Qurama tikməsi üzərində “Leyli və Məcnun”un ilk
tamaşasının proqramı
Yanvarın 12-də müsəlman Şərqinin ilk operası olan “Leyli və Məcnun”un premyerasının 113 ili tamam oldu. Dahi Üzeyir Hacıbəylinin yazdığı operanın ilk tamaşası 1908-ci ilin 12 yanvarında (yeni təqvimlə 25 yanvar) Bakıda Tağıyev teatrında gerçəkləşib.
“Leyli və Məcnun” operası ilə Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılıb. Bu əlamətdar hadisə o dövrə aid bir sıra muzey eksponatlarında yaşayır.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bərpa edilən qurama texnikalı tikmənin üzərində aşkarlanan yazılar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasının proqram-afişasını əks etdirir.
2011-ci ildə Milli
Azərbaycan Tarixi Muzeyindən Elmi Bərpa Mərkəzinə daxil olan qurama
texnikalı tikmənin bərpası zamanı onun
demontaj edilmiş bir hissəsində ipək parçanın
üzərində həm əski əlifba, həm də
köhnə kiril əlifbası ilə olan yazılar aşkarlanıb. Bu yazılar
1908-ci il yanvarın 12-də “Nicat” Maarif Cəmiyyəti
tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu
və müəllifin nəzarəti ilə müsəlman səhnəsində
ilk dəfə olaraq Üzeyir Hacıbəylinin “Leyli
və Məcnun” operasının ilk
tamaşasının proqram-afişasını əks etdirirdi. Proqram-afişanın üzərində
ilk tamaşada
rolları ifa edən aktyorların adı,
rejissorun adı və s.
ilə yanaşı, yanvarın 14-də oynanılacaq növbəti
tamaşanın anonsunu əks etdirən
yazılar da var idi.
Mədəniyyət.- 2021.- 13
yanvar.- S.3.