Kitabxanalar Vətən müharibəsinin şəhid və qazilərini tanıdır

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS)  M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Vətən müharibəsinin qəhrəmanlarını tanıtmaq məqsədilə “Tarix yazan igidlərimiz” layihəsini davam etdirir. Kitabxananın İnformasiya-resurs şöbəsi düşmən qüvvələrini məhv edərək şəhidlik zirvəsinə ucalan Şahin Hüseynli haqqında məlumat xarakterli videoçarx hazılayıb.

 

Videoçarxda Beyləqan rayonundan olan şəhidin ailəsi tərəfindən kitabxanaya təqdim edilən videogörüntülər də yer alıb. Şəhid Şahin Hüseynli haqqında anası Tərgül xanımın və qardaşı Babək Hüseynlinin xatirələri də diqqətə çatdırılır.

 

Qeyd edək ki, Şahin Hüseynli Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Şəhid qardaşının yolunu davam etdirərək onun qisasını alan qazi qardaşı Pərviz Hüseynli isə Vətən müharibəsində göstərdiyi igidliyinə görə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallarına layiq  görülüb.

 

***

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon MKS Vətən müharibəsinin iştirakçısı qazi Kənan Kərimli ilə onlayn görüş keçirib.

 

Kənan Kərimli görüşdə iştirak etdiyi döyüş əməliyyatlarından bəhs edib. O, sağ ayağını itirməsinə və bədənində çoxlu sayda qəlpələr olmasına baxmayaraq, düşmənə qarşı son nəfəsinə qədər döyüşüb. Kənan sağ qaldığı üçün tabor komandiri, kapitan Zamir Zülfüqarova özünü borclu hesab etdiyini bildirib. Əsgərin mərmi atəşindən yaralandığını görən tabor komandiri özünü Kənanın üzərinə ataraq onu növbəti mərmidən xilas edib və hərbi hospitala çatdırıb.

 

Kənan Kərimli 1997-ci ildə İsmayıllı rayonunun Aşağıbaş kəndində dünyaya göz açıb. 2020-ci ilin mayında həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı rabitəçi kursu keçib. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə rabitəçi kimi xidmətini davam etdirib.

 

Vətən müharibəsinin qazisiFüzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Mədəniyyət.- 2021.- 13 yanvar.- S.3.