
dünyada təbliği, gənc nəslin Azərbaycan mədəniyyətindən,
mədəni irsindən xəbərdar olması və gənclərimizin
milli ruhda tərbiyəsi işində Mədəniyyət
Nazirliyinin rolunun yenidən
formalaşdırılmasıdır. İstedadlı mədəniyyət
xadimlərinin mükafatlandırılması və onlara
dövlət tərəfindən verilən dəstək, gənc
nəslin yetişdirilməsi, tarixi abidələrimizin
qorunması, nazirliyin ənənəvi funksiyalarının
davam etdirilməsi və indi əlbəttə ki, azad
edilmiş torpaqlarda görüləcək işlər Mədəniyyət
Nazirliyinin əsas vəzifələrindən biri
olmalıdır. Əminəm ki, siz bu vəzifənin
öhdəsindən gələcəksiniz. Sizə uğurlar arzulayıram. Əminəm
ki, bu yüksək etimadı siz öz işinizlə
doğruldacaqsınız”.
***
Anar Kərimov
çıxışında ölkəmizin mədəniyyət
ictimaiyyəti adından Azərbaycan Prezidentini müzəffər
Ordumuzun Ali Baş Komandanı olaraq Vətən müharibəsində
əldə etdiyimiz tarixi Qələbə münasibətilə
təbrik edib: “Məhz Sizin qətiyyətli mövqeyiniz və
siyasi iradəniz nəticəsində Azərbaycan nəinki
öz ərazi bütövlüyünü bərpa etdi, eyni
zamanda, Azərbaycan öz milli qürurunu və öz inamını
bərpa etdi. Bu Qələbə nəticəsində Sizin elan etdiyiniz Qarabağımıza
“Böyük qayıdış” proqramında mədəniyyətimizə,
Mədəniyyət Nazirliyinə verdiyiniz bu xüsusi önəmə
görə Sizə çox təşəkkürümü
bildirmək istərdim”.
Mədəniyyət
naziri daha sonra deyib: “Milli musiqimizin, mədəniyyətimizin
beşiyi olan Şuşanın azad edildiyi gün Sizin söylədiyiniz
“Şuşa sən azadsan!” sözləriniz həm Azərbaycan
xalqı, həm də mədəniyyət ictimaiyyətimiz
üçün qürur mənbəyi oldu. Məhz
belə bir tarixi zamanda mənə bu yüksək etimadı göstərməyiniz
mənim üçün böyük bir şərəf və
eyni zamanda, böyük bir məsuliyyətdir, möhtərəm
cənab Prezident. Dediyiniz kimi, mən mədəniyyətimizi
canlandırmaq və eyni zamanda, Qarabağımıza qaytarmaq
üçün var gücümlə
çalışacağam.
Sizin və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanımın mədəniyyətimizin inkişafına göstərdiyiniz qayğı və diqqət hər birimiz üçün örnəkdir. Bu, bizim gələcək fəaliyyətimizdə də iş prinsipimiz olacaq.
Qürur hissi ilə deyirəm ki, UNESCO-da çalışdığım illərdə də Sizin mədəniyyətimizin inkişafına dəstəyinizin şahidi olmuşam. Mədəniyyət nazirinin müavini vəzifəsinə təyin olunandan sonra Sizin ilk tapşırıqlarınıza uyğun olaraq mədəniyyət sektorunda islahatların aparılması məqsədilə genişmiqyaslı və sistemli bir prosesə başlamışıq. Bu islahat prosesinin əsas dörd istiqamətini Sizin diqqətinizə çatdırmaq istərdim. Birincisi, şəffaf və səmərəli idarəçiliyin qurulması, insan resurslarının gücləndirilməsi, Mədəniyyət Nazirliyi olaraq məzmunun zənginləşdirilməsi və iqtisadi modellərin tətbiq edilməsi. Sizin bu gün də mədəniyyətimizlə bağlı söylədiyiniz dəyərli fikirlərinizi və göstərdiyiniz istiqamətləri rəhbər tutaraq islahat prosesində onların hamısını tətbiq edəcəyik.
Beynəlxalq səviyyədə əməkdaşlığa gəldikdə, təbii ki, Sizin rəhbərliyinizlə biz ümdə məqsədimiz olan ərazi bütövlüyümüzün qorunub saxlanılması, suverenliyimizə hörmət edilməsi, bu məsələlərə ədalətli və qərəzsiz yanaşılması beynəlxalq təşkilatlardan tələb olunacaq.
Möhtərəm cənab Prezident, Sizi bir daha əmin edirəm ki, verdiyiniz tapşırıqları və üzərimə düşən məsuliyyəti dərk edərək onları şərəf və vicdanla yerinə yetirəcəyəm. Etimadınıza görə bir daha təşəkkür edirəm. Çox sağ olun”.
Mədəniyyət.- 2021.- 8
yanvar.- S.1;3.