“İnşallah, gələrsiniz
bu torpaqlara...”
Lənkəranın ucqar dağ kəndi olan Gəgirandan Vətən müharibəsində iştirak etmək üçün cəbhəyə yollanan 48 gəncdən 8-i şəhid olub. Qırx dörd gün davam edən haqq savaşımızda son nəfəsinədək döyüşən şəhid igidlərimizdən biri də Nuruzadə Qalib Habil oğludur.
1986-cı il iyunun 10-da Gəgiran kəndində dünyaya göz açan Qalib həqiqi hərbi xidmətini 2014-2016-cı illərdə Tərtərdə keçib. Ötən ilin 27 sentyabrında Vətən müharibəsi başlayan ilk gündən Füzuli, Zəngilan və Şuşa istiqamətlərində şiddətli döyüşlərdə qəhrəmancasına vuruşub.
Şəhidin atası Habil Nuriyev deyir ki, oğlu hər dəfə onunla danışanda Qarabağı qarış-qarış azad etdiklərini bildirirdi: “Hər dəfə danışanda deyirdi ki, inşallah, anamı da götürüb gələrsən bu torpaqlara. Mütləq gəlib buraları görməlisən”.
Daşaltı kəndi uğrunda gedən döyüşlərdə şəhid olan Qalib Nuruzadə ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
İndi ailənin yeganə arzusu Qalibin vəsiyyətini yerinə yetirib, işğaldan azad olunmuş torpaqlara birlikdə gedib, oğlunun ruhunu şad etməkdir.
Mədəniyyət.- 2021.- 13 yanvar.- S.6.