Xudavəng monastırında Milad bayramı

 

Alban-udi dini icması ilk dəfə müqəddəs bayramı əcdadlarının inşa etdiyi kilsədə qeyd edib

 

Alban (Qafqaz) Apostol Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri yanvarın 8-də Ermənistan işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksində İsa peyğəmbərin mövludu gününüMilad bayramını qeyd ediblər.

 

Qeyd edək ki, bu, Alban-udi dini icma nümayəndələrinin məbədə ikinci ziyarəti idi. Onlar ilk dəfə ötən il dekabrın 4-də Xudavəng monastır kompleksini ziyarət etmişdilər.

 

Dağların qoynunda yerləşən məbəd əzəmətli görünüşü ilə diqqəti ilk baxışdan özünə cəlb edir. Buradakı tikililər, daş abidələr kompleksin qədim tarixindən xəbər verir. Otuz il düşmən əsarətində qalan bu tarixi abidə nəhayət, öz sahiblərinə qaytarılıb.

 

İcma nümayəndələri məbəd kompleksinə aid kilsədə ayinlər icra edib, bayram duaları oxuyub, şamlar yandırıblar.

 

Bu məbəddə öz ayinlərini icra etmək Alban-udi icması üçün böyük əhəmiyyətə malik hadisədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, bizim udi qardaşlarımıza qaytarılıb: Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər”.

 

Anım mərasimi başa çatdıqdan sonra jurnalistlərə açıqlama verən Alban-udi xristian dini icmasının sədr müavini Rafiq Danakari Milad bayramının mahiyyətindən danışıb, torpaqlarımız düşməndən azad olunduqdan sonra bu bayramı Xudavəng monastırında ilk dəfə qeyd etmələrindən məmnunluğunu bildirib. O, həmçinin Azərbaycanda etiqad azadlığının təmin olunmasından, milli azlıqlar üçün yaradılan şəraitdən, dövlətin onlara diqqət və qayğısından söz açıb.

 

Xudavəng məbədinin həm tarixən, həm də memarlıq üslubu baxımından Alban Apostol Kilsəsinə məxsus olduğunu söyləyən icma sədrinin müavini ermənilərin qədim monastırda etdikləri saxtakarlıqların açıq şəkildə gözə çarpdığını deyib:Bu, monastırın giriş qapısındakı erməni xaçkarlarında və daxildəki bir çox müasir xaç elementlərində özünü büruzə verir. Uzun müddətdir düşmən tapdağında olan torpaqlarımız şükürlər olsun ki, azad edildi. Buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkürümüzü bildiririk. Həm də ona görə təşəkkür edirik ki, Qarabağda yerləşən tarixi-memarlıq abidələrini, bu monastırı öz sahiblərinə qaytardı”.

 

İcma nümayəndələrinin yanvarın 7-də Qəbələnin Nic qəsəbəsində də Milad bayramını qeyd etdiklərini diqqətə çatdıran Rafiq Danakari Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün bərabər şəraitin yaradıldığını, ölkəmizdə bütün dini məbədlərin əsaslı şəkildə təmir olunduğunu söyləyib. O, Vətən müharibəsi dövründə Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana alban kilsəsinin Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpasının buna daha bir əyani sübut olduğunu vurğulayıb.

 

Xatırladaq ki, XII əsrdə yaşamış alban tarixçisi Mxitar Qoş Xudavəng monastırının əsasının eramızın ilk əsrlərində missionerlərin Qafqaz Albaniyasına xristianlığı yaymağa başladığı dövrdə qoyulduğunu qeyd edir. Məlumatlara görə, daha sonra kompleksin ən erkən tikilisibazilika İsa Məsihin həvarisi müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş Dadinin məzarı üzərində VIII əsrdə inşa edilib.

 

Xudavəng monastır kompleksi tarixin daşlaşmış yaddaşıdır. Saxtakar ermənilər nə qədər çalışsalar da, tarixin buradakı izlərini silə bilməyiblər.

 

 

Mədəniyyət.- 2021.- 13 yanvar.- S.1;4.